İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Rahib Məmmədov adına muzeyin rəhbəri Sahib Məmmədovla görüşüb

1116 25.05.2022 11:23 Mədəniyyət A A

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Rahib Məmmədov adına muzeyin rəhbəri Sahib Məmmədovla görüşüb.

Musavat.com xəbər verir ki, Sahib Məmmədov qardaşının – hələ 19 yaşındaykən, keçmiş SSRİ-nin yüksək “Qırmızı Ulduz” ordeni ilə təltif olunmuş fədakar azərbaycanlının adını daşıyan muzeyin, Ağdamın işğalı illərində də öz fəaliyyətini dayandırmadığı, qaçqın muzey statusu ilə olsa da, tamaşaçıların üzünə açıq olduğu vurğulayıb.

Komitə sədri Rahib Məmmədovun doğma kəndi Mahrızlının, Ağdam rayonunun, digər şəhər və kəndlərimizin düşmən işğalından azad olunduğunu qürur hissi ilə qeyd edib: “19 yaşındaykən Azərbaycan, Gürcüstan və bütövlükdə keçmiş SSRİ miqyasında adı məşhurlaşan fədakar Azərbaycan gəncinin ruhu şaddır. Onun doğulduğu Mahrızlı, oxuduğu məktəb və muzeyi yenidən qurulacaq, işıqlı xatirəsi heç vaxt unudulmayacaqdır.

Bu ilin fevralında həlak olmasının 35-ci, avqustun 25-də isə anadan olmasının 55-ci ildönümü qeyd olunacaq Rahib Məmmədovun fədakarlığı, hərbi xidmət vaxtı göstərdiyi şücaət, xalqımıza xas qədirşünaslıqla xatırlanır. O, sülh dövründə keçmiş SSRİ-nin yüksək “Qırmızı Ulduz” Ordeni ilə təltif olunmuş azsaylı və ən gənc insanlardandı.

İnanıram ki, Rahib Məmmədovun xatirə muzeyi yenidən qurulmuş ekspoziyası, muzeyə daxil olmuş yeni eksponatlarla bundan sonra daha da zənginləşəcəkdir.

Bu muzeyin fəaliyyəti, Rahib Məmmədovun yubileyinin qeyd olunması həm də Azərbaycan-Gürcüstan qonşuluq və dostluq bağlarının möhkəmlənməsi üçün xüsusi önəm daşımaqdadır. O, öz fədakarlığı ilə gürcü xalqının qəlbində undulmaz bir yer qazanmışdır. Çox şadıq ki, qonşu ölkədə - Rahibin həlak olduğu Xobi rayonunun Çaladidi kəndində büstü qoyulub, xatirəsinə abidə kompleks yaradılıb. “1987-ci ildə baş vermiş sel daşqınları zamanı onlarla insanı həyatı bahasına xilas etmiş azərbaycanlı əsgər Rahib Məmmədovun işıqlı xatirəsinə minnətdarlıq duyğusu ilə” – Abidə kompleksini süsləyən bu sözlər Rahib Məmmədovun igidliyini bugünkü nəsillərə aşılamaqda, anlatmaqdadır. Ruhu şad olsun!”

Qeyd edək ki, Rahib Gülmalı oğlu Məmmədov (25.08.1967, Mahrızlı, Ağdam – 02.02.1987, Gürcüstan) – 1984-cü ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra, Ağdam şəhərində yerləşən Kənd Təsəruffatının Elektrikləşdirilməsi və Mexanik­ləşdiril­məsi Texnikumuna daxil olub. Texnikumda bir illik təhsildən sonra, 1985-ci ilin noyabr ayında hərbi xidmətə çağrılıb. Hərbi xidmətini Gürcustanın Batumi şəhəri yaxınlığındakı Xeliçavuri qəsəbəsində yerləşən hərbi hissədə keçib.

O, 19 yaşındaykən, Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq və qəhrəmanlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. Ölümündən sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 iyul 1987-ci il tarixli Fərmanı ilə o, “Qırmızı Ulduz” ordeni ilə təltif edilib.

Çaladidi və ətraf bölgələrin sakinləri hələ də 1987-ci ildə baş verən fəlakət zamanı azərbaycanlı əsgər Rahib Məmmədovun qəhrəmanlığından danışır, onun xatirəsini əziz tutur. Rahib Məmmədov həlak olan gün kənddə doğulmuş oğlan uşağının qəhrəmanın şərəfinə Rahib (R.Çanturiya) adlandırılması təsadüfi deyildir.

Bakının Xətai rayonunun Əhmədli yaşayış massivində Rahib Məmmədov adına küçə var.

1997-ci ildə Rahib Məmmədovun xatirəsinə Qardabani rayonu­nda beynəlxalq boks turniri keçirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR