İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənimət Zahidin 12 aprel aksiyası fikir ayrılığı yaratdı

1167 31.03.2013 09:33 Siyasət A A
Aksiya ilə bağlı çağırış qrupu “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid tərəfindən yaradılıb. Q.Zahid hökuməti aksiyalarda iştirak edən gənclərin həbsinə və digər ittihamlarla həbs edilən müxalifət nümayəndələrinə qarşı repressiyaya son qoymağa çağırıb. Aprelin 12-si hakimiyyətin gənclərə qarşı repressiyalarına son qoyulmasını tələb edənlərin həmrəylik günü kimi qeyd edilib.
Müsavat Gənclər Təşkilatının bu aksiyaya münasibəti fərqlidir. Partiya başqanının gənclər üzrə müşaviri Rüfət Hacıbəyli hesab edir ki, belə ciddi məsələlər virtualda çağırış səhifəsi yaratmaqla həll olunmur: “Bizə deyilməmiş və bizimlə məsləhət olunmamış aksiyalarda iştirak etmirik. Müsavat Gənclər Təşkilatı partiya strukturudur və təsadüfi, müzakirə olunmamış, planlaşdırılmamış hərəkətlər etmirik”.
AXCP gənclər komitəsinin rəhbəri Əbülfəz Qurbanlı isə “Yeni Müsavat”a bildirdi ki, hələlik ilkin mərhələdir, müzakirələr gedir və aksiya təklifini dəstəkləyirlər: “Gəncliklə bağlı böyük sıxıntılar var. AXCP-nin 2, NİDA-nın 4 üzvü həbsdədir. Tələbələr universitetlərdə təqib olunur, gənclərə təzyiq var. Bu baxımdan Qənimət bəyin təklifi müsbətdir və önəmli aksiyadır. Digər gənclər təşkilatları ilə müzakirə aparmalıyıq ki, hamı iştirak etsin. Gənclər olaraq həmişə insanların haqlarını müdafiə etmişik. Bu dəfə öz hüquqlarımızın müdafiəsinə qalxacağıq. Çünki gəncliyə qarşı bir repressiya maşını işə salınıb və hakimiyyətin ən çox təhlükə gördüyü bu təbəqədir”.
İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü Vidadi Mirkamal da açıqlamasında bildirdi ki, bütün sivil və insan haqları uğrunda keçirilən aksiyalara dəstək verməyə hazırdırlar: “Hər halda aprelin 12-də keçirilməsi nəzərdə tutulan aksiyaya da əvvəlcədən İP KŞ-nin rəsmi münasibəti olacaq”.
YAP-çı deputat Yevda Abramov isə aksiyanın planlaşdırılmasını tənqid edib. O, publika.az-a deyib ki, indi Azərbaycan oturuşmuş güclü dövlətdir və bu cür aksiyalarla Azərbaycan dövlətinə heç nə etmək mümkün deyil.
Onun sözlərinə görə, indi Azərbaycanda ictimai narazılıq mövcud deyil, ölkədə inqilabi dəyişiklik üçün də heç bir əsas yoxdur. Y.Abramov qeyd edib ki, onlar indiyədək keçirdikləri aksiyalarda heç nə əldə edə bilməyiblər və bütün aksiyaları əvvəlkilər kimi boşa çıxacaq.
Onun fikrincə, bir sıra gənclər aldadılaraq müəyyən yerlərə toplanılır: “Yəqin ki, hər dəfə olduğu kimi, bu dəfə də 5-6 adam bir yerə toplanılacaq, bir az hay-küy salınacaq, polis tərəfindən qovulacaq və sonra isə müxalifət bunu dünyaya car çəkəcək...”
Xatırladaq ki, bu günə kimi gənclər facebook vasitəsi ilə bir neçə aksiya təşkil edib. Gənclər daha çox əsgər qətllərinə etiraz olaraq küçələrə axışıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR