- Ankaradan sonra Bakı həyatı necədir?
- Bakı ümumiyyətlə, hər zaman həyatın prioritetidir. Bakının alternativi heç vaxt və heç yerdə yoxdur. İnanmıram ki, bundan sonra olacaq. Mənimçün Bakını əvəzləmək deyə bir düşüncə yoxdur. Azərbaycan üçün fəaliyyət göstərərkən Azərbaycandan kənara çıxmaq olar, amma başqa bir ölkədə həyat planlaşdırmaq deyə bir şey yoxdur. Çünki biz bütün işlərimizi məhz Azərbaycanda yaşamaq, hər işimizin Azərbaycana faydası olması üçün planlaşdırmışıq. Mənimçün Ankara həyatı ezamiyyət idi. O iş başa çatdı, mən qayıtdım. Bundan sonra da əgər belə bir şeylər olsa, mənim son mənzilim yenə də Azərbaycandır. Yeri gəlmişkən deyim ki, “Azərbycan saatı”nın artıq bir yaşı tamam olur və bu işdə əməyi sonsuz olan Qənimət Zahidi, Aydın Taşı, Vahid Azəri təbrik edirəm. Bu proqram adını çəkdiyim insanların yüksək fədakarlıqları sayəsində yaşaya bilib.
- Bilməyənlər üçün... Niyə qayıtdız?
- “Azərbaycan saatı”ındakı fəaliyyətim redaktor və spiker kimi davam edir. Əslində bu verilişin iştirakçılarını çoxaldırıq. Azərbaycanın bir efir məkanı var və sanki bu efir məkanındakı insanların gözü və qəlbi möhürlənib. Bizim düşüncəmizdə olan alternativ mediaya çevrilə bilmirlər. Ona görə də biz məcburuq ki, öz sənayemizi yaradaq, öz spikerlərimizi, təqdimatçılarımızı, jurnalistlərimizi yetişdirək. Bəs niyə qayıtdım? Mən Xarici İşlər Nazirliyini məhkəməyə vermişəm. Çünki onlar mənə Türkiyədə fəaliyyət göstərməyim üçün təqdimat məktubu vermirdilər. O məktub olmadığı üçün mənim orda qalmağım problemə çevrildi. Mən üçüncü ölkəni seçmədim. Mənimçün prioritet o idi ki, mən işimi harda davam etdirə bilərəm? Ya Ankara ola bilərdi, ya da hadisələrin baş verdiyi Azərbaycan. Mən də burdakı minlərlə həmfikirimin yanına qayıtdım və indi fəaliyyətimi burdan davam etdirirəm. Təbii ki, bu ərəfədə təzyiqlər də səngimədi. Bura qədər olanlar da, bundan sonra olacaqlar da firavan Azərbaycan üçündür. Enerjimin çatdığı qədər davam edəcəm.
- Üçüncü ölkə variantı gündəmdə var idimi? Yəni, belə bir sətiraltı təklif gəlmişdimi sizə?
- Hakimiyyət o qədər açıq oynayır ki, prosesin özü gülməli xarakteri alır. Üçüncü ölkə variantı var idi, amma perspektivi yox idi. Bu günə qədərki fəaliyyətimdə və məruz qaldığım təqib-təzyiqlər zamanı mənimlə bu məsələni müzakirə etməyə cəhd ediblər. Ən müxtəlif qruplar edib bunu. İmkanlar, təkliflər var idi, amma perspektiv yox idi. Çünki mən heç vaxt bu barədə düşünməmişəm. Mənim fikimcə, azərbaycanlılar Azərbaycan üçün bu ölkədə fəaliyyət göstərməlidirlər. Biz həm yaşamağımız, həm mübarizəmiz, həm də ölümümüzlə insanlara nümunə olmalıyıq ki, onlar da bu mübarizəyə inansın.
- Bəs “Azərbaycan saatı” hədəflədiyi tamaşaçı auditoriyasına çata bildimi? Məqsədinə az da olsa nail ola bildi? Elə təəssürat var ki, bu veriliş müəyyən qədər dar bir çevrəni əhatə edir. Əslində mənzərə necədir?
- “Azərbaycan saatı” proqramını boğulmaqda olan bir adamın - əgər Azərbaycan toplumunu bu adam kimi təsəvvür etsək - son nəfəsdəki çabalaması, dirilməsi kimi qiymətləndirmək olar. Bu proqram sosial infarktın, tıxanmanın son anında ortaya çıxdı. Hakimiyyətin media siyasəti insanları o həddə çatdırmışdı ki, qonşu kənddəki iki adamın bir-birindən xəbəri olmurdu. Düzdü, sosial şəbəkələr bu problemi həll edirdi, amma bu, Bakı üçün keçərli idi. Amma bu gün əminliklə deyə bilərəm ki, at yolu olmayan ucqar dağ kəndində yaşayanların Azərbaycanın problemlərindən xəbəri var ki, bu da “Azərbaycan saatı”nın sayəsindədir. Bu, mənim qənaətim deyil. Ayrı-ayrı ictimai fəalların təəssüratlarıdır. Məsələn, bu yaxınlarda İsmayıllı məhbusunun ailəsi ona yardım üçün yığılan pulu “Azərbaycan saatı”na vermişdi. Bu, yeganə nümunə deyil. İnsanlar imkanları çatanı kömək edirlər. Bəs niyə vəziyyət düzəlmir? Çünki bizim istinad etdiyimiz də o sadə insanlardır. Biz onların köməyi ilə davam edirik. Əminliklə deyirəm ki, davam edəcəyik. Bu təqdimatı başlayarkən belə qurmuşduq ki, Azərbaycanda iqtidarlı-müxalifətli hamının tribunası olmalıdır. Əgər bu gün bizim efirdə iqtidar adamları görünmürsə, bunun səbəbi odur ki, onlar bizim efirə gəlmək istəmirlər. Bizimçün auditouiya baxımdan kəmiyyət məsələsi həll olunub. Azərbaycanda insanların bizdən xəbəri var. İndi keyfiyyət üzərində işimizi qururuq ki, bu veriliş təkcə insanların informasiya təminatını ödəməsin. Eyni zamanda insanlara alternativləri təqdim etməyə başlayacağıq ki, alternativ analitik mərkəzə çevrilsin.
- Belə bir verilişi yayımlamaq o qədər də məsrəfsiz iş sayılmır. Bu barədə daha öncə bir neçə dəfə Qənimət Zahidlə danışmışıq. Ona görə də məsələnin maddi tərəflərinə toxunmaq istərdik. Məsələn, Ankara həyatınız necə idi, necə yaşayırdız orda? Sıxıntılarınız, çatışmazlıqlarınız...
- Azərbaycandan qonaqlarımız çox olurdu. Bir dəfə ən maraqlı anlarımızın birində “Yeni Müsvat”ın baş redaktoru Rauf Arifoğlu və Müsavat başqanı İsa Qəmbər bizim qonağımız oldu. Daha dəqiq desəm, mənim yaşadığım və studiyamızın da yerləşdiyi otaqda. Hamısı bir yerdə idi. Onlar o mənzərəni gördülər. Amma bu mübarizə üçün o sıxıntılara dəyər. Məsələn, bizim elə anlarımız olub ki, proqram hazırlanıb, amma sabah efir olmaya bilər. Qənimət Zahid efirin ola bilməməsi ehtimalına, həyəcanına görə bir sutka yarım yemək yeməyib. Mən onun həmin günlərini xatırlayıram. Amma bir tərəfdən bağlanan qapı o biri tərəfdən açılıb. Bu, insan üstü çabalar olub. Hətta sonuncu müzakirələrdən birində Qənimət bəy dedi ki, kimsə bu layihəni davam etdirmək istəyirsə, mən bu layihəni ona verə bilərəm. Təki layihə dayanmasın.
- Eviniz eyni zamanda studiyanız idi. Yəqin ki, bu da Azərbaycan mediası üçün ilk belə nümunədir. Bəs bir jurnalistin yaşaması üçün standartlarınız normal qaydada idi? Məsələn, nələrdən keçirdiz?
- Deyim ki, nələrdən keçmirdim. Başlıca olaraq kitab almaqdan keçmirdim, ən son puluma belə kitab alırdım. Amma onun xaricində çox şeydən keçirdim. Günlərlə normal qidalanma imkanımız olmayıb. “Azadlıq” qəzetindən göndərilən maaşım ləngiyib. Qəzetə olan təzyiqlər bizə də təsirsiz ötüşməyib. Biz Kanal Avropadan çıxanda başqa bir telekanalda studiya kirayələdik. Təxminən bir saatlıq çəkiliş bizə 300 dollara başa gəldi. Biz həmin vaxta qədər ordakı bazarın vəziyyətini bilmirdik. Sonra düşündük ki, həftədə iki dəfə belə çəkiliş etsək, bu, proqramın efirinə gedən puldan bizim büdcəmizə az təsir edəcək. Həmin gün oturmuşduq evdə, düşünürdük. Qəfildən Qənimət bəy dedi ki, biz buranı studiuya edə bilərikmi? Dedim, olar. Getdik bazara, parça aldıq, ətrafı pərdələdik, stol-stulu yerləşdirdik, dekoru qoyduq. Operator da gəlib dedi ki, burda çəkiliş etmək olar.
- (zarafatla) Ev yiyəsinin xəbəri var bundan?
- Var təbii. Öncə bir az həyəcanlandı. Sonradan isə Qənimət bəy əzəli təmkini ilə ona dedi ki, narahat olmayın, biz burda hər şeyi yoluna qoyandan sonra çıxacağıq. Gələn qonaqlar da maraqla baxırdılar. Məsələn, hamamdan studiyaya qapı açılırdı.(gülür)
- Televizyonçuluq təcrübəniz yoxdur. Televiziya mütəxəssisləri, tənqidçilər verilişi necə qiymətləndirir? Bu sahədə çoxmu uduzursuz?
- Bizim bir üstünlüyümüz var. Bu üstünlüyün alternativi hələ ki, yoxdur. Biz həqiqəti göstəririk. Azərbaycanda ən məşhur televiziyaçı da, sadə vətəndaş da bunu bilir. Biz ucqar dağ kəndindən reportaj veririk, onun tibb məntəqəsinin, məktəbinin olmamasından danışırıq. Bunu görən adam Seymur Həzinin necə professional televizyonçu olmamasına fikir vermir. O həqiqət hər şeyi kompensasiya edir. Azərbaycanda peşəkar televizyonçuluq olsaydı, Seymur Həzinin televizyonçu olmasına ehtiyac qalmazdı. Mən siyasətçiyəm, amma jurnalstika və televizyonşuluqa məşğul olmağa məcbur qalmışam. Bunun səbəbi bizim televizyonçuların qeyri-peşəkarlığında və şüarlarında deyilən kimi dəqiq, qərəzsiz, vicdanlı olmamasındadır. Ona görə də məni qınayanlar həqiqətləri yanaşı qoymalıdılar. Mən peşəkarlığa iddia etmirəm. Mənim missiyam həqiqəti göstərməkdir. İnsanlar o həqiqəti görəndən sonra fəaliyyətimə qiymət verirlər.
- Bəs Azərbaycan mediası ilə Türkiyə mediasını müqayisə edəndə ortaya necə bir mənzərə çıxır? Müşahidələriniz maraqlıdır...
- Məsələn, Azərbaycanda bir neçə dil bilən xeyli jurnalist var. Belə ki, rusca, ingiliscə yazıb-oxuya bilirlər. Türkiyə mediasında bu, çox azdır. Amma onların ümumi tablosu bizim tablodan daha pozitivdir. Onların araşdırma etmək, reklam almaq imkanı var. Məsələn, mən ”Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri olaraq “Milliyyet” qəzetinin ştatda olan polis müxbirindən az maaş alıram. Bununla yanaşı, mənim yaşda adam oranın mediasında rəhbərlikdə ola bilməz. Bu, onların mənfisidir. Çox istedadlı jurnalistlər var ki, 2 il işlədikləri halda hələ də ştata keçə bilmirlər. Halbuki bəziləri onlara rəhbərlik edən şəxslərdən daha istedadlıdır. Türkiyə mediası ordu kimidir. Orda bürokratiya var. Amma “Azadlıq” qəzetində Seymur Həzinin dünən müxbir, sonra şərhçi, sonra şöbə müdiri olmasına heç nə mane olmur. Türkiyə mediasında isə qəzetlərin sahibi jurnalistlər deyil. Məşhur bir qəzetin sahibi balon qazını istehsal edən şirkətdir. O, qəzetə biznes obyekti kimi baxır. Bir tanınmış imzanı gətirir ora və ordakı jurnalistləri qarışqa kimi işlədir. Bu mənada Azərbaycan mediası daha demokratikdir. Biz dünyaya, dünya standartlarına daha yaxınıq. Bizim mediamız demokratik şərtlərlə daha möhtəşəm ola bilər. Bizim insanımız buna daha çox hazırdır.
- Seymur Həzinin Azərbaycana qayıdandan sonrakı yazılarında aqressiv ton daha güclüdür. Seçki ili, sevdiyi işi görə bilməmənin aqressiyası, yoxsa...?
- Biz artıq bildiyimiz və arzuladığmız qaydalarla fəaliyyət göstərə bilmirik. İndi mübarizənin şərti və şəraiti dəyişib. Biz indi səngər şəraitində mübarizə aparırıq. Mən görəndə ki, media və siyasətdəki hansısa dostum təpəni aşmaqda olan insanın ayağının altındakı daşı- son dayanıq nöqtəsini çıxarır, bu, məni incidir. Buna reaksiya verməməkdən özümü saxlaya bilmirəm.
- Eyni zamanda bir təftişçilik ənənəsi də yaranıb. Xüsusən həmkarlara qarşı. Məsələn, mən sizin, eləcə də qəzetin digər yazılarında “Yeni Müsavat”da dərc edilən ayrı-ayrı yazıların təhlili, analizi ilə bağlı məqamlar oxumuşam. Hərdən hakimiyyətdən daha çox həmkarlarınıza yönələn təftiş diqqəti cəlb edir. Axı hədəfimiz birdir...
- Hədəfimiz birdirsə, mən sizə bir nümunə deyim. Qəzet yazır ki, hakimiyyət filan şeyə də bir hal çarəsi tapacaq. Bu nə xəbərdir, nə də analiz. Bu, “Yeni Müsavat”ı oxuyan minlərlə oxucunun belini sındırmaqdır. Bu, təftişçilik deyil ki...
- Yox, fikir mübadiləsi olmalıdır. Amma bu təftişçilik bir yazı ilə məhdudlaşmır axı. Sanki kollektiv bir şəkildə “Yeni Müsavat”dakı başlıqlar, yazılar, yazılardakı tezislərlə bağlı müzakirə gedir və...
|
“Razıyam ki, bu təftişçilik geniş yayılıb, bəlkə nəyinsə dozasını qaçırırıq” |
- Yox, siz bizim redaksiyamızda olmusuz. Bilirsiz ki, ətrafına yığışacağımız bir masamız belə yoxdur. (gülür) Biz ümumiyyətlə kimdən umuruq? Bu dəqiqə “Yeni Müsavat”dan başqa umulacaq, auditoriyalı qəzet yoxdur. Ona görə də bu qəzetin yazdıqlarına daha çox önəm veririk. Bir gün bu qəzet cəmiyyətdəki əhəmiyyətini, oxucularını itirsə, biz də ona fikir verməyəcəyik. Buna dözümlü yanaşmaq lazımdır. Tənqid də, təftiş də olmalıdır. Biz iddia etdiyimiz toplumu, dəyərləri öz həyatımızda göstərəndə daha səmimi oluruq. Mən də irad tutacam, mənə də irad tutulacaq. Bizim elə vaxtlarımız olub ki, çətin vaxtlarımızda bir-birimizə sığınmışıq, birgə aksiyalar keçirmişik, redaksiyalarımızda sığınmışıq. Bu başqa şəraitin diqtə etdiyidir, bu biri isə başqa şəraitdir. Sizin rəyinizlə də razıyam ki, bu təftişçilik genişdir. Biz bəlkə nəyinsə dozasını qaçırırıq. Mən o həyəcanı texnika kimi istifadə edirəm ki, bax, əslində mənzərə budur. Aqressiyam olan adamları və ya qurumları sıralasam, “Yeni Müsavat” o siyahıda yoxdur.







