MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva “Mir Həmzə Seyid Nigari Qarabaği” Beynəlxalq simpoziumunda çıxış edib
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakı Dövlət Universitetində keçirilən “Mir Həmzə Seyid Nigari Qarabaği” Beynəlxalq simpoziumunda çıxış edib.
Simpozium Qarabaği təkkə-təsəvvüf ədəbiyyatının görkəmli nümayəndəsi, sufi şairi, təsəvvüf alimi, nəqşibəndi şeyxi Mir Həmzə Mir Paşa oğlu Qarabaği Nigarinin fəlsəfəsinə və yaradıcılığına həsr olunub. BDU və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq simpoziumda hər iki qardaş ölkələrin dövlət və hökumət nümayəndələri, millət vəkilləri, mədəniyyət və ictimai xadimlər, BDU-nun müəllim və tələbələri iştirak edib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilk dəfə illər öncə şahzadələr şəhəri Amasiyada keçirilmiş “Mir Həmzə Seyid Nigari Qarabaği” Beynəlxalq simpoziumunda iştirakını, orada etdiyi duanı xatırladıb: “O zaman belə bir arzumuzu, inamımızı dilə gətirmişdik ki, inşallah növbəti belə simpoziumları işğaldan azad edəcəyimiz Qarabağda keçirək. Mən bu gün özümü çox xoşbəxt hesab edirəm. Mən bu simpoziuma Suqovuşandan gəlmişəm; bunu təsadüf hesab etmirəm. Edilən dualar Tanrı dərgahında qəbul gördü. Bizim işimiz haqq işiydi və biz işğalçılar üzərində qələbə çaldıq. Bizim tarixi qələbəmizin hərbi-siyasi tərəfləri öz yerində, bu işin mənəvi-ruhani tərəfi də olduğuna inanıram. İnanıram ki, övliyalarımızın ruhu şaddır, Mir Həmzə Nigarinin ruhu şaddır.
Mir Həmzə Nigari ənənəsinin Qafqazlarda İslami vəhdətin formalaşmasında özünəxas rolu vardır. Mənəviyyat öncüllərimizin milli kimliyin inşaasında və milli müstəqillikdəki rolu, Nigari ailəsinin İslam mənəviyyatının inkişafındakı rolu, Nigari timsalında inancın insan sağlığı üzərindəki təsirləri akademik tədqiqatlarla öz təsdiqini tapıb.
Mir Həmzə Nigari Azərbaycanda daha çox XIX yüzil ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri olaraq tanınıb. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra onun poeziyasına və fəlsəfəsinə maraq daha da artıb. Nigarinin doğma Vətənə bağlılığı Qarabağa həsr etdiyi şerlərində daha qabarıq görsənir. Qarabağda (Şərqi Zəngəzurda) doğulan, sonralar doğma yurdunu tərk edərək, Osmanlıya yerləşən Mir Həmzə Nigari, öz əsərlərində doğma yurduna həsrət və sevgisini ifadə edib. “Qarabağdan xəbər versə” küləklərə canını qurban etməyə hazır olan Nigari doğulduğu el-obanı dünyanın behişti adlandırıb. Yüzlərlə öyrənci (mürid) yetişdirən, gənc nəslin elmin sirlərinə yiyəyələnməsi üçün var gücü ilə çalışan, üstəlik də, gözəl poetik örnəklər yaradan Mir Həmzə Nigarinin həyat və yaradıcılığı iki qardaş ölkə arasında möhkəm mənəvi körpülərdəndir.
Mir Həmzə Nigari irsi bugünümzdə aktualdır, gələcəkdə də aktual olacaq.
Nigari həzrətlərinə rəhmət, nigarı irsini öyrənənlərə, öyrədənlərə salam-sayğılar”!
Komitə sədri simpozium başa çatdıqdan sonra, qardaş ölkədən gəlmiş aydınlar – TADİV-in başqanı, Türkiyə Cümhuriyyətinin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Prof.Dr. Aygün Attar, Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla Dostluq qrupunun keçmiş başqanları – Haluk İpək və Mustafa Kabakçı ilə görüşüb, onların Azərbaycan Vətən Müharibəsi vaxtı verdikləri mənəvi dəstəyə, ümumən Azərbaycan həqiqətlərinin təbliği işinə töhfələrinə görə təşəkkür edib.






