İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəbələdə Ağdaşın icra başçısına qarşı etiraz aksiyası keçirildi

1970 29.06.2013 09:33 Ölkə A A

Sakinlər “Yeni Müsavat”a açıqlamalarında bildiriblər ki, əkin torpaqlarını Ağdaş rayonunun indiki icra başçısı Tofiq İbrahimov zəbt edib: “Ağdaşın icra başçısı 100 hektara yaxın əkinə yararlı torpağımızı zəbt edib. Qəbələ Rayon İcra Hakimiyyəti isə bu olaya sadəcə seyriçi qalır. İndi icra başçısı bizi qəbul etsin, ona da sözümüzü deyək”.

“Qəbələni Naxçıvana çeviriblər”

Kənd sakinlərinin sözlərinə görə, Qəbələnin icra başçısının Tofiq İbrahimovla dostluğu onları çörəklərindən edib: “Öz pay torpaqlarımızı başqalarının adına sənədləşdiriblər. Mal-qaranı otlağa apara bilmirik. Örüş yerlərinin çoxunu hasarlayıblar. Deyilənə görə, Tofiq İbrahimov bizim əkin torpaqlarımızın yerində hotel tikdirəcək. Açıq-aşkar deyirlər ki, nəyiniz var yığışdırıb çıxın kənddən”.

“Kəndi məmurların villaları zəbt edib”

Laza sakinləri “Yeni Müsavat” bildirdilər ki, olduqca səfalı və təmiz havası olan meşələrin əhatəsində yerləşən kəndləri sürətlə boşaldılır: “Kəndimiz məmurların istilasına məruz qalıb. Kəndin yarıdan çoxunu məmurların villaları zəbt edib. Sadə kəndli meşəyə belə gedə bilmir. Əli silahlı mühafizəçilər qarovul çəkirlər. Villaların sahiblərinə gəlincə isə demək olar ki, bütün nazirlərin burada villası var. İldə bir dəfə gəlirlər. Amma 12 ay bizə zülm verirlər. Bu nə vaxta kimi davam edəcək? Kim icazə verib ki, meşədəki ağacları qırıb yeridə özlərinə malikanə tiksinlər? Kəndli meşəyə girən kimi başının üstünü kəsdirib, onu oradan qovurlar. Guya bura qoruqdur. Amma nədənsə nazirlər həmin qoruğun tən ortasında özlərinə malikanələr tikdirir”.
Sakinlər bildirdilər ki, problemlə bağlı ölkə başçısına, baş prokurora məktub yazıblar: “Qəbələni Naxçıvana çeviriblər. Rayona şəxsi obyekt kimi baxırlar. Rayonda feodal kəndli münasibətləri hökm sürür. Kimin bir az pulu var, istədiyi kimi əl-qol açıb, istədiyi işi görə bilir. Bu nə vaxta kimi davam edəcək. Prezident İlham Əliyevdən kömək istəyirik. Yalnız o bu qudurğan məmurların qarşısını ala bilər”.
Qeyd edək ki, etiraz aksiyasına rayon polisi müdaxilə edib. İcra başçısı etirazçılardan beşini qəbul edib. Kənd sakinləri rayon rəhbəri ilə görüşdən narazı qalıblar və yaxın günlərdə yenidən toplaşacaqlarını bildiriblər.
Nəzərinizə çatdıraq ki, Laza kəndi mərkəzdən 10 km məsafədə, 1700 metr hündürlükdə yerləşir. Eyniadlı kənddən 2 dənədir. Daha doğrusu, bir kənd iki yerə bölünüb. Bir hissəsi Qusarda, digər zirvədə yerləşən hissəsi isə Qəbələ ərazisindədir. Dəmiraparan dərəsinin sağ yamacında, çay səviyyəsindən 100 - 120 metrə qədər yüksəkdə konusvari dağ üzərində məskən salan Laza sakinlərinin bəziləri yay aylarında Baş Qafqazın, Şahdağ, Tufandağ silsiləsinin 3000 metrlik yüksəkliklərdəki yaylaqlarda yaşayır. Qışda da kənddə az adam yaşayır. Qoyunçuluqla məşğul olduqları üçün adətən qışlağa köçürlər. Qışda gediş - gəliş çətinləşir. Amma ilin bütün fəsillərində buranın təbiəti möhtəşəm olur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR