"Qazprom" Çinlə imzaladığı müqaviləyə yenidən baxacaq
“Qazprom” neftin ucuzlaşmasından sonra Çinlə imzaladığı qaz müqaviləsinə yenidən baxmaq haqqında düşünür.
Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında “Qazprom eksport”un Baş direktoru Yelena Burmistrova söyləyib. Onun sözlərinə görə, hələlik Çin tərəfi ilə qiymət də daxil olmaqla bir sıra istiqamətlərdə danışıqlar aparılır: “Biz qiymətlə bağlı razılığa gələ bilməmişik, lakin müəyyən məsələlərdə kompromis tapmaq ərəfəsindəyik. Bizim çox müxtəlif təkliflərimiz var. Neftin hazırkı qiymətlərinə baxmayaraq, “Sibir gücü” layihəsi hələlik ölmüş sayıla bilməz”.
Qeyd edək ki, “Qazprom”la Çinin CNPC şirkəti arasında “Sibir gücü” layihəsi ilə bağlı müqavilə 2014-cü ildə imzalanmışdı. Müqaviləyə əsasən, Rusiya Çinə 30 il ərzində 38 milyard kub metr (illik – red.) qaz verməlidir. Qazın verilişi 2019-cu ildə başlamalıdır. Lakin Çin tərəfi bir müddət öncə bu qaz kəmərindən imtina etmək niyyətində olduğunu açıqlamışdı.






