İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazımız Avropada: Şahdənizdən çıxan qaz Yunanıstan, Bolqarıstan və İtaliyaya çatdırıldı FOTO VİDEO

1919 02.01.2021 20:02 İqtisadiyyat A A

Trans Adriatik Boru Xətti Avropaya ildə 20 milyard kubmetr qaz satacaq ; "Avropanın qaz bazarında önəmli hadisə baş verib"

Bu gün 878 km. uzunluğu olan Trans Adriatik Boru Xətti (TAP) üzərindən Azərbaycan qazının Yunanıstan, Bolqarıstan və İtaliyaya idxalına start verilib. TAP-ın icraçı direktoru Luca Schieppati bu münasibətlə deyir: “Bu gün Avropanın enerji landşaftı dəyişdi. Həyata keçirdiyimiz layihə üçün tarixi bir gündür. TAP Avropa qitəsinin qaz şəbəkəsinin önəmli bir hissəsidir. Biz Şərqi Avropa ölkələrinə və dərinliklərinə birbaşa və sərfəli idxal marşrutu təklif edirik”.

Xatırladaq ki, Trans Adriatik Boru Xətti Xəzərin Azərbaycan sektorundan təbii qazı Yunanıstandan Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya və daha sonra qərbi Avropaya nəql edəcək boru xətti layihəsidir. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulur. Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.



TAP-ın Ticarət şöbəsinin rəhbəri Marija Savova deyilənlərə əlavə olaraq söyləyir: “Avropanın qaz bazarında önəmli hadisə baş verib. Biz yayda qaz idxalının ikinci mərhələsini sınaqdan keçirəcəyik. Bu, gələcəkdə TAP-ın genişlənməsinə səbəb olacaq və boru xəttinin tutumunu iki dəfə artıracaq. Bu isə ildə 20 mlrd. kubmetr qaz satışı deməkdir”.

O da vurğulanır ki, TAP-ın işə düşməsi Avropanın enerji təhlükəsizliyi baxımından xüsusi önəm daşıyır.

TAP-da pay sahibi olan şirkətlər isə bunlardır: bp (20%), SOCAR (20%), Snam (20%), Fluxys (19%), Enagás (16%) və Axpo (5%).

SOCAR prezidenti Rövnəq Abdullayev bu münasibətlə verdiyi açıqlamada deyib: “Bəziləri bu layihəyə şübhə ilə yanaşırdılar. Ancaq bu iş həyata keçdi. Azərbaycanın təbii qazı Avropaya çatdırıldı. Bu gün tarixi bir gündür”. “Azadlıq” radiosunun yaydığı xəbərdə belə deyilir. O da qeyd olunur ki, Trans Adriatik Boru Xətti Cənub Qaz Dəhlizinin bir hissəsidir. Cənub Qaz Dəhlizi bahalı bir layihədir. 33 milyard dollara başa gəlib və 7 il ərzində tikilib.

Qeyd edək ki, Trans Adriatik Boru Xəttinin işə düşməsi Azərbaycanın Avropa Birliyi üçün önəmini ciddi şəkildə artıracaq. Rəsmi Vaşinqton da Avropa Birliyinin Rusiya qazından asılı olmasından narahat idi. Bu baxımdan Azərbaycan qazı Avropa Birliyi üçün alternativ sayılır və bütövlükdə Avropanın Rusiya qazından asılılığını xeyli azaldır.

Elbəyi Həsənli, Sürix
https://www.tap-ag.com/news/news-stories/tap-starts-transporting-first-gas

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR