Qazax rayon ictimaiyyətindən bir qrup şəxs “Yeni Müsavat”a yazılı müraciət edərək, bu ilin 21 iyun tarixində qəzetimizdə çap olunan Qazax sakini Azər Məmmədlinin rayon icra hakimiyyətindən şikayətinə münasibət bildiriblər.
Müraciət edən şəxslər qeyd ediblər ki, Azər Məmmədlinin fikirləri böhtan doludur və heç bir həqiqətə əsaslanmır. Qazax ictimaiyyətinin münasibətinə keçməzdən öncə məlumat üçün qeyd edək ki, Azər Məmmədli şikayətində rayonda 54 hektar meşə sahəsinin məhv edildiyini bildirmişdi. O, şikayətində rayonun icra başçısının ünvanına ittihamlar səsləndirmişdi.
Məsələ ilə bağlı rayon ictimaiyyətinin qəzetimizə göndərdikləri münasibətdə aşağıdakılar bildirilib: “Çox təəssüf hissi ilə bildiririk ki, Qazaxın inkişafını bəzi gözü götürməyənlər rayonumuza qarşı qarayaxma məqsədilə mətbuat orqanlarında çıxış edir, əsassız olaraq şər və böhtanlar yazırlar. Sizin qəzetdə də Araz Məmmədlinin şikayəti əsasında çap olunan “Qazaxın icra başçısına ittiham - “Meşəni qırdırır” başlıqlı yazı ictimaiyyətimiz tərəfindən narazılıqla qarşılanıb. Çünki başdan-başa yalan və heç bir fakta əsaslanmayıb. İlk olaraq onu bildiririk ki, son illər Qazaxın sürətli inkişafının şahidiyik və rayonumuzun simasını dəyişməsindən böyük qürur hissi duyuruq. Rayonumuzun tərəqqisi əhalinin öz doğma torpağına daha da bağlanması və nəticədə əhalinin sayının artmasına səbəb olub. Əhali nəinki rayon mərkəzində görülən yüksək təhlükəsizlik tədbirlərinə və yaradılan möhkəm təminata görə, hətta sərhəd hədlərinə belə qayıdır, öz doğma ocaqlarında asudə həyatlarını yaşayırlar. Bu səbəbdən də rayonumuzda, xüsusən də rayon mərkəzində yeni həyətyanı torpaq sahələrinə böyük ehtiyac duyulurdu və bu problem illərdən bəri öz həllini gözləyirdi. Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovun bu məsələnin həll olunması istiqamətində əməli işləri həyata keçirməsi sayəsində şəhər ərazisindəki torpağın təyinatı aidiyyəti nazirliklər tərəfindən verilən rəylər əsasında Nazirlər Kabinetinin qərarına uyğun olaraq dəyişdirilmiş və həyətyanı torpaq sahəsi kimi əhalinin istifadəsinə verilib. İllərdən bəri problem olaraq qalan bu məsələnin həll olunması rayon sakinləri tərəfindən böyük razılıq hissi ilə qarşılanıb. Onu da qeyd edək ki, həmin torpaq sahəsi ilkin olaraq rayonumuzda yaşayan şəhid ailələrinə, müharibə əlillərinə və müharibə veteranlarına verilib. Artıq 200-ə qədər bu qəbildən olan ailə həyətyanı torpaq sahələri ilə təmin edilib. Təəssüf ki, bəzi insanlar hazırda rayonumuzda gedən böyük quruculuq işlərinə düzgün qiymət vermir, görülən işlərə kölgə salmağa çalışırlar. Onlar öz çirkin məqsədlərinə çatmaq üçün rayon icra başçısının təşəbbüsü ilə rayon əhalisinin öz yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə ayrılmış 54 hektar torpaq sahəsinə mənfi mövqedən yanaşaraq, yanlış fikirlər yaratmağa səy göstərirlər”.
Onu da qeyd edək ki, Araz Məmmədlinin şikayətini hazırladığımız zaman, Qazax Rayon İcra Hakimiyyətindən dəfələrlə mövqe almağa cəhd etmişdik. İcra hakimiyyətinin yalnız Memarlıq və tikinti şöbəsi zənglərimizə cavab vermişdi. Onlar isə bildirmişdilər ki, məsələ barəsində məlumatlı deyillər.
Əli Rais,
Musavat.com






