İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaz layihələri Qarabağ münaqişəsini alovlandıra bilər

1071 13.07.2015 08:30 İqtisadiyyat A A

Qeyd edək ki, bir sıra ekspertlər Rusiya və Türkiyə arasında bir müddət öncə əldə olunan və qaz nəqlini nəzərdə tutan “Türk axını” razılaşmasının pozulması şəraitində Azərbaycan üçün olduqca faydalı situasiyanın yarandığını güman edir. Q.İbadoğlunun sözlərinə görə, bu kəmərin hədəf götürdüyü ölkələrdə də sosial-iqtisadi vəziyyət onların müstəqil qərar verməsində çətinliklər yaradır: “Hesab edirəm ki, kəmər diplomatiyasında öndə olan siyasi maraqlar ”Türk axını"nın reallaşmasına imkan verməyəcək. Amma müzakirələr, çox güman ki, davam edəcək. Türkiyədə yeni qurulan hökumətin bu məsələyə də iqtisadi mənafe baxımından yanaşacağına inanım yoxdur. Odur ki, Rusiyanın bu təşəbbüsünün dəstəklənməsi real görünmür".


Azərbaycan prezidentinin belə həssas dönəmdə İtaliyaya etdiyi səfəri və önəmli mesajlarla çıxış etməsini şərh edən İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, deputat Əli Məsimli isə İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu vurğuladı: “Ölkələrimiz arasında əlaqələr həm ikitərəfli əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir, həm də bu əməkdaşlıq Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafında da mühüm rol oynayır. Bu, özünü İtaliya vasitəsilə Azərbaycanın neft siyasətinin Avropada daha dolğun şəkildə reallaşdırılmasında çox bariz şəkildə göstərir. Azərbaycanın Avropa İttifaqı ilə xarici ticarət dövriyyəsinin 35 faizi, o cümlədən ixracın 42 faizə yaxını İtaliya vasitəsilə həyata keçirilir. Bu sahədə əldə edilən təcrübə İtaliya ilə əməkdaşlığın yeni mərhələsinə keçid vasitəsilə Azərbaycan qazının Avropa bazarına çıxarılması prosesində daha da genişlənəcək. Ona görə də Azərbaycan prezidentinin İtaliyaya istər rəsmi, istərsə də işgüzar səfərləri böyük önəm daşıyır”. 


Ə.Məsimlinin sözlərinə görə, Avropanın son illərdəki davranışları açıq-aşkar göstərir ki, nəyin bahasına olursa-olsun, Rusiyadan qaz asılılığını azaldacaq: “Bu asılılığın azaldılmasının hələlik yeganə real mənbəyi Azərbaycandır və Azərbaycan vasitəsilə digər resursların da cəlb edilməsidir. Önəmlisi odur ki, bunu ABŞ da istəyir. Ona görə də ABŞ ”Türk axını"nın siyasi layihə olduğunu və iqtisadi əsasının olmadığını əsas gətirərək Yunanıstanı və bəzi “sapda durmaz dəhrə” rolunu oynayan Avropa ölkələrini “Türk axını”nı yox, TAP-ı dəstəkləməyə çağırır. Həm geopolitik, həm geoiqtisadi və həm də müasir dünyanın çağırışları baxımından bu, çox real yanaşmadır. Çünki əgər Avropa Rusiyanın qaz asılılığını zəiflətmək və tədricən bu asılılıqdan qurtulmaq xətti götürübsə, onda “Türk axını” da daxil olmaqla Rusiyanın Avropaya yönəlik enerji layihələrinin perspektivinin olmaması öz -özlüyündə aydındır. Sadəcə, bəzi ölkələrin bu məsələdə şıltaqlığı vəziyyəti qeyri-müəyyən hala gətirir". 

O ki qaldı Rusiyanın “Türk axını” ətrafındakı uğursuzluqlardan qəzəblənməsi halında Qarabağ ətrafında vəziyyətin daha da gərginləşməsi ehtimalına, deputat bunları bildirdi: “Əvvəla, Qarabağ ətrafında vəziyyət nə vaxt gərgin olmayıb ki? İkincisi, Rusiya Ermənistanın arxasında durmasa, Azərbaycanın öz torpaqlarını azad etməsi bir neçə günlük işdir. Belə vəziyyətdə Azərbaycanın öz ərazilərini Rusiya faktoru səbəbindən hələ azad edə bilməsə də, bu, o anlama gəlməməlidir ki, Qarabağ cəbhəsində hansısa təxribatlara Azərbaycan tərəfi bir müddət bundan əvvəl olduğu kimi, yenə o cür sarsıdıcı əks-zərbə ilə cavab verməyəcək. Mütləq cavab verəcək ki, Ermənistanın havadarları xam xəyallara düşməsin. Aydın məsələdir ki, TANAP və TAP layihələrinin reallaşması prosesində təzyiqlər və buna bənzər xoşagəlməz hallar olacaq. Amma buna öyrəncəli Azərbaycan beynəlxalq ictimaiyyətin dəstəyi ilə ”Əsrin Müqaviləsi"ni və Bakı-Tiflis -Ceyhan layihəsini necə gerçəkləşdirmişdisə, TANAP və TAP layihəsini də o cür gerçəkləşdirəcək".

Cavid TURAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR