“Mən vaxtlı vaxtında vergimi ödəyirəm. Azərbaycan vətəndaşı olaraq bu mənim borcudur. Bir neçə il öncə öz hesabıma Şamaxının kəndinə su çəkdirdim. Onda vergi söhbəti yox idi. Mən evimi satıb, kəndə su çəkdirdim. İnsan öz millətinə, dövlətinə xidmət eləməlidir”.
Bu sözləri musavat.com-a açıqlamasında əməkdar artist Elnarə Abdullayeva müğənnilərin vergi məsələsinin yenidən gündəmə gətirilməsi barədə danışarkən deyib.
Sənətçi “Gəlin qayınananın sözünü yeyə bilmirsə, evdən getsin” fikirlərinin qalmaqala səbəb olmasından da bəhs edib: “Fikirlərim səhv anlaşılıb. Mən deməmişəm ki, atası evinə getsin. Demişəm ki, yola getmirlərsə, gənc ailə ayrı evə köçsün. Hər şey gəlinin əlindədir. Məni dəstəkləsələr də, dəstəkləməsələr də, elədir. İnsan gələcəyini düşünməlidir. Qocalıb, qar uçqununun altında qalanda kömək gözləyirlər. Ona görə də hər kəs bir-biri ilə gözəl ünsiyyət qurmalıdır”.
E.Abdullayeva qadın muğam ifaçılarının geyimlərindən də bəhs edib: “Muğam ifaçıları efirə sənətinə uyğun geyinməlidir. Amma kənarda istədiyini geyinə bilər. Efirdə cins şalvar geyinən görməmişəm”.
Muğam ifaçısı müğənni Nigar Camalın onu tanımadığını açıqlamasına da aydınlıq gətirib: “Məni tanımaya bilər. Mən də onu yaxından tanımıram. “Eurovision” təmsilçimiz olduğunu, birinci seçildiyini bilirəm. Qara camaat onu necə tanıyırsa, mən də elə tanıyıram. Nigar məni tanımağa məcburdur?! Əsas odur ki, özüm özümü tanıyıram. Azərbaycanın baş bilənləri Nigarı o boyda müsabiqəyə göndəriblərsə, deməli yaxşı ifaçıdır”.
Könül İbrahim,
Musavat.com,
Fotolar Elçin Əkbərovundur.






