İnsanlara hürriyət, millətlərə istiqlal!

Qatil analar-cəmiyyətimizi qəddarlaşdıran səbəblər...

1026 14.09.2022 08:20 Kriminal A A

Suraxanıda ananın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləyib öldürməsi  yenidən bu sualı aktuallaşdırıb: “Bizə nə olub?”

Sentyabrın 9-da Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı Rayon Prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Səbəblər nədir? Ümumiyyətlə, zaman-zaman övladına xəsarət yetirən analar haqqında xəbərlər alırıq. Bu kimi halların qarşısını necə almaq olar?

Qeyd edək ki, ananın uşağını öldürməsi texniki termin kimi  ingilis dilində “maternal filicide” adlanır. Bu hadisələrdə “cinayət” deyil, “öldürmək” terminindən ona görə istifadə olunur ki, cinayət kəlməsinin yükü çox ağırdır. Avropada 0-2 yaş arasındakı uşaqların qatili olan analara digərlərinə nisbətən daha az həbs cəzası verilməsi qanunla tənzimlənir. Aparılan araşdırmalarda məlum olub ki, qadınların doğuşdan dərhal sonra və laktasiya dövründə körpəsini öldürməsi olduqca tez-tez rast gəlinən bir haldır. Laktasiya dövründə anaların psixi-ruhi durumu ürəkaçan vəziyyətdə olmur. Belə ki,  analar övladları doğulan anda ya ona ürəkdən bağlana bilər və ya beyni  körpəni onu öz düşməni kimi qəbul edə bilər.

Onu da nəzərə çatdıraq ki, balaca uşaqların öldürülməsi cinayəti ilə bağlı xüsusi qanunlar dünyanın 20-dən çox ölkəsində var (Braziliya, Kanada, Böyük Britaniya, Almaniya, İtaliya, Yaponiya, Yeni Zenlandiya, Filippin, Cənubi Koreya və s.) Bu qanunlar bir yaşdan kiçik uşağını öldürmüş analara daha yüngül cəzalar nəzərdə tutur, çünki XX əsrin əvvəlindən etibarən yeni doğmuş və ya əmizdirən anaların ruhi vəziyyəti qeyri-sabit hesab olunur.

Bununla bağlı Rusiyada da xüsusi qanun mövcuddur - RF CM-in 106-cı maddəsi-ananın yeni doğulmuş körpəni öldürməsi. Ancaq bu maddə bir yaşdan yox, bir aydan kiçik olan uşaqların öldürülməsi halları üçündür. Maksimum cəza müddəti 5 il azadlıqdan məhrum etmədir. Digər övlad qatillərinə RF CM-in 105-ci maddəsinin “b” bəndi şamil edilir - ümumi rejimli cəzaçəkmə müəssisəsində 20 illik həbs nəzərdə tutulur. Rusiya Ali Məhkəməsi nəzdindəki Məhkəmə Departamentinin məlumatına görə, 2018-ci ildə məhkəmələrdə 33 belə hala baxılıb. Kuban Universitetinin kriminalistika fakültəsinin əməkdaşları hesab edirlər ki, üstü açılmamış epizodların sayı qeydə alınmış cinayət işlərinin sayından səkkiz dəfə çoxdur.

Kuban Universitetinin araşdırmalarına görə, uşağını daha çox fertil dövrdə olan (30-40 yaş arası) qadınlar öldürür. Onların 74 faizdən çoxu heç vaxt psixonevroloji dispanserdə qeydiyyatda olmayanlardır, yarısından çoxu ərdə olub və başqa uşaqları da var, əvvəlki doğuşlardan sonra da psixi pozuntu keçiriblər.

Mesaj - Təhsil” | Rövşən Nəcəfov » islahat.az Azərbaycanda özəl xəbərlər,  araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Rövşən Nəcəfov

Psixoloq Rövşən Nəcəfov “Yeni Müsavat”a bildirib ki, psixologiyanın sərhədi hüquqa qədərdir: “Cinayət törətmiş insanın psixikasının müşahidəsi zamanı müəyyən olunur ki, şəxs affekt halında olur. İnsanın affekt halı subyektiv səbəblərə bağlıdır. İstər normal, istərsə də patoloji affekt halı yaşayan şəxsdə davranış pozğunluqları müşahidə olunur. Hər ikisi insan psixikasından asılıdır. Şəxsin normal affekt halı onun emosiyaları ilə özünü büruzə verir. Qorxu və narahatlıq normal affekt halının yaranması üçün səbəblərdəndir.  Patoloji affekt halı isə şəxsin psixi pozuntusudur. Narkotik aludəçiliyi, şiddət, alkoqolizm və digər buna bənzər vərdişlər, həmçinin ”Post Travmatik Stress Pozuntusu" patoloji affekt halının yaranması üçün səbəblərdəndir. Övladına və ya bir başqasına xəsarət yetirən valideyn bunun “norma” olduğunu düşünə bilər. Bəzən “norma” dediyimiz hallar insan psixikasında anormallığının göstəricisidir. İnsanın ölümünə səbəb olmaq isə cinayətdir. Cinayət baş veribsə, psixoloq susur, hüquq danışır. Hüquq qərar verməlidir, psixoloq müşahidə etməlidir.

Dəyişən insanların başqalarına olan nifrətidir. Başqalarına nifrət edib qurtarandan sonra öz doğmalarına nifrət etməyə başlayır. Çünki nifrət bitməyən emosiyalardır. Nifrət insanı qatil edir. Nifrəti sevgi ilə əvəz etməliyik. İnsanlar arasında hüquqi və psixoloji maarifləndirmə işləri gücləndirilməlidir. Hüququn yanında psixologiya, psixologiyanın yanında hüquq olmalıdır. Sağlam cəmiyyətin formalaşması üçün hüquq və psixologiya əsas meyarlardır".

Oxu.az - Kəmalə Ağazadə: Donmamaq üçün elektrik şitinin içində ölən uşaqdan  sonra sığınacaq yaratdım - MÜSAHİBƏ

Kəmalə Ağazadə

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Çox təəssüf edirəm ki, bu səpkidə xəbərləri mətbuatdan izləyirik. Bizə istiqamətləndirilən uşaqların arasında da zorakılığa məruz qalan uşaqlar var. Burada isə qəsdən adam öldürmə, körpənin həyatına son qoyma var. Məlumatlara görə, Nərgiz Bağıyeva psixi problemi olan kimi təqdim olunub. Amma ən azından qeyri-rəsmi nikahların fəsadlarını artıq görməyə başlayırıq. Əgər ailə bilirdisə qızın psixi problemləri var, o zaman onun ailə həyatı qurmağına ən azı maneçilik törədilməli idi. Müalicə almalı idi, sağaldıqdan sonra bu addımı atmaq olardı. Düşünürəm ki, buna artıq hüquqi qiyməti, psixoloji ekspertizanı hüquq-mühafizə orqanları həyata keçirməlidir. Burada dəyişəcək məsələ odur ki, icra hakimiyyətləri yanında həssas ailələrin məlumat bazası yaradılarsa, o ailələrdəki uşaqlar nəzarətə götürüldükdə ən azından ölüm halları, zorakılıq faktları azalmış olar”.

Yeri gəlmişkən, Hövsan qəsəbəsində yerləşən 16 saylı Uşaq Poliklinikasından Xeberoxu.az-a deyilib ki, uşağın adına poliklinikada heç bir sənəd açılmayıb: “Anası tərəfindən yeməyinə hidrogen-peroksid qatılaraq öldürüldüyü iddia olunan bir yaşlı körpə poliklinikada qeydiyyatda olmayıb. "Ailəni tanımırıq. Ailə ilə bağlı heç bir məlumatımız yoxdur". Qəsəbə bələdiyyəsi isə hadisənin onlara aid olmadığını bildirib: “Məsələdən xəbərimiz yoxdur. Ümumiyyətlə, ailəni tanımırıq və bu hadisə ilə aidiyyəti qurumlar məşğul olur”.

Hüquqşünas Səbuhi Əhmədov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Vəziyyətindən asılı olmayaraq ortada qətl  hadisəsi varsa, artıq cinayət məsuliyyəti sayılır. Uşağını öldürən analarla bağlı Cinayət Məcəlləsində xüsusi bir maddə mövcuddur. ""Ananın yeni doğduğu körpəni öldürməsi"  maddəsi Cinayət Məcəlləsində xüsusi norma ilə tənzimlənir. Cinayət Məcəlləsinin 120-ci maddəsi isə qəsdən adamöldürmə maddəsidir. Ananın öz uşağını öldürməsində qəsdən adam öldürmə cinayətinin və yeni doğulmuş uşağı öldürməsi cinayətinin tərkibi də yarana bilər. Amma əgər uşağın bir yaşı varsa, burada artıq qəsdən adam öldürmə cinayəti yaranır. Burada konkret olaraq köməksiz şəxsin qətlə yetirilməsindən söhbət gedir. Uşaq özünü müdafiə edəcək biri deyil.  Digər hallara qiymət verməklə məhkəmə ağır cəza tətbiq edəcək. Psixoloji vəziyyəti bilinmir, ona görə ilkin olaraq köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürməkdən gedir söhbət. “Doğuşdan dərhal sonra” anlayışı isə tam fərqlidir. Tibbin bununla bağlı izahı var. Yeni doğulmuş uşaqda, ananın hərəkətində anlaqsızlıq olur. Ananın yeni doğduğu uşağı doğuşdan dərhal sonra öldürməsi dedikdə uşağın ana bətnindən ayrıldıqdan sonra dərhal öldürülməsi başa düşülür".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR