Redaksiyadan reportaj üçün Qazaxa getməyimizi tapşırdılar. Uzun yolu qət etmək üçün nəqliyyat vasitəsini isə özümüz seçməli idik. Hava şəraitini, yolların buzlu və təhlükəli ola biləcəyini nəzərə alaraq, qatarla yola düşməyi planlaşdırdıq. Və mən ilk dəfə qatarla yola çıxacaqdım. Yol yoldaşım isə həmkarım Məhəmməd Türkmən olacaqdı.
Əvvəlcə təmiri uzun müddətdir ki, başa çatdırılmayan Bakı Dəmiryol Vağzalına yollanırıq. Yolculuğumuz bayram günləri və tələbələrin öz rayonlarına qayıdan vaxtlarla üs-üstə düşmədiyindən kassalar qarşısında sıxlıq görmürük. “Qazaxa kupedə iki bilet” istəyib, vaxtı və qiyməti soruşduq. Qatarın çıxış vaxtı bizi qane edir. Biletin qiymətinin isə 16 manat olduğunu öyrənirik. Razılaşıb, biletlərimizi alırıq.
Lakin biletin üzərindəki qiymətlə kassadakı xanımın bizdən aldığı məbləğ arasında 1 manat fərq var. Qısa və “mülayim” mübahisədən sonra 2 manatımızı geri ala bilirik. Kassa əməkdaşı bunu “Çaşmışam. Sizi Böyük Kəsiyə gedən sərnişinlə səhv salmışam” deyə izah edir. Qısası, 2 manatımızı alıb, vağzaldan uzaqlaşırıq.
Yola düşəcəyimiz vaxtı - saat 22:40-ı gözləyirik...
Biletin üzərində yazılan vaxtdan 15 dəqiqə əvvəl vağzala qayıdırıq. Vağzal ərazisindəki polis əməkdaşından Qazağa gedən qatarı soruşuruq. Bizə göstərilən yeni və müasir Sumqayıt qatarlarının yanında çıxışa hazırlaşan “yaşlı” qatar göstərilir. Qatara “yaşlı” deməyə haqqımız var. Rusiya istehsalı olan bu qatarlar bəlkə də istifadə müddətini çoxdan başa vurublar. Təsəvvür edin ki, nəqliyyat naziri Ziya Məmmədovun bələdçi işlədiyi qatarlar hələ də yerli xətlərdə istifadə olunur.
Qatarlarla bağlı son zamanlar yadımda qalan xəbərlər kişi bələdçilərin xanım bələdçilərlə əvəz edilməsi idi. İlk vaqona qalxanda xanım bələdçini görən kimi “Aha, bu, o kişilərin yerinə gələn xanımlardan biridir, yəqin...” deyə düşündüm. Həmin işdən çıxarılan kişi bələdçilərin aksiyalarında dəfələrlə iştirak etmişdim. Onlar bu dəyişikliyin haqsızlıq olduğunu deyirdilər. Amma heç bir nəticəsi olmadı...
Xanım bələdçi biletləri yoxladıqdan sonra 18-ci və 20-ci yerlərimizin olduğu kupeyə daxil oluruq. Kupenin daha iki sərnişini artıq öz yerlərini tutub. Onların təcrübəli sərnişin olduğunu hiss edirəm. Ensiz və iki nəfərin birlikdə hərəkət etməsinin mümkün olmadığı kupeyə daxil olmazdan əvvəl salamlaşırıq. Kupeyə daxil olub, yuxarı yerlərə çantamızı yerləşdiririk. Kupedə qatar səfərlərində təcrübəli olan dostlarımızın dediklərini xatırlayıram: “Xoruldayan adamlar, corab və tualet qoxusu, soyuq kupe...”
Türkmən səfərdən əvvəl də and-aman etmişdi ki, xoruldamır. Qalır, digər iki kupe yoldaşımız... Bu qeyd etdiklərimizi yaşayarkən bir də qatarın yola düşdüyünü görürəm. Ən çox narahat olduğum isə tualetin vəziyyəti idi. Maraq üçün ilk ora baş çəkirəm. Sabun bir parça, su soyuq, tualet kağızı yox... Səliqəli göstərilməyə çalışılsa da, vəziyyət təxmin etdiyimdən də bərbad idi.
Qatar hərəkətə düşdükdən bir neçə dəqiqə sonra bələdçi xanım paketdə yataq dəsti gətirir. Üzərində “Hörmətli sərnişinlər, yataq dəstini açıq şəkildə qəbul etməyin” yazılan yataq dəstimiz paketdə və təmizdir. Təcrübəli kupe yoldaşlarımız yataq dəstindən necə istifadə və rahat səfər etmək barədə təkliflərini verirlər.
Çantalarımızı yerləşdirdikdən sonra yatağımızı qaydaya salırıq. Etiraf edim ki, ilk səfər olduğundan gördüklərim mənə çox maraqlı gəlirdi. Bələdçi xanımın “çay içirsinizmi” təklifinə “hə” deyirik. Kupeyə 4 stəkan çay gəlir. Artıq söhbətimiz çayla başlayır. Kupe yoldaşlarımızdan biri yaşca hamımızdan böyük olan şəxs məşhur şirkətlərdən birinin əməkdaşıdır.
Ezamiyyətə gedən və “dayı” deyə müraciət etdiyimiz şəxs deyir ki, işdən onun qatarla getdiyini bilmirlər. Səbəbi isə maraqlıdır. Şirkətdən onun taksi ilə getməsini istəyiblər. Ezamiyyət xərcləri də buna görə hesablanıb. Lakin dayı bir neçə manat əlavə qazanc əldə etmək üçün və təhlükəsiz nəqliyyat vasitəsi olaraq, qatarla gəlməyi seçib.
Digər kupe yoldaşımızla həmyaşıdıq. Söhbətimizin uzun olacağına inanıram. Dayı ilə söhbətimiz yaxşı alındı. Onun tələbəlik, əsgərlik xatirələri, ölkədəki devalvasiya, bahalıq söhbətimizin əsas mövzularıdır. Dayının yolu Gəncəyədir. Həmyaşıdımız isə Hacıqabulda bizimlə vidalaşacağını deyir.
Çayımız bitsə də, söhbətimiz davam edir. Bələdçi isə boş stəkanları aparmaq üçün kupeyə gəlir. Stəkanları götürür və gözləyir. Bu zaman bildim ki, çay pullu imiş, stəkanı 50 qəpik…
Saat gecə bir olur və artıq kupenin işığını söndürürük. Bir neçə dəqiqə sonra həmyaşıdımız, söhbət etməkdə maraqlı olmayan yol yoldaşımız xoruldamağa başlayır. Bu cür halla rastlaşacağımızı desələr də, ən azından bu qədər şanssız olmayacağımızı düşünürdük. Kupe yoldaşımızın xoruldayan insan olmayacağına inanırdıq. Amma olmadı…
Ən çətini stansiyalarda idi. Qatar hərəkətdə olarkən kupe yoldaşımız sanki, yırğalanır və xorultusu azalırdı. Türkmənin isə üst yerdən yıxılmaq qorxusundan gözünə yuxu getmir. Və çıxış yolunu şarfla özünü kupeyə bağlamaqda görür. Xorultu səsləri ilə tez-tez oyana-oyana yola davam edirik. Bir dəfə oyananda xoruldayan yoldaşımızın getdiyini görürəm, ikinci oyanışda isə dayının... Qatar çox yırğalandığından yata bilmirəm.
Bələdçi qatarın 8:40-da Ağstafaya çatacağını deyir. Yolda planı dəyişirik ki, qatarla Ağstafadan Qazağa getsək, çox vaxt itirəcəyik. Ən yaxşısı Ağstafada düşüb, bizi qarşılayan yoldaşın maşını ilə Qazağa gedək. Bu zaman 1.5-2 saat vaxt qazanmaq olar.
Saat 7:30-u göstərir. Biz yatdığımız müddətdə sərnişinlərin əksəriyyəti əvvəlki stansiyalarda düşüb. Boşalan kupelərin yataq dəstləri yığışdırılıb. Məsafə azaldıqca bələdçinin də işi azalır. Bu vəziyyətdən istifadə edib, onunla söhbət etməyi düşünürəm.
Bələdçi xanımla dialoqumuz bir çay istəməyimlə başlayır. Çayla başlayan söhbətin davamı isə həqiqətən mənim üçün çox maraqlı olur. Məncə sizin üçün də maraqlı ola bilər:
- 50 qəpik əslində çox da baha deyil. Amma deyirlər ki, çay pulsuz olmalıdır.
- Niyə? (gülür) Harda pulsuz çay var?
- Təbii ki, zarafat edirəm. Başa düşürəm ki, sizin maaşınızdan əlavə qazancınız elə budur. Nə qədər maaş alırsınız?
- 257 manat... Bu da ən çox halda... Baxır, ayda neçə dəfə növbədə olursan.
- Məsələn, maaş necə hesablanır? Saatla maaşı necə hesablayırlar?
- Mən Qazaxa getdim və gəldim. Artıq bir növbə oldu. Vaqona tək bələdçi kimi çıxanda 29 saat iş vaxtı hesablanır, 2 nəfər olanda 21 saat... Qazaxa çatandan sonra axşama qədər vaqonda yatırıq. Gecə də Bakıya yola düşürük. Bakıya çatanda bizi başqa növbə əvəz edir. Biz isə evə gedirik. Onlar qayıdanda biz onları əvəz edirik. Ən çox ayda 8 növbə olur. Bəzən bir aya 6 və ya 7 növbə də düşür.
- Bu qədər əziyyət və ayda 257 manat maaş... Əlavə qazancınız da yalnız çaydan... Çaydan pul qazanmaq olurmu?
- Quru çayı özümüz alırıq. Hər vaqona 5 ədəd salma çay və 20 ədəd qənd verirlər. Buna görə də bizdən 1 manat alırlar. Hər vaqonda 9 kupe var. 36 nəfərə bu qədər qənd və çayı necə çatdırmaq olar? Məcbur qəndi və çayı özümüz alırıq. Ancaq 1 manatları mütləq veririk. Bəzi yoldaşlarımız var ki, “bron” vaqonlarda gəlir. Heç bir sərnişin olmur. Amma bir manatı verməlidirlər.
- Çaydan qazandığınıza görə sizdən əlavə pul istəmirlər?
- Yox... Nə qazansaq, bizə qalır.
- Qatarlar artıq istifadə müddətini baş vurub. Tualet şəraiti isə bərbaddır...
- Qatarlar məndən yaşlıdır (gülür). Necə olmalı idi? 1966-68-ci illərin istehsalıdır. Qatarlar necə alınıbsa, elə də qalır. Cavid Qurbanov gəlməmişdən əvvəl vəziyyət lap pis idi. Vaqonlara sabun və tualet kağızı belə, vermirdilər. İndi də bir neçə gündür ki, kəsiblər. Yazılır, amma aşağıdakı rəislər vermirlər. Amma yuxarıdan bilsələr, veriləcək. Məcbur qalıb, bəzən özümüz alırıq. Ya da sərnişin özü ilə sabun gətirir.
- Cavid Qurbanovun gəlişi maaşlara necə təsir edib?
- Əvvəl daha çox alırdıq, 350-400 manat arası... O zaman Bakı Dəmiryolu Vağzalının şirkətlərdən birində icarədə olduğu deyilirdi. Amma indi dövlətindir. Maaşlar da belə...
- Bələdçi kimi SV vaqonda yoxsa, kupedə işə çıxmaq sərfəlidir?
- Bəzən SV-də sərnişin çox az olur. Kupelərdə isə sərnişin həmişə olur. Bizə sərf edən də sərnişinin çox olması və çay satmağımızdır.
- SV ilə kupedə nə fərq var?
- Əsas fərq kupedə 4 sərnişinin, SV-də 2 sərnişinin olmasıdır. Vaqonlardakı qalan şəraitlər eynidir. Köhnə vaqonlardır. Bundan əlavə nəsə etmək olmaz. Amma yeni SV vaqonlar gətirilib. Yanvarın 28-dən yerli səfərlərə çıxan qatarlara qoşulacaq.
Həqiqətən də vaqonlardakı şəraitə baxanda görürsən ki, əldə olanla maksimum səviyyədə xidmət göstərməyə çalışırlar. Vaqonların 50-yə yaxın yaşı var...
Bələdçi xanımla söhbətimiz stansiyalarda qatar dayanarkən yarıda qalırdı. Bələdçi xanım qatar stansiyaya yaxınlaşanda düşəcək sərnişinlərə xəbərdarlıq edir və tualetin qapısını təcili bağlayırdı. Stansiyalarda qatardan düşənlər olduğu kimi, yeni müştərilər də minirdi.
Bələdçi xanımdan tualetin qapısını həyəcanla bağlamasının səbəbini soruşuram. Cavab isə belədir: “Qatar platformaya yaxınlaşarkən tualetlərdən istifadə etmək qadağandır. Kanalizasiya yoxdur. Əgər platformalardakı nəzarətçilər hansısa stansiya ərazisində tualetdən istifadə edildiyini görsələr, həmin vaqonun bələdçisi haqda rəisə şikayət edirlər. Buna görə işdən çıxarılan yoldaşlarımız olub”.
Söhbətimiz bir neçə dəqiqə də davam edir. Bələdçi xanım Ağstafaya çatdığımızı və düşəcək sərnişinlərin hazırlaşmasını istəyir. Biz də çantamızı hazırlayırıq. Və Türkmənlə içdiyimiz 4 stəkan çayın pulunu verərək, bələdçi xanımla sağollaşırıq....
İlkin Muradov,
Musavat.com,
Bakı-Ağstafa