QAT üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər - FOTOLAR
Qarabağ Azadlıq Təşkilatının üzvləri və Laçın rayon ictimaiyyətinin nümayəndələri Laçının işğal günündə Şəhidlər Xiyabanını ziyarət ediblər. Bütün Qarabağ şəhidlərinin, 20 Yanvar şəhidlərinin məzarları, Türk Şəhidliyi abidəsi, 2 dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun abidəsi ziyarət olunub, onların ruhlarına dualar oxunub, məzarları üzərinə güllər qoyulub.
QAT mətbuat xidmətindən musavat.com-a veriən məlumata görə, təşkilat sədri Akif Nağı çıxışında bunları bildirib: “Torpaqlarımızın işğalından çox vaxt keçib, torpaqların işğalına bu qədər dözmək şərəfsizlikdir. Torpaqlarımız yalnız hərbi yolla azad edilə bilər. Ya müharibəni başlayıb, nə qədər qanlar bahasına olursa olsun, torpaqlarımızı işğaldan azad etməliyik, ya da şərəfsizliyi boynumuza alıb, şərəfsiz həyat yolunu davam etdirə bilərik. Biz hakimiyyətdən də, cəmiyyətdən də müharibə yolunun seçilməsini tələb edirik. Hamımız qırılaq, amma torpaqlarımızı azad edək!”
Cavid TURAN






