Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü bu gün Ağdamın işğalının 26-cı ildönümü ilə bağlı BMT-nin Bakıdakı nümayəndəliyinin ofisi qarşısında aksiya keçirib.
Bu barədə QAT-ın mətbuat xidməti Musavat.com-a məlumat verib. Bildirilir ki, aksiyada Qarabağ Azadlıq Təşkilatının Ali Məclisinin sədri Barat İmani, Ağdamın tanınmış din xadimi Hacı Fərman Məmmədov çıxış edərək BMT-ni fəaliyyətsizlikdə, qəbul etdiyi məlum 4 qətnaməni yerinə yetirməməkdə qınayıblar.
Sonda BMT-nin baş katibi Antonio Quterreşə edilən müraciəti QAT Qadınlar Şurasının üzvü Sevinc Axundova oxuduqdan sonra müraciət BMT-nin Bakı nümayəndəliyinə təqdim edilib. Müraciətdə göstərilir: “Biz, aksiyada iştirak edən Qarabağ Azadlıq Təşkilatının üzvləri və təəssübkeşləri Azərbaycanın Ağdam şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı il dönümü ilə bağlı Sizə bir daha müraciət edirik. Sizin nəzərinizə çatdırırıq ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı, Azərbaycanın Kəlbəcər bölgəsinin Ermənistan tərəfindən işğalından sonra 30 aprel 1993-cü il tarixli 822 saylı, Ağdam bölgəsinin işğalından sonra 29 iyul 1993-cü il tarixli 853 saylı, Füzuli, Cəbrayıl, Qubadlı bölgələrinin işğalından sonra 14 oktyabr 1993-cü il tarixli 874 saylı, Zəngilan bölgəsinin işğalından sonra 12 noyabr 1993-cü il tarixli 884 saylı qətnamələri qəbul edib. Təəssüflə bildiririk ki, dünya birliyi, beynəlxalq hüquq hələ də işğalçı Ermənistanın hərəkətlərinə hüquqi qiymət verməyib, verdiyi qərarlar isə hələ ki, kağız üzərində qalmaqdadır. Yuxarıda qeyd etdiyimiz 4 qətnamələrin hər birində işğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyri-şərtsiz çıxarılması tələb edilir. İşğalçı Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxartmaq əvəzinə əksinə 26 ildən çoxdur ilhaqçılıq siyasəti yürüdür. Ermənistan BMT Baş Assambleyasının 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnaməyə də əhəmiyyət vermir. Ermənistan Beynəlxalq hüquq normalarına, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının qətnamə və qərarlarına əhəmiyyət verməyərək 26 ildən çoxdur Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayır. Ermənistan Beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın Şuşa, Xankəndi, Xocavənd Ağdərə, Əskəran, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Ağdam, Qubadlı, Zəngilan kimi tarixi və qədim şəhərlərində qanunsuz məskunlaşdırma həyata keçirir, mənəvi dəyərləri, abidələri məhv edir, maddi sərvətləri talan edir, demoqrafiq situasiyanı dəyişir, bəşəriyyətə, insanlığa sığmayan cinayətləri törətməkdə davam edir. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 20 mindən artıq azərbaycanlı öldürülmüş, 30 mindən artıq şəxs şikəst edilmiş, Xocalı, Qaradağlı, Meşəli, Ağdaban, Quqark, Bağanis Ayrım və digər yerlərdə soyqırım həyata keçirilmiş, bir milyondan artıq azərbaycanlının insan haqları kobud şəkildə pozulmuş, qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur edilmişdir. Bütün bunları nəzərə alaraq Sizə müraciət edirik: 1.BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qəbul etdikləri qətnamə və qərarların bu günə qədər yerinə yetirilməməsinin səbəbləri ilə bağlı BMT-in bərabər hüquqlu üzvü olan Azərbaycan dövlətinin vətəndaşlarına, o cümlədən 23 iyul 1993-cü ildə işğal olunmuş Ağdam rayonun sakinlərinə hesabat verməlidir. 2.BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı Ermənistan tərəfindən törədilən işğalçı hərəkəti xüsusi olaraq yenidən müzakirə olunmalı, işğalçı Ermənistana qarşı daha sərt və konkret addımlar atılmalı, Ermənistan rəsmi qaydada işğalçı tərəf kimi tanınmalıdır. 3.Biz hesab edirik ki, BMT Azərbaycanın ərazi bütövlüyünə münasibətdə də Gürcüstan, Ukrayna, İspaniyanın ərazi bütövlüyü ilə bağlı tutduğu prinsipial mövqeyi nümayiş etdirməli, ikili standartlar siyasətinə son qoymalıdır. 4. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinə dair qəbul etdiyi qətnamələrin 26 ildən çox bir vaxtda yerinə yetirilməsinə nail olmadığı üçün gücsüzlüyünü etiraf etməlidir. 5. BMT Təhlükəsizlik Şurası BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Azərbaycanın erməni təcavüzünü dəf etmək, işğalın nəticələrini aradan qaldırmaq üçün istənilən vasitələrdən istifadə etmək hüququnu rəsmi qaydada tanımalıdır”.
Musavat.com






