İnsanlara hürriyət, millətlərə istiqlal!

Qartımış imperiyanın “restavrasiyası” – Bəs deyirdiz Ukraynaya “nasistlərə” görə girmisiz!..

2218 11.06.2022 13:08 Yazarlar A A

Putinin özünü 1-ci Pyotra bənzədib onun “işinin davamçısı” kimi göstərməsi Rusiyanın Ukraynaya təcavüzünün arxasındakı əsas məqsədə şəkk-şübhə saxlamadı: Kreml az qala, 1-ci Pyotr dönəmindəki Çar Rusiyasını bərpa eləməyi hədəfləyib.


Nə oldu, bəs deyirdiniz Ukraynaya “nasist” benderçilərə, nə bilim, NATO-ya görə girmisiniz...

Ən təhlükəlisi odur ki, rus cəmiyyətinin əksəriyyəti, onun ziyalılarının və ciddi ekspertlərinin mütləq çoxluğu və təbii ki, Rus Pravoslav Kilsəsi, patriarx Kirill də eynən Putin kimi düşünür. O üzdən Ukraynada Rusiyaya veriləcək cavab, lap dəqiqi, bəşəriyyət adından vurulacaq “geosiyasi şillə” həm də rus toplumuna, rus xalqına veriləcək cavab olacaq!

Yəni ki, nə edirsiniz, özünüzə gəlin, özünüzü yığışırdın, indi XXI əsrdir, imperiyalar dövrü keçib! O ki ola qartımış bir imperiya. On milyonlarla günahsız insanın qətlinə gətirəcək “çəhrayı arzuları”nızı özünüzə saxlayın! Çar Rusiyasının “restavrasiyası”, bərpası mümkün deyil, olmayacaq!

Putinin Pyotrla bağlı məlum açıqlaması əlbəttə ki, mümkün sülh danışıqlarına sarsıdıcı zərbə olmaqla yanaşı, kollektiv Qərbin, xüsusən də ABŞ-ın Ukraynaya hərbi dəstəyini daha da güclənidrəcək və çevik edəcək. Kreml rəhbərinin açıqlaması eyni zamanda, Rusiyanın yazılı öhdəliklərinə belə etibar eləməyin nə dərəcədə riskli olduğunu ortaya qoyur. Unutmayaq, bu həmin Rusiyadır ki, öz ərazisindəki nüvə başlıqlarını Moskvaya təhvil verməyin qarşılığında Ukraynanın ərazi bütövlüyü və suverenliyinə ABŞ, Fransa və İngiltərə ilə birgə yazılı zəmanət vermişdi. 1995-ci ildə. Budapeşt anlaşması ilə.

Son baş verənlərin fonunda isə V.Putinin “SSRİ-nin süqutuna sevinənlərin ürəyi, bərpasını düşünənlərin isə ağlı yoxdur” sözlərinin səmimiyyətinə əsla inanmaq olmur. Hakimiyyətə gələn kimi SSRİ-nin himninin Rusiya himni kimi təsdiqlətdirən bu adam sən demə, aldadıcı bəyanatlar arxasında, altdan-altdan öz işini görməklə, “velikorus şovinizmi”ni dirçəltməklə, rus mujikinin beynini doldurmaqla məşğul imiş...

Azərbaycan da sözsüz ki, öz işini bilməlidir. Çünki Putin əlcəyi həm də bizə tərəf atıb – postsovet dövlətlərindən biri olaraq. Yuxarıda yazdıq, Rusiya rəhbərliyi imzaladığı beynəlxalq sazişlərə belə asanca tüpürürsə, MDB ölkələri ilə, o sırada Azərbaycanla imzalanmış ikitərəfli sənədlərə, o sırada 22 fevral 2022-ci il Moskva Bəyannaməsinə nə baxır.

Məgər zaman-zaman, lap elə son vaxtlar Rusiya rəsmi strukturlarının (RİA-Novosti, Rusiya Müdafiə Nazirliyinin Qarabağla bağlı press-relizləri və s.), eləcədə Qarabağdakı rus “sülhməramlı” qüvvələrin ərazi bütövlüyümüz əleyhinə az qala hər gün yol verdikləri təxribatları, özbaşınalıqları görmürük? Görürük. Halbuki biz hələ heç NATO sözündəki “N” hərfini belə dilimizə gətirməmişik. Kremlə bəhanə verməmişik.

Ötə yandan, bildiyimiz qədər, Azərbaycan Xalq Cümhuriyyəti ilə (1918-1920) bolşevik Rusiyası arasında da oxşar sazişlər imzalanıb. Amma bu, Rusiyanın 20-ci ilin aprelində AXC-ni işğal eləməsinə əngəl olmadı. Tarixdən o da bəllidir ki, bolşeviklər Cümhuriyyət ordusunun saxlanılacağına yazılı (!) söz vermələrinə rəğmən, buna da əməl eləməyiblər. Yerdə nə qaldı ki...

“Şər söyləməsən, xeyir gəlməz”, ancaq tarixdən dərs götürməyənlər onu təkrar yaşayır. Ümid edək ki, tarix bizimlə bir daha pis zarafatlar eləməyəcək. Hər halda, dövr, dönəm, əsr başqadır. İmperiyaların “dirilmə” şansı faktiki yoxdur. Amma yenə işimizi möhkəm tutmaq, rusun əbədi maşası olan mənfur qonşuların xisləti nəzərə alınmaqla, qardaş Türkiyə ilə əl-ələ, sinxron hərəkət eləmək zorundayıq.

Yaxşı ki, Şuşa Bəyannaməsi var. Və nə yaxşı ki, Şuşa Bəyannaməsi Moskva Bəyannaməsi deyil...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR