Qarın fəsadları - işləməyən avtobuslar, çarpışan avtomobillər, sınan qollar... - FOTOLAR, VİDEO
Yasamal rayonu, Yeni Yasamal qəsəbəsinin yolları qəza mənbəyinə çevrilib. Qəsəbəyə gedən marşrutlar işləmir. Taksilər 5 qat daha baha qiymətə çalışır.
Bu sözləri musavat.com-un əməkdaşına, qəsəbə sakinləri deyib. Belə ki, Bakıya yağan güclü qar nəticəsində qəsəbənin yolları bərbad hala düşüb. Qəsəbənin yolları sürüşkən olduğu üçün avtomobillərin hərəkəti məhdudlaşıb.
Hərəkət edə bilməyən avtomobillərə, könüllü qəsəbə sakinləri yardımçı olub. Onlar yolun ən çətin hissəsində dayanaraq, sürüşən avtomobillərin sürücülərinə kömək ediblər.
Qəsəbənin əsas yollarından istifadə edən sürücülər çətin duruma düşüblər. Artıq bir neçə avtomobil qəzası da baş verib. Sakinlər evlərinə güclə də olsa, piyada getməli olub.
Qəsəbəyə gedən 77 nömrəli marşrut avtobusunun saat 20:00-dan etibarən çalışmaması, sakinlərin haqlı etirazına səbəb olub: "Belə şey olar? Nə olsun ki, qar yağıb, avtobuslar işləməlidir. Yollar təmiz buz bağlamayıb. Əgər avtobuslar qış mövsümünə hazır olsaydılar, belə olmazdı. Təkərlərə bağlanmalı olan zəncirlər, heç bir avtobusda yoxdur. Hamısı sonuncu dayanacaqda avtobusları saxlayıb, gediblər. İndi biz evimizə necə gedək?
Taksilər də işləmirlər. İşləyən taksilər də fürsətdən istifadə edib, normalda 3 manata apardıqları məsafəyə 10-15 manat pul istəyirlər. Belə çıxır ki, Bakıya yağan qar 5 gün dayanmasa, biz hər gün 20 manat yol pulu verməliyik? Belə olacaqsa, marşrutlar nə işə yarayır? Deyəsən Nəqliyyat Nazirliyinin işi ancaq yolda yük maşınlarını saxlayıb, onlardan pul almaqdır. Marşrutlar yadlarından çıxıb".
Qəsəbədə yaşayan və yolların bərbad olması ucbatından kiçik də olsa qəza yaşayan sürücülər də az deyil. Onlardan biri olan Azad Qəniyevin sözlərinə görə, hər il qış aylarında eyni vəziyyət olur: "Dörd ildir burada yaşayıram. Vəziyyət dəyişməyib. Yolun yuxarı hissəsində kanalizasiya xətti partlayıb. Oradan axan su, yolu çaya çevirib. Qarın da yağması vəziyyətimizi daha da çətinləşdirib. Mən maşınımın bütün təkərlərinə zəncir taxdırmışam. Amma bunu etməyən biri maşınımı vurdu. Azı 100 manat ziyana düşdüm. Marşrut işləsəydi, maşını saxlayıb, evə marşrutla gedəcəkdim".
Aldığımız məlumatlara görə, bir nəfər qəsəbə sakini marşrutlar işləmədiyi üçün evinə piyada getməli olub və bu zaman yıxılaraq, qolu sınıb.
Məhəmməd TÜRKMƏN
Fotolar və video müəllifindir.






