İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarğıdalı yüksəkliyi

3483 09.05.2019 09:10 Yazarlar A A

“Buynuzsuz qoçun qisası, buynuzlu qoçda qalmaz"

(Azərbaycan ata sözü)

Şuşanın işğalının 27-ci ildönümündə deputat Rasim Musabəyovun qarğıdalı qovurması (popkorn) satan uşaq üzərində şanlı qələbə qazanması yaxşı oldu. Murdar ermənilər qoy görsünlər. Hələ güclü olduğumuzu bilsinlər. Yoxsa lap həyasızlaşıblar, görürsən Şuşada parad qayırırlar, Paşinyanın oğlu Xankəndində dondurma yalayır, daha nə bilim hansı qələtləri edirlər. İndi gördülər ki, qüdrətimiz tükənməyibdir. Əgər popkorn satanı Azneftin altındakı keçiddən qova biliriksə, şübhəsiz, bir gün donuzları da Qarabağın üstündən qovacağıq! Ya Qarabağ, ya qarğıdalı, başqa yolu yox artıq!

Hadisənin Azneft meydanının altında cərəyan etməsi isə simvolikdir. Biz müstəqillikdə neft gəlirləri, yeraltı sərvətlərimiz hesabına bəy kefində yaşayacağımızı güman edirdik, indi isə Musabəyov yeraltı keçiddə qarğıdalı satmağa da qoymur. Hələ bunun soyadına diqqət eləsək, məşhur familiyalardan biridir. Bunun nənəsinin qardaşı sovet inqilabçısı Qəzənfər Musabəyov olubdur. 1920-ci ildə Qırmızı ordu ilə Azərbaycanı işğal eləyən Qəzənfər müəllim bir müddət Sovet Azərbaycanında rəhbər vəzifələr tutmuş, hətta oyuncaq parlamentin sədri də olmuşdur (ümid edək Rasim müəllim də dayısının yoluyla gedib tezliklə Oqtay müəllimin yerinə keçsin, ondan sonra heç bir deputat Milli Məclisin foyesində popkorn sata bilməsin, ilahi, amin!) 1938-ci ildə isə elə kommunist yoldaşları Qəzənfər müəllimi casus adlandırıb təpəsinə bir güllə qoymuşlar. Maraqlıdır ki, biz Bakıda bu kommunistin adına küçəni hələ də saxlayırıq. Əcaib şəhərdir: eyni zamanda Rəsulzadənin də adına küçə var, Musabəyovun da. Hətta gülməlidir, Musabəyov küçəsi Azadlıq küçəsi ilə yanılmıramsa kəsişir.

Mən Qəzənfər müəllimi niyə xatırlatdım? Məsələ ondadır ki, onun qurduğu Şura hökuməti yalan-gerçək elə o popkorn satanların, kasıbların, yetimlərin quruluşu idi, hətta cavanlar bilməz, o zamanlar tərcümeyi-halında “muzdur, kəndli, fəhlə, popkornsatan ailəsində doğulub” yazmaq dəb idi, indiki kimi hamı soyadını Filankəsbəyzadəganski qoymurdu. İndi belə çıxır Rasim müəllim həm də babalarının yoluna xəyanət edibdir, burjuaziyanın, kapitalistlərin tərəfinə keçibdir. Heç zad demirəm, onu bu müqəddəs ayın yiyəsinə tapşırıram. Əgər sən Ramazan ayında bir yetimin çörəyinə “keçiddən iy gəlir” kimi bambılı bəhanə ilə bais olursansa, inşəallah, o biri dünyada səni qır qazanında qarğıdalı dənəciyi kimi çıtırdada-çıtırdada, patırdada-patırdada qovurarlar.

Dünən bir də nəzarət eləyə bilmədim, hansısa manıs toyda-zadda oxudumu. Çox vacib məsələdir bu. Gərək bizim matəm və işğal günlərində manıslar səslərini çıxarmasın, oxuyub-oynamasın. 8 may da belə günlərdən biridir, Şuşanı 27 il qabaq ermənilərə verib gəlmişik. Əlbəttə, 27 il nə şeydir, əsas odur millətdə ruh yaşasın, 270 il keçsə də biz Şuşaya qayıdacağıq. Ancaq bu müddətdə çalışmaq lazımdır 8 mayda kimsə oxumasın. Gözlə, 9 mayda oxu, 10 mayda lap yaxşı oxu. 8 mayda oxusaq ermənilər eşidər, fikirləşərlər ki, bunlar yəqin razılaşıblar, şəhəri veriblər, toyunu eləyirlər.

Hərçənd mən dünya tarixindən az-maz bilgisi olan adamam, bu şəhər-rayon verilməsini qeyd edən ikinci millət görməmişəm. Adətən camaat haranısa almağını qeyd edir, misal üçün, Berlini, Vyananı, nə bilim, hansı cəhənnəmi. Biz isə şəhəri verməyimizi unutmuruq, guya matah bir iş görmüşük. Bərk-bərk yadda saxlayın, düşüb itməsin. Hələ onu da bilmədim dünən hansısa bambılı jurnalist mikrofon götürüb şəhərdə camaatı “Bu gün nə günüdür” gic sualı ilə qovaladımı. Canınıza azar, belə, gözünüzə girən günüdür. Rasim müəllimin Qarğıdalı yüksəkliyini aldığı gündür.

İnşallah, gələn Novruzda “20 Yanvar” metrosunun keçidində limon satan nənənin təpəsinə bayrağımızı taxarıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR