İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarayaxma müxalifəti”nin əsas hədəfi: “Cavabsız suallar” icad etməklə, pessimizm yaratmaq istəyirlər

2621 04.03.2021 18:53 Analitika A A

AXCP, “Osmanqızı TV”, eləcə də xaricdə yaşayıb, Azərbaycan dövlətini hədəfə alan “qarayaxma müxalifəti”nin bu davranışları erməni mətbuatına müxtəlif mövzular verməkdən başqa heç nəyə yaramaz; Halbuki onlar öz ziddiyyətli iddialarını bir kənara buraxıb, ölkədə başlamış geniş quruculuq prosesinə əngəl törətməyə çalışmasalar, xalqa daha çox fayda vermiş olarlar...

Ermənistanda cərəyan edən ölkədaxili proseslər hazırda diqqət mərkəzindədir. Azərbaycan qarşısında ağır hərbi məğlubiyyət bu düşmən ölkəni siyasi böhrana və ictimai xaosa sürükləyib. İndi Ermənistanda əsas siyasi fəaliyyət yalnız hakimiyyət uğrunda mübarizə ətrafında cərəyan edir. Və nə qədər qəribə də olsa, tamamilə fərqli problemlərin ağır yükü altında əzilməkdə olan Ermənistan cəmiyyəti bu siyasi proseslərə laqeyddir.

Məsələn, Ermənistanda əsgər valideynlərini hazırda öz övladlarının gələcək taleyi daha çox narahat edir. Ona görə də, savaş ehtimalı vəd edən və revanşist niyyətlər güdən çağırışlara ciddi şəkildə müqavimət göstərirlər. Hətta Ermənistan silahlı qüvvələrinə vətəndaş itəatsizliyi prosesinin getdiyi də qətiyyən diqqətdən yayınmır.

Bu baxımdan, baş nazir Nikol Paşinyanın ictimai qaydada dəstəklənməsinin əsas səbəblərindən biri də erməni xalqının müharibədən yana gözünün qorxmasıdır. Azərbaycanın tarixi və böyük qələbəsi, Ermənistan ordusunun isə boşu-boşuna böyük tələfatlar verməsi erməni xalqının ağlını başına gətirib.

Artıq Ermənistanda valideynlər öz uşaqlarının əsgərliyə aparılmasının, xüsusilə də Dağlıq Qarabağa göndərilməsinin qarşısını zor gücünə almağa çalışırlar. Onlar dəstələr yaradıb, hərbi çağırışa əsgər aparan avtobusların qarşısını kəsərək, uşaqlarını oradan düşürdüb, qaçırdırlar və ordudan yayındırırlar. Belə hadisələrdən biri yaxın günlərdə baş verib.

ermeni-unnamed.jpg (64 KB) 

Belə ki, hərbi hissələrin birindən, bir qrup çağırışçı gənc hərbi polisin köməyi ilə döyülərək, gecə saatlarında zorla avtobuslara doldurularaq, Dağlıq Qarabağa göndərilmək adı ilə yola salınıblar. Bunu öyrənən əsgər valideynləri Exeqnadzor bölgəsində avtobuslara çatıblar və övladlarını zorla geri qaytara biliblər.

Hazırda Ermənistanda belə bir proseslər gedir. Ermənilər baş nazir Nikol Paşinyan devrilərsə, onun əvəzinə hakimiyyətə kim gəlsə, müharibənin başlaya biləcəyini ehtimal edirlər. Bu ehtimal isə Ermənistan əhalisi arasında qorxu və xof yaratmaqdadır.

Bu baxımdan, Ermənistanın Baş Qərərgah rəisi Onik Qasparyanın hazırda mövcud hakimiyyətə qarşı tutduğu mövqeyə və baş nazir N.Paşinyanın istefasını tələb etməsinə ictimai dəstək müşahidə olunmur. Ordunun orta zabit heyəti isə erməni generalitetindən fərqli olaraq, baş nazir N.Paşinyanı dəstəkləməyə üstünlük verir. Çünki orta zabit heyətində hər kəs anlayır ki, Azərbaycanla bir daha müharibə olsa, onların böyük əksəriyyəti döyüş meydanından sağ çıxa bilməyəcək.      

Belə bir uğursuz və acınacaqlı vəziyyətlə üzləşən Ermənistanın qarşısında Azərbaycan dövləti öz hərbi-siyasi qüdrəti ilə dim-dik ayaqdadır. İndi Azərbaycan dövləti əsas hədəf kimi Qarabağın yenidən qurulması prosesini ön plana keçirib və bu istiqamətdə konkret addımlar atmaqdadır.

Eyni zamanda, rəsmi Bakı regional əməkdaşlıq formatlarının formalaşmasında da avanqard rolunu öz üzərinə götürüb. Yəni dövlətimiz yalnız Azərbaycanın deyil, ümumilikdə bütün Cənubi Qafqazın iqtisadi-ticari inkişafına, bölgə xalqlarının social rifah halının sürətlə yükşəlişinə yönəlik regional layihələrin işlənməsi prosesinə də liderlik edir. Və belə məsuliyyətli, tarixi mərhələdə Azərbaycan dövlətinə ictimai dəstəyin verilməsi də böyük önəm daşıyır.  

azer-unnamed.jpg (47 KB) 

Lakin təəssüf ki, bizim də içimizdəki “ermənilər” düşmənin bu fəlakətli durumunu görməzdən gəlməklə yanaşı, Azərbaycanın tarixi zəfərinin də əhəmiyyətini kiçiltməyə çalışırlar. Onlar öz məntiqsiz açıqlamaları ilə hətta Ermənistan mediası üçün mövzular və başlıqlar verirlər, ölkəmizin insanlarına münasibətdə informasiya təxribatları aparırlar. 

Əlbəttə ki, belələri o qədər də çox deyillər, bir ovucdurlar. Ancaq sosial şəbəkələrin verdiyi imkanları Azərbaycan dövlətinə qarşı qarayaxma məqsədilə istifadə edirlər. Tarixi qələbənin qürurunu yaşayan Azərbaycan vətəndaşları arasında pessimist əhval-ruhiyyənin yaradılmasına cəhd göstərirlər.

Onu da qeyd edək ki, içimizdəki “ermənilər”in ardıcıl fikir sistemləri də yoxdur. Onlar müxtəlif vaxtlarda, sonrakı dönəmlərdəki növbəti iddiaları ilə ziddiyyət təşkil edən açıqlamalara da artıq vərdiş ediblər. Belələri üçün nə demələri və iddialarının doğrulması və ya boşa çıxması o qədər də böyük əhəmiyyət daşımır. Əsas odur ki, Azərbaycan dövlətini qaralamaq üçün nəsə bir bəhanə tapa bilsinlər.

Məsələn, 44 günlük savaşdan cəmisi bir neçə gün əvvəl iddia edirdilər ki, Dağlıq Qarabağ münaqişəsi yalnız hərbi yolla nizamlana bilər. Ancaq rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün heç vaxt hərbi varianta cəsarət etməz. Və bu əsassız “arqument”lərini Azərbaycan dövlətinə qarşı inkaredilməz reallığa dayalı ittiham təqdim edirdilər.

Ancaq çox qısa zaman içərisində məyus oldular. Çünki, rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünü hərbi yolla bərpa etmək qərarı verdi. Azərbaycan ordusu hərbi əməliyyatlara başladı. Qısa müddətdə düşmənə sarsıdıcı zərbələr endirildi, işğal altındakı ərazilərimiz kənd-kənd, rayon-rayon azad edildi.

azra-696x429.jpg (90 KB) 

Təbii ki, “əkstəbliğat ustaları” da dinc durmadılar. Savaşın başlamasından cəmisi bir neçə gün əvvəl rəsmi Bakının hərbi varianta əl atmağa cəsarət etməyəcəyini iddia edənlər, həmin ittihamlarını bir anda unutdular. Və bu dəfə qəribə də olsa, savaşa qarşı çıxdılar. Əsas “arqumentləri” isə insan itkisinə səbəb olduğu üçün müharibənin yolverilməzliyini ifadə edirdi. Münaqişənin sülh danışıqları masası arxasında həllinin daha humanist variant olduğunu əsaslandırmağa çalışırdılar. Və savaşın dərhal dayandırılmasını tələb edirdilər.

Təbii ki, haqlı sual ortaya çıxır ki, bu adamlar bir belə ziddiyyətlərin içərisində olmağı necə bacarırlar? Yəni, əvvəlcə yeganə çıxış yolunun müharibəyə başlamaq olduğunu bəyan edib, cəmisi bir neçə gündən sonra savaş əleyhinə şüarlar icad etmək xüsusi qabiliyyətə bağlı olmalıdır. Və onların həqiqətən də belə qabiliyyətləri var.

Çünki Azərbaycanın tarixi hərbi zəfərinin təsdiqi olan 10 noyabr anlaşmasının imzalanmasından dərhal sonra fərqli ritorikaya qapıldılar. Bu dəfə “vətənpərvər libası”na bürünüb, həmin anlaşmaya qarşı çıxdılar. Belə ki, bu önəmli sənədin Azərbaycanın savaşda tam qələbəsini əngəllədiyini iddia etməyə, problemin həllinin yarımçıq qaldığını, ərazi bütövlüyün təmin olunmadığını “arqumentləşdirməyə” başladılar.

Əsas hədəf isə heç şübhəsiz ki, Azərbaycanın tarixi hərbi zəfərinin üzərinə kölgə salmaq, xalqın gözündə qələbənin əhəmiyyətini kiçiltmək cəhdindən başqa bir şey deyil. Qəribə də olsa, guya siyasətlə məşğul olduqlarını düşünən bu adamlar hər şeyə müxalif olmaq vərdişlərini hələ də eyni “arqumentlər” üzərindən davam etdirirlər. Hələ də savaşdan sonra yaranmış vəziyyətin bir çox cavabsız suallar doğurduğunu iddia edirlər. Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan Xankəndi və ətraf bölgənin gələcək taleyindən “narahat” olurlar.

Halbuki zaman irəlilədikcə, Azərbaycan dövləti 10 noyabr və 11 yanvar anlaşmaları çərçivəsində öz suveren hüquqlarını işğaldan azad edilmiş ərazilər üzərində bərpa etməkdədir. Hətta cərəyan edən proseslərin inkişaf istiqamətlərini doğru tuta bilməyənlər və ya bilərəkdən qərəzli ifadə edənlərin “cavabsız suallar”ını aradan qaldırmaq üçün rəsmi açıqlamalar da verilir.

a26e7dd20532f66feb458dcaceec5f1e.jpg (95 KB) 

Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamaları bir çoxlarının qərəzli “cavabsız sualları” üçün lazım olduğundan daha geniş məlumat yükünə malikdir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son açıqlaması isə Azərbaycanın tarixi zəfərinin üzərinə kölgə salmaq istəyənlərə dolayısı qınaqdır: “Qardaşımız Azərbaycan erməni işğalındakı torpaqlarını qəhrəmanlıqla xilas etdi, bölgədə yeni dövrün qapılarını açdı”.

Əslində, Azərbaycan və Türkiyə prezidentlərinin son açıqlamalarından sonra “qarayaxma müxalifəti”nin öz “ayıbına kor olub”, susması və ölkədə başlanmış genişmiqyaslı quruculuq prosesinə siyasi dəstək verməsə belə, heç olmasa, kənara çəkilib, əngəl törətməməsi lazım idi. Və bu, onların tərəfindən Azərbaycan xalqına ən yaxşı kömək olardı.

Ancaq deyəsən, belə fikirləri yoxdur, yenə də sakitləşmək istəmirlər. İndi bir çox “arqumentləri” mənasız görünən bu adamlar artıq xırda sosial mövzuları şişirdib, böyük “problemə” çevirmək üzərində “ixtisaslaşmağa” cəhd göstərirlər.

Halbuki zaman çox dəyişib və artıq kimsə belə qərəzli “canfəşanlığın” toruna düşməz. Belə müxalifətçiliyə kimsə aldanıb, maraq göstərməz. Ona görə də, AXCP, “Osmanqızı TV” və s. xaricdə yaşayıb, Azərbaycan dövlətini hədəfə alan “qarayaxma müxalifəti”nin bu davranışları erməni mətbuatına müxtəlif mövzular verməkdən başqa heç nəyə yaramaz. Erməni mətbuatının Azərbaycan haqqında nə yazması isə kimsəni narahat etməz.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR