İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarakalpakstanda və Xarəzmdə “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçiriləcək

495 16.10.2021 18:40 Mədəniyyət A A

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsinə əsasən cari il 20-23 oktyabr tarixlərində bu ölkənin Qarakalpakstan Respublikası və Xarəzm vilayətində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçiriləcək.

Layihəyə Azərbaycan və Özbəkistanın mədəniyyət nazirlikləri, Azərbaycanın Özbəkistandakı Səfirliyi, habelə sözügedən vilayətlərin rəhbərliyi dəstək göstərir.

İlk olaraq “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nin Nukus şəhərində Berdaq adına Qaraqalpaq Dövlət Musiqili Teatrında rəsmi açılış mərasimi olacaq, Azərbaycan sənətçilərinin iştirakı ilə bədii proqram təqdim olunacaqdır. Tədbirlərin davamı olaraq Acıniyoz adına Nukus Dövlət Universitetində Hüseyn Cavid adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzinin açılışı nəzərdə tutulub.

1.jpg (400 KB)

Tədbir çərçivəsində Nukus Dövlət Universitetinin müəllim və tələbələri ilə görüş, Azərbaycan milli geyimlərinin moda sərgisi, kitab sərgisi, yeni Azərbaycan filmlərinin nümayişi nəzərdə tutulub.
Özbəkistanın Xarəzm vilayətinin Xivə və Urgənc şəhərlərində də “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” ilə əlaqədar tədbirlərin keçirilməsi planlaşdırılır.

Urgenç Dövlət Musiqi və Dram Teatrında Azərbaycan – Özbəkistan Dostluq Konserti təşkil olunacaq, Azərbaycanın xalq artisti Gülyanaq Məmmədova, Azərbaycan saz ustaları, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblının çıxışları nəzərdə tutulub.

Urgənç Dövlət Universitetinə “Azərbaycan-Özbəkistan arasında mədəni-ədəbi əlaqələr: perspektivlər” mövzusunda konfrans, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda Azərbaycana dair Özbək dilində nəşr olunan kitabların sərgisi təşkil olunacaq.

Sözügedən tədbirlər çərçivəsində Nukus və Xivə şəhərlərində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığına dair çəkilmiş “Oltin koprik: Qızıl körpü” adlı sənədli film və “Dostluğun madhi” musiqi klipinin nümayişi nəzərdə tutulub.

Tədbirlər zamanı hər iki regionun kitabxanalarına Azərbaycana dair zəngin kitab kolleksiyaları hədiyyə olunacaq.

Qeyd edək ki, “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” tədbirlərində Özbəkistanda səfərdə olacaq Azərbaycan Milli Məclisinin deputatı, Mədəniyyət Komitəsinin rəhbəri Qənirə Paşayevanın da iştirakı nəzərdə tutulub.

Tədbirlərdə Millət vəkili Qənirə Paşayevanın Özbəkistan səfərinin xatirələrinə dair “Addım addım Özbəkistan” adlı kitabının təqdimatı da keçiriləcək.

Özbəkistanın Qarakalpakstan Respublikası və Xarəzm vilayətində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” tədbirləri hər iki ölkənin mətbuatında geniş işıqlandırılacaq.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR