Hərbi hissədə xaos
Biz hadisə yerinə 23.30-da çatdıq. Yol boyu qarşımızdan keçən təcili yardım maşınları faciənin miqyasından xəbər verirdi. Ümumqoşun Təlim Mərkəzi isə tam bir xaos içindəydi. 10-dan artıq təcili tibbi yardım maşını həyətdə gözləyirdi, 20-yə qədər həkim və şəfqət bacıları, yüzlərlə mülki şəxs, bir o qədər əsgər hərbi hissənin həyətində ora-bura vurnuxurdular. Ağız deyəni qulaq eşitmirdi. Komandirlər gah əsgərləri, gah da mülki şəxsləri sakitləşdirməyə çalışır, qorxulu heç nə olmadığını deyir, and içirdilər.
Mülki geyimli qoçu
Onlar bizim jurnalist olduğumuzu biləndə daha da həyəcanlandılar. Bizi bir kənara çəkməyə, hadisənin episentrinə buraxmamağa çalışdılar. Mülki paltarda olan, təxminən 22-23 yaşlarında idmançı görkəmli şəxs “Azadlıq” radiosunun əməkdaşı Səadət Akifqızının telefonunu əlindən almaq istədi, fiziki zorakılıq etməyə qalxışdı. Lakin “Yeni Müsavat”ın əməkdaşı və hərbi hissə üzrə növbətçi komandir ona imkan vermədi. Həmin şəxs hər kim idisə, belə görünürdü ki, özündən yaşca və rütbəcə böyük zabitlərə göstəriş verirdi. O, hətta arada qəzəblənərək jurnalistləri “içəri basmağı” da əmr etdi. Ancaq kütləvi panikaya görə bu əmri icra edən olmadı.
Təəssüf ki, biz o dəliqanlının ad-soyadını öyrənə bilmədik. Yalnız başqa mülki şəxs, eyni zamanda hərbçi “tutaq ki, Məmmədov Həsən Gülağa oğludur, nə edəcəksiniz?” deyə ona qahmar çıxdı. Bununla belə, onu öyrəndik ki, hərbi hissədə mülki paltarda gəzərək, özünü zabitlərin rəisi kimi aparan cavan oğlan təlim-tədris mərkəzinin rəislərindən birinin yaxın qohumudur və hazırda hərbi hissədə yaranmış vəziyyətə o nəzarət edir.
“Xalqın uşağı qırılır”
Bizi isə bu şəxslə və onun böyür-başında olanlarla mübarizə aparmaq yox, əsgərlərin taleyi maraqlandırırdı. Ətrafa yığışanlar danışırdılar ki, vəziyyəti daha ağır olanları artıq şəhərə və Müşviqabada aparıblar, ancaq hərbi hissədə hələ də vəziyyəti ağır olanlar var. Bəzi əsgərlər baş verənlərin təxribat və kütləvi panikanın nəticəsi olduğunu bildirirdilər. Onlar iddia edirdilər ki, özləri də saat 19-da verilən balıqla qidalanıblar, amma göründüyü kimi, onlara heç nə olmayıb. Onlardan biri bu sözü təkrar edəndə köməyə yetişmiş taksi sürücüsü onun üstünə çığırdı: “Adə, sən nə danışırsan, xalqın uşağı qırılır orda”.
Boş-bekar gözləyən həkimlər
Həkimlərdən vəziyyətin necə olduğunu soruşduq. Məlum oldu ki, onlar dezinfeksiya və “sanepidemstansiya” həkimləridir və hər ehtimala qarşı bura göndəriliblər. Adını verməyən bir həkim dedi ki, şəxsən o, hələ elə bir ağır xəstəyə rast gəlməyib: “Hamısı deyir, ürəyim bulanır, deyirəm, qus, deyir, bacarmıram, gəlmir. Mat qalmışam”. Elə bu vaxt onun oturduğu ambulansa iki əsgər gətirdilər və həkim onları maşına oturdaraq hallarını soruşdu. Biz də maraq etdik, “nə olub, uşaqlar, özünüzü necə hiss edirsiniz”, - deyə suallar verdik. Əsgərin biri halsız-halsız dedi ki, ürəyi bulanır, yediyini qaytarmaq istəyir, amma qaytara bilmir.
Onlar maşında sakitcə oturmuşdular və heç nə tələb etmirdilər. Həkim isə gileylənirdi ki, yaxşı, ciddi bir şey yoxsa, niyə onları gecənin bu vaxtı əsir eləyiblər.
“Meydanda düzülün!”
Bu arada komandirlər ayaq üstə olan əsgərləri dəhmərləyib meydana apardılar və hamının sıraya düzülməsini əmr etdilər. Əsgərlər əmrə tabe olaraq sıraya düzüldülər. Ancaq birdən onlardan biri huşunu itiribmiş kimi yerə sərildi. 3-4 əsgər onun əl-ayağından yapışıb təcili tibbi yardım maşınına apardılar. Qalan təcili yardım maşınları sakitcə gözləməkdəydi.
Hərbi hissənin rəhbərliyini xəbər aldıq. Növbətçi əsgərlərdən biri dedi ki, onların komandiri polkovnik Kamal Məmmədovdur, o, artıq hadisədən xəbər tutaraq təlim mərkəzinə gəlib. Ancaq ona yaxınlaşmaq mümkün olmadı. Zabit və əsgərlər mülki şəxsləri, xüsusilə də jurnalistləri təlim mərkəzinə buraxdıqlarına görə cəzalandırılacaqlarını bildirdilər; onlara problem yaratmamağı xahiş etdilər.
Ancaq hərbi hissədə vəziyyət o qədər xaotik idi ki, binəva əsgərlər heç nəyə nəzarət etmək gücündə deyildilər.
Daha bir həyəcan episentri - Müşviqabad
Daha sonra həyəcan siqnalı verə-verə və böyük sürətlə hərəkət edən təcili tibbi yardım maşınlarının ardınca biz də Müşviqabad qəsəbəsinə gəldik. 15 min əhalisi olan bu böyük qəsəbənin camaatı küçələrdə idi. Təkcə qəsəbə poliklinikasının yaxınlığına 2 minə qədər adam yığışmışdı. Hadisənin şahidi olanlar, xəstələri poliklinikaya daşıyan sürücülər ətrafdakılara gördüklərini danışırdılar. İdman paltarı geymiş bir gənc danışırdı ki, o, düz 5 dəfə Qaraheybətə gedib, xəstə əsgərləri poliklinikaya gətirib, axırıncı dəfə isə maşınını aşırıb. Gəncin dediyinə görə, onun maşınında poliklinikaya gələn əsgərlərdən biri keçinib, indi komandirlər onu qınayırlar ki, niyə maşını yavaş sürüb: “140-dan aşağı sürmürdüm, Allaha and olsun. Odu, maşınım da aşıb əzik-əzik olub, azı 3 min manatlıq xərci var. Oturduğum yerdə işə düşdüm”.
Qəsəbə poliklinikasının qarşısına gələn hərbi hissə komandirləri və polislər toplaşan camaatdan dağılışmağı tələb etdilər və bildirdilər ki, ölüm halı yoxdur, vəziyyət nəzarət altındadır. Ancaq insanlar onlara inanmadı.
Hay-küyə gələnlər arasında övladları ölkənin başqa yerlərində hərbi xidmətdə olan valideynlər də vardı və onlar da həyəcanlı idilər. Bəziləri qeyzlə deyirdilər ki, ilin-günün bu vaxtında əsgərə balıq verərlərmi, axı isti aylarda balığı heç soyuq ölkələrdə də yemirlər.
Yeni komandirin ilk iş günü
Ümumi təlaş səngiyəndən sonra Təlim Mərkəzi barədə bəzi məlumatlar əldə etdik. Məlum oldu ki, dünən bu mərkəzin rəhbərliyi dəyişdirilib. General-mayor Lənkəran Əliyevin yerinə polkovnik Kamal Məmmədov təyin edilib. Maraqlıdır ki, yeni komandirin ilk iş günündə belə bir hadisə baş verib.
Onu da qeyd edək ki, hələ hərbi hissədə olarkən aşağı komandir heyətinə mənsub olan bir zabit bütün bunların təxribat olduğunu deyir, özünü yalandan xəstəliyə vuranların, hissədə və şəhərdə panika yaradanların cəzalandırılacağını söyləyirdi.
Hər halda yaxın müddətdə həqiqət üzə çıxacaq. Hərbi hissədə kütləvi zəhərlənmə baş veribsə də, buna görə cavab verənlər olmalıdır, bu hadisə təxribat və ya sabotaj xarakterli olubsa da.
Ən son məlumatlara görə, dünən gecə xəstəxanalara və hospitallara 300-dən artıq əsgər yerləşdirilib.






