İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaradağın sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

3428 24.04.2018 09:30 Reportaj A A

Qaradağın sosial-iqtisadi inkişafı - real vəziyyət və perspektivlər; Süleyman Mikayılov: “Rayonda böyük işlər gedir; beynəlxalq əhəmiyyətli dəniz limanı tikilir, orada Azad İqtisadi Zonanın yaradılması nəzərdə tutulub, başqa layihələr də var ki...”

Bu gün Azərbaycanın iqtisadi xəritəsində mühüm yer tutan Qaradağ rayonunda təkcə ölkə səviyyəli deyil, beynəlxalq əhəmiyyətə malik layihələr həyata keçirilir. Bakının ərazi baxımından ən böyük rayonu olan Qaradağ son illər sənayenin inkişafı, ölkə iqtisadiyyatına töhfələri baxımından da ön sıralarda yer alır. Strateji əhəmiyyətli  coğrafi mövqedə yerləşməsi bu rayonun beynəlxalq nəqliyyat qovşağının mərkəzinə çevrilməsinə səbəb olub. Dəniz nəqliyyatı, dəmiryolu və avtomobil yolları ilə əhatələnən Qaradağ rayonu ölkənin iqtisadi inkişafı ilə bağlı qəbul olunan proqramlarda pilot rayon kimi önə çəkilir.

Qaradağ səfərində gördüklərimiz

Rayonun sosial-iqtisadi inkişafı ilə yerindəcə tanış olmaq üçün fotokamera və diktafonumuzu da götürüb Qaradağa yollandıq. Rayonun müxtəlif qəsəbələrindən keçdikcə yolboyu hər yerdə qızğın iş getdiyinin şahidi olduq. Bir yerdə yeni sənaye müəssisəsi tikilir, digər tərəfdə yol infrastrukturu yenilənir. Rayon ərazisində yolların əksəriyyətinin asfalt örtüyü yeni olduğundan nəqliyyatın rahat hərəkəti üçün şərait yaranıb. Əhalinin şəhərin mərkəzi ilə əlaqəsini təmin etmək üçün marşrut avtobusları da intensiv işləyir. Qaradağ rayonu mərkəzdən uzaq olsa da, insanların rahat yaşaması üçün lazım olan təhsil, səhiyyə mərkəzləri, ictimai-iaşə obyektləri, bank filialları fəaliyyət göstərir. Sakinlərin istirahəti üçün salınan yaşıllıqlar, parklar, uşaq əyləncə məkanları da öz yerində...

Söhbət etdiyimiz Qaradağ sakinləri də son illər rayonun simasının sürətlə dəyişdiyini bildirirlər. Onların sözlərinə görə, hələ sovet dövründən Qaradağ sənaye mərkəzi olsa da, insanların yaşam şəraiti baxımından bu qədər əlverişli deyildi. Hazırda isə, istər kommunal xidmətlər, istər yol infrastrukturu, istərsə də məşğulluq baxımından, Qaradağda xeyli işlər görülür. Rayonda fəaliyyətə başlayan sənaye müəssisələri əhalinin iş yerləri ilə təmin olunmasına şərait yaratmaqla yanaşı, digər rayonlardan insanların buraya köç etməsinə də səbəb olub.

Həmsöhbətimiz, yaşı 60-ı haqlayan Hüseyn Məmmədov uzun illərdir Qaradağda yaşadığını, son dövrlərdə  gedən sürətli inkişaf prosesindən məmnun olduğunu dedi: “Rayonda aparılan işlər göz önündədir. Xeyli sənaye müəssisəsi fəaliyyət göstərir ki, bu da insanların iş yerləri ilə təmin olunması üçün yaxşı haldır. Yollar yenilənib, əvvəllər olduğu kimi kommunal problemlər yaşamırıq. Səhiyyə və təhsil müəssisələri normal səviyyəyə gətirilib. Başqa iri layihələr də həyata keçirilir ki, ölkəmizin inkişafı baxımından önəmlidir”.

Məlumat üçün qeyd edək ki, Qaradağda iri sənaye müəssisələri, o cümlədən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu, Qaz Emalı Zavodu, Ə.Əmirov və N.Nərimanov adına neft-qaz çıxarma idarələri, “Holcim” və “Norm” sement zavodları, Metal Konstruksiyalar Zavodu, Bakı Gəmiqayırma Zavodu faəliyyət göstərir. Bir rayonun payına düşən iri sənaye müəssisələrinin sayına görə də Qaradağ birincidir.

Bundan başqa, rayonda Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi də sürətlə davam edir. Hazırda müzakirəsi davam edən “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi  qəbul olunub həyata keçirildikdə isə, Qaradağ rayonu  xüsusi iqtisadi zonaya malik olması ilə dünyanın Dubay, Honkonq, Şanxay, Sinqapur kimi nəhəng nəqliyyat-logistika mərkəzinə çevriləcək.

İlgili resim

Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılov da “Yeni Müsavat”a  açıqlamasında ev sahibliyi etdiyi böyük iqtisadi layihələrlə bağlı məlumat verdi, gələcək planlardan söz açdı: “Hazırda Qaradağ rayonunda böyük işlər gedir. Beynəlxalq əhəmiyyətli dəniz limanı tikilir, orada Azad İqtisadi Zonanın yaradılması nəzərdə tutulub. Başqa layihələr də var ki, onlara investisiyaların cəlb olunması nəzərdə tutulur. Artıq bəzi sahələrə yatırımlar olub, iş gedir. Beynəlxalq əhəmiyyətli layihələrin məhz Qaradağda icra edilməsinin əsas səbəbi odur ki, bura sənaye rayonudur, böyük istehsal müəssisələri fəaliyyət göstərir. Liman tikildikdən sonra burada istehsal olunan məhsulların daşınması da daha rahat olacaq. Bundan başqa, Qaradağ neft-qaz sənayesinə malik bir rayon olduğu üçün də strateji baxımdan əhəmiyyətli hesab olunur”.

İcra başçısı onu da vurğuladı ki, azad ticarət zonasının yaradılmasından sonra Qaradağ  Dubay, Şanxay kimi dünyanın logistik mərkəzinə çevriləcək: “Beynəlxalq Dəniz Limanı və Bakı-Tiflis-Qars dəmiryolu Qaradağ rayonundan keçməklə yüklərin daşınması baxımından daha əlverişli olacaq və Azad İqtisadi Zonanın yaradılmasında mühüm rol oynayacaq. Limanın tikintisi tam başa çatdıqdan sonra isə illik yükdaşımalar 25 milyon tona, konteyner daşınması isə 1 milyona çatdırılacaq. Bu özü də onu göstərir ki, Qaradağ önəmli bir rayondur. Rayonun inkişafı , infrastrukturun yenidən qurulması cənab prezidentin nəzarətindədir. Biz də çalışırıq ki, üzərimizə düşən vəzifələri yerinə yetirək”.

“Qaradağda hava limanı da salına bilər”

Qaradağ rayonunun deputatı Aydın Hüseynov ile ilgili görsel sonucu

Qaradağ rayonunun deputatı Aydın Hüseynov da “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, ümumilikdə dünyanın iqtisadi xəritəsini dəyişəcək beynəlxalq layihələr Qaradağda həyata  keçirilir: “Bunlardan ən başlıcası Səngəçal terminalıdır ki, Bakı-Tiflis-Ceyhan neft kəmərinin başlanğıcı oradandır. Bundan başqa, cənab prezidentin müəllifi olduğu Bakı-Tiflis-Qars layihəsi də Qaradağ rayonunda həyata keçirildi. Yeni Bakı Dəniz Ticarət Limanı, Qaradağ Gəmiqayırma Zavodu, Qaradağ Sənaye Parkı və ən nəhayət, haqqında qanun layihəsinin də hazırlandığı Ələt Azad İqtisadi Zonası kimi böyük layihələr Qaradağ rayonunda fəaliyyət başlayıb. Biz ölkə iqtisadiyyatından, o cümlədən Qaradağ rayonundan danışırıqsa, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun adını çəkməyə bilmərik. Bu zavodun tikintisi ulu öndər Heydər Əliyevin təkidi ilə Qaradağ rayonunun Sahil qəsəbəsində həyata keçirildi və ”Əsrin müqaviləsi"nin bağlanmasında ən başlıca baza rolunu oynayan böyük bir zavod oldu. Qaradağ rayonu ərazi baxımından Bakının 51 faizini təşkil edir, böyük bir rayondur. Eyni zamanda burada fəaliyyət göstərən böyük sənaye müəssisələri təkcə Azərbaycanın və regionun deyil, bütün Avrasiya məkanının mühüm layihələri içərisində yer alır. Ölkə  və region əhəmiyyətli böyük iqtisadi layihələrin məhz Qaradağda həyata keçirilməsinin əsas səbəbi isə bu rayonun strateji baxımdan əhəmiyyətli nöqtədə yerləşməsidir. Bu rayon nəqliyyat qovşağının mərkəzidir. Bütün istiqamətlərdə respublika əhəmiyyətli magistral yollar Qaradağdan, xüsusilə də Ələt ərazisindən keçir. Eyni zamanda rayonumuz Xəzər dənizinin sahillərini də əhatə edir ki, bu da həm gəmiçilik üçün, həm də Mərkəzi Asiya respublikaları ilə əlaqə saxlamaq baxımından çox əlverişlidir. Qaradağ rayonu həm dəniz yolu, həm avtomobil yolları, həm də dəmiryollarının kəsişməsində yerləşir. Rayon bu mənada böyük strateji əhəmiyyətə malikdir. Gələcəkdə isə Qaradağda hava limanının salınacağı da gözlənilir. Bununla da Azad İqtisadi Zonanın formalaşması üçün ən mühüm amillər burada formalaşmış olacaq".

Bakının işsizlik olmayan rayonu...

Deputatın sözlərinə görə, rayonun inkişafında və böyük bir sənaye  şəhərinə çevrilməsində prezident İlham Əliyevin böyük rolu var: “O, Qaradağ rayonundan deputat seçildiyi dövrdən etibarən rayonda böyük quruculuq işləri başlayıb. Ölkəmizin Birinji vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qaradağ rayonunun Lökbatan qəsəbəsində 1000 nəfər ailəni əhatə edən yaşayış kompleksi inşa olunur. Qaradağda bu qədər beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin həyata keçirilməsi, sənaye müəssisələrinin açılması rayon əhalisinin sosial rifahı baxımından da çox önəmlidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədi Azərbaycan  vətəndaşlarının maraqlarının qorunması, sosial rifahının yüksəldilməsidir. Bu baxımdan açılan sənaye müəssisələrində vətəndaşlarım işlə təmin olunması əsas prioritetdir. Bu mənada Qaradağ rayonunda işsizlik, demək olar ki, yoxdur, əhalinin gəlirləri artır. Eyni zamanda Bakı şəhərinin digər rayonlarından da insanlar Qaradağa köçüb, burada yaşamağa çalışırlar. Çünki rayonda  həm infrastruktur formalaşıb, həm də iş yerləri var”.

Sabiq maliyyə naziri Fikrət Yusifov da diqqətə çatdırdı ki, Qaradağı başqa bölgələrdən fərqləndirən cəhətlərdən biri onun ərazisinin kifayət qədər böyük olması və bu ərazidə iri sənaye müəssisələrinin fəaliyyət göstəməsidir: “Azərbaycan hökumətinin təməli 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş neft-qaz strategiyası son illər ərzində Bakının bu rayonunun həyatında əsaslı dəyişikliklərə gətirib çıxartdı. Bu gün, BTC neft boru kəməri başda olmaqla, Azərbaycanın neft və qazını dünyaya daşıyan bütün digər boru nəqliyyatının yolu bu rayonun ərazisindən başlayır. Qaradağ artıq təkcə Bakının deyil, ümumilikdə respublikanın ən böyük sənaye mərkəzlərindən birinə çevrilib. Bu gün buradan Azərbaycanın neft-qaz kəmərləri ilə yanaşı, yeni nəqliyyat arteriyası da dünyaya açılır. Ələt qəsəbəsində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin istifadəyə verilməsi Azərbaycanı Avropa-Asiya, Şimal-Cənub nəqliyyat arteriyalarında başlıca mərkəzə çevirəcək. Yeni limanın birinci mərhələdə yükaşırma qabiliyyəti ildə 10 milyon ton yük və 50 min konteynerdir. İkinci mərhələdə bu göstərici 17 milyon ton yük və 150 min konteynerə, üçüncü mərhələndə 25 milyon ton yük və 1 milyon konteynerə çatdırılacaq. Xəzər dənizi hövzəsində ən böyük logistika mərkəz olacaq Ələt limanı vasitəsilə gələcəkdə yüz milyonlarla ton yükün Azərbaycan üzərindən daşınması baş verəcək”.

Yusifovun fikrincə, bu limanın ərazisində yaradılacaq Azad İqtisadi Zona isə Qaradağın iqtisadiyatına xüsusi bir töhfə olacaq: “Bir sözlə, yaxın gələcəkdə Qaradağ rayonu Qərblə Şərq, Şimalla Cənub arasında beynəlxalq tranzit yükdaşımalar sahəsində ən böyük logistika mərkəzinə çevriləcəkdir. Rayonun iqtisadiyyatı da sürətlə inkişaf etməkdədir. Belə ki, 2017-ci ildə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. Qaradağ rayonunun rəhbərliyi onun sürətli iqtisadi inkişafını təmin etmək məqsədilə xarici investisiyaların cəlb edilməsi sahəsində səmərəli fəaliyyət göstərir. Belə ki, ötən il Qaradağ rayonu ilə Çin, Koreya və Latviyanın bir sıra vilayətləri arasında xarici sərmayələrin rayonun iqtisadiyyatına cəlb edilməsi istiqamətində müvafiq sənədlər imzalanıb”.

Sonda onu da qeyd edək ki, Qaradağ rayonunun bir sənaye və nəqliyyat mərkəzi kimi  iqtisadi  perspektivi həm də ölkəmizin dünya ticarətindəki yerini müəyyən edən ən önəmli amilə çevriləcək. Bu səbəbdən hazırda görülən işləri bu yolun başlanğıcı saymaq olar.

Yazı Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim edilir.

Nərgiz LİFTİYEVA,
fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR