Zəngəzurun sərhəd kəndləri yeni İran yoluna görə boşaldılır.
Ermənilərin sərhəd kəndlərdən köçməsi haqda iddialar yayılsa da, bunun səbəbi haqda dəqiq fikir deyən yoxdur. Bu köçü Ermənistanda hərbçi qıtlığı ilə izah edənlər də var. Bildirilir ki, həmin kəndləri qorumaq üçün sərhədçi yoxdur və bu səbəbdən əhalisi 5-10 ailədən ibarət sərhədyanı kəndlər boşaldılır. Daha bir iddia isə yeni salınan Ermənistan-İran yolunun tikintisi ilə bağlıdır.
Ermənistan Gorus-Qafan avtomobil yoluna alternativ olaraq çəkilən 43 kilometrlik Tatev-Aqvan yolunun tikintisini yaxın tezlkdə başa çatdırmağı düşünür. Bu ölkənin idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib ki, sonuncu kilometrin asfaltlanmasına başlanıb.
Sanosyanın sözlərinə görə, hava şəraiti imkan verərsə, yolun tikintisi bu həftə başa çatacaq. Xatırladaq ki, bu ilin sentyabrında Azərbaycan silahlı qüvvələri Gorus-Qafan avtomobil yolunun onların nəzarətində olan sektorunda post qurub. Bu postda İrandan Ermənistana gedən yük maşınlarının yoxlanmasına başlanıb. Elə həmin vaxt İran rəsmiləri Gorus-Qafan yoluna alternativ olaraq çəkiləcək yolun tikintisində Tehranın İrəvana dəstək verəcəyini bildirmişdilər. İran indi bu məsələdə Ermənistana hərtərəfli dəstək verir. Lakin Qnel Sanosyan etiraf edib ki, alternativ yolun Tatev aşırımı hissəsi ən mürəkkəb hərəkət sektoru olacaq: “Tat dərəsində üç döngə var. Burada yük maşınları çox böyük çətinliklə dönürlər. Amma bu, hər halda qeyri-mümkün deyil, keçmək olur. Bu problemi nəzərə alaraq, daha doğrusu, bu problemin olmaması üçün biz hazırda Tatev-Ltsen yolunun çəkilişi proqramını həyata keçiririk. Hazırda 19 kilometrlik bu hissədə iki tərəfdən iki şirkət işləyir. Bu il biz bu yolun çınqıl örtüyünü başa çatdıracağıq, amma asfaltlama işləri 2022-ci ilə qalacaq”. Nazirin sözlərinə görə, başqa yolun çəkilməsi o demək deyil ki, Ermənistanın Gorus-Qafan yolunun Azərbaycanın nəzarətində olan 21 kilometrinə heç bir ümidi qalmayıb. Sanosyan qeyd edib ki, bu problem sərhədin delimitasiya və demarkasiyası ilə başa çatacaq.
"Yaxın günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilməsi mümkündür".
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan XİN başçısının müavini Vahe Gevoqyan deyib.
Moskva görüşü ertələnir(mi)? ‘’Olacaq’’ xəbərini ilk yayan İrəvan niyə indi “xəbərsizik” deyir?
“Azərbaycan və Ermənistan liderlərinin görüşmək planları barədə bizdə heç bir məlumat yoxdur”. Ermənistan baş nazirinin Aparat rəhbəri Arayik Arutyunyan belə deyib. O, qeyd edib ki, məsələ ilə bağlı Ermənistan XİN-i açıqlama yayıb və onun bu sözlərə heç bir əlavəsi yoxdur.
“Hazırda müxtəlif formatlarda sərhəd məsələsi və kommunikasiyaların açılması ilə bağlı mövzular müzakirə olunur. Lakin bu görüşlə bağlı konkret qərar yoxdur və müzakirə də olunmur”. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova da deyib ki, “Azərbaycan və Ermənistan liderlərinin görüşəcəyi təqdirdə iki ölkənin müvafiq mətbuat xidmətləri Rusiyaya da məlumat verəcək”.
Belə görünür ki, üçtərəfli görüşün noyabrın birinci ongünlüyündə ola biləcəyi haqda məlumatları İrəvan mediaya qəsdən və ya vaxtından əvvəl sızdırıb. Bununla həm daxili ictimai rəyi, həm Azərbaycanın gözlənilən sənədlərinin imzalanmasına reaksiyasını öyrənmək istəyib. Yəni bəlkə də, Moskva görüşü ümumiyyətlə, yaxın günlərdə olmaya da bilər.
Rusiyada, xüsusilə Moskvada koronavirusla bağlı vəziyyət kritikdir və “korona tətilinin” noyabrın 7-dən sonra da uzadılacağı gözləniləndir. Putinin dövlət rəsmiləri ilə video-görüntülü görüşməyə üstünlük verdiyi bu günlərdə, iki ölkə rəhbərliyini masa arxasına toplaması bəlkə də qəribə görünə bilər. Görüşün deyilən vaxt baş tuta bilməyəcəyini göstərən daha bir ipucu da var. Məlumdur ki, bir neçə gün əvvəl bu ilin 11 yanvarda imzalanmış sənədə əsasən, yaradılmış üçtərəfli İşçi Qrupu uzun fasilədən sonra bir araya gəldi, amma heç bir qərara gəlmədən də dağılışdı. Kommunikasiyalarla bağlı razılaşmalar isə ilkin olaraq İşçi Qrupunda razılaşdırılmalıdır. Razılıq yoxdursa, demək sərhədin demarkasiyası və delimitasiyası, eləcə də Zəngəzur nəqliyyat dəhlizinin həllinə ciddi maneələr yenə qalır...Danışıqlar baş tutmasa, gözlənilən sənəd imzalanmasa, bundan sonra nə olacaq? Ermənistan müxalifətin hıərəkətliliyini, və “daxili vəziyyəti” bəhanə edərək Moskva görüşündən yayınmaqla vaxt udmaqmı istəyir?
Ermənilər yenə anti-Rusiya havasına girdi-Putinin “dilindən tutublar”...
Ermənistan mətbuatında və cəmiyyətdə ötən il baş verən 44 günlük müharibə ilə əlaqədar Rusiyaya qarşı ittihamlar səngimək bilmir. İndi də Rusiyanı müasir silah sistemlərini bilərəkdən verməməkdə ittiham edirlər.
Sözügedən məsələ ilə bağlı “ArmenianReport” portalı yazır ki, Rusiya bilərəkdən PUA və REB-ləri Ermənistana verməyib: “Rusiya bizim strateji müttəfiqimizdir”, “Rusiya və Ermənistan həm ikitərəfli müqavilələr əsasında, həm də KTMT çərçivəsində müttəfiqdir”, “Rusiya bütün gücünü erməni dövlətlərinə qəsd edənlərin üzərinə atacaq”. Uzun illər erməni cəmiyyəti bu nağıllarla həm Ermənistandakı “beşinci kolon”un çoxsaylı nümayəndələri, həm də Robert-Serjik rejiminin pulunu ödəmiş rusiyalı ekspertlər tərəfindən doldurulub. Ermənistanda çoxları onlara inanırdı və buna görə də rahat, sakit vəziyyətdə qaldılar. Ancaq belə olmadı. Rusiya ordusunun arsenalında həm müasir PUA-lar, həm də onlarla mübarizə aparan sistemlər var. Bunu Soçidə Putin də etiraf etdi. Putin dedi ki, Rusiya son illərin münaqişələrində özünü effektiv və təhlükəli silah kimi göstərən pilotsuz uçuş aparatlarının hücumlarını effektiv şəkildə dəf etməyi öyrənib. Müttəfiqimizin iki mindən çox PUA və müasir PUA əleyhinə REB sistemləri var. Lakin Moskva onların kiçik bir hissəsini belə Ermənistanla bölüşmək istəmədi. Moskva bizə ən azı yüz PUA və bir neçə REB sistemi, məsələn, "Silok" və ya RB-341V "Leer-3" satsaydı, müharibənin nəticəsi açıq şəkildə fərqli olardı. Amma təəssüf ki, Rusiya özünün dar düşüncəli maraqlarını rəhbər tutaraq, Ərdoğan və Əliyevin dövründə “yıxıldı” və bununla da Zaqafqaziyadakı yeganə müttəfiqinə xəyanət etdi”.
Göründüyü kimi, Ermənistan yenə məğlub olmalarının səbəbini Rusiyada axtarır. Maraqlıdır, ermənilər niyə yenidən anti-Rusiya havasına kökləniblər? Müharibədən sonra Rusiyanın ittiham edən, sonradan isə yenə Moskvaya, Putinə sığınan ermənilərin dərdi niyə yadlarına düşdü? Rusiya “Bayraqdar”ı vurmaq üçün müasir PUA və ondan qorunmaq üçün müasir REB sistemləri versəydi, müharibənin nəticəsi Ermənistanın xeyrinəmi olacaqdı?
Bu və gündəmdəki digər xəbərləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






