“Qarabağda savaş başlayandan bir neçə dəfə Ağdamda olmuşam. Şahidi oldum ki, insanların çox gözəl əhval-ruhiyyəsi var. Əsgərlərimizin də üzü gülür”.
Bu sözləri Qarabağ qazisi, Tutu ləqəbli Rüxsarə Cumayeva Musavat.com-a açıqlamasında bildirib. Birinci Qarabağ savaşının iştirakçısı olmuş Rüxsarə Cumayeva bu gün ordumuzun çox böyük gücə malik olduğunu qeyd edib:
“Birinci Qarabağ savaşında pərakəndə ordumuzun bugünkü kimi texnikası, güclü artilleriyası yox idi. Bu gün rəşadətli ordumuz hər gün, hər saat daha da irəliləməkdədir. Bu savaş sübut etdi ki, güclü ordumuz, dövlətimiz var.
Əlbəttə ki, torpaqlarımızı geri alırıqsa, şəhid də verəcəyik, yaralımız da olacaq. Qələbə qazanırıqsa, şəhidlərimizin də ruhu şad olur.
30 il vədlərə inanaraq gözlədik ki, torpaqlarımız sülh yolu ilə geri qaytarılar. Lakin gördük ki, qarşı tərəf bunu başa düşmədi və Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz əks-hücuma keçərək, torpaqlarımızı işğaldan azad etməyə başladı. Bu günə şükürlər olsun.
Qeyd etdiyim kimi, imkan olduqca Ağdama gedirəm. Düşmən nə qədər mərmi, güllə atsa da, insanlar evini tərk etmir. Xalq öz işində, gücündədir, öz torpağından çıxmağı qətiyyən düşünmür. Bu da bizim əsgərlərimizdə, ordumuzda böyük ruh yüksəkliyi yaradır. Əsgərlərimiz bilir ki, onun arxasında xalq durur.
Xalqımız da hər zaman ordumuzun yanındadır. Doğrudur, ordumuzun heç nəyə ehtiyacı yoxdur, dövlət tərəfindən hər bir şeylə təmin olunub. Lakin sivil vətəndaşlardan kimin əlindən nə gəlirsə, orduya dəstək olmağa çalışır. Kimisi yemək bişirib göndərir, kimisi isti paltar göndərməyə çalışır. Bunun özü fəxarətdir”.
Qarabağ qazisi əsgərlərlə görüşündən də danışıb:
“Ağdamda olarkən fürsətim oldu ki, əsgərlərimizlə də görüşüm. Onların üzlərindəki o təbəssümü heç zaman unutmayacam. 90-cı illərdə də əsgərlərimiz döyüşlərə gülə-gülə gedirdi, baxmayaraq ki, 10 dəqiqə sonra biz həmin əsgərlərimizi itirirdik. Bu gün ordumuzun əzmi qarşısında düşmən tab gətirə bilmir, silahını, tankını qoyub, qaçır. Allah ordumuzu qorusun, ona dayaq olsun. Tezliklə bayrağımız Şuşada, Kəlbəcərdə, Laçında da dalğalansın. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Rüxsarə Cumayeva Türkiyənin Azərbaycana dəstək olmasından da söz açıb:
“Bir müddət bundan əvvəl Türkiyənin İstanbul şəhərində Qarabağa dəstək mitinqində iştirak etmişdim. Şahidi oldum ki, doğrudan da Türkiyə xalqı Azərbaycanın yanındadır. Onların arasında çoxlu sayda insanlar var idi ki, Qarabağa gəlmək, döyüşmək, yardım etmək istəyirdilər. Bu da onu göstərir ki, Azərbaycan-
Türkiyə birliyi möhtəşəmdir, daimidir. Var olsun Türkiyə!
Həmçinin bu savaş kimin bizə dost, kimin düşmən olduğunu bir daha aydın göstərdi. Pakistan, Gürcüstan, Ukrayna da ölkəmizə dəstək nümayiş etdirdi. Hətta gözləmədiyimiz halda İsrail də bizə dəstək oldu. Çünki bütün hamı bilir ki, Azərbaycan öz haqqı, öz torpaqları üçün döyüşür, o müqəddəs torpaqlar Azərbaycanındır”.
Xalidə Gəray
Musavat.com






