İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdakı qələbəmizin Tokioda davamı niyə gəlmədi?

682 05.08.2021 08:05 İdman A A

 

Azərbaycan millisi Tokio Yay Olimpiadasında çox sönük çıxışı ilə yadda qalır. Artıq yarışın bitməsinə üç gün qalır və təsəvvür edin ki, indiyədək cəmi 3 bürünc qazanmışıq. Bu nəticənin təsiri ilə avqustun 2-də kişilərdən ibarət cüdo millimizin məşqçilər heyəti bütünlüklə istefaya göndərilib. Belə ki, ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun azərbaycanlı köməkçiləri - Elxan Məmmədov, Nazim Hüseynov, Mehman Əzizov, Elçin İsmayılov və Rüstəm Alimli komandadan qovulub. Həmçinin yüksək əmək haqqı alan cüdoçuların maaşlarının azaldılması barədə qərar verilib. Uğursuz çıxışın səbəbləri barədə idman mütəxəssislərinin ən müxtəlif fikirlərinə rast gəlirik.

Çox haqlı olaraq, bir sual da yaranıb. İdmançılarımız Tokioda Qarabağdakı qələbəmizin davamını niyə gətirə bilmədilər?

İdman mütəxəssisi Natiq Muxtarlı rəhbər şəxslərin istefaya getməsinin vacibliyini vurğuladı: “Qarabağda qazanılan qələbə uzun illər ərzində qurulan və həyata keçirilən strategiyanın nəticəsi idi. Çox təəssüf ki, Azərbaycanın idman təsərrüfatında belə strategiya olmayıb. İdman təsərrüfatına başçılıq edənlərin planı belə olub: necə edək ki, bu gün nəticə olsun. Sabah heç kimi düşündürməyib. Ona görə də demək olar ki, bütün idman növlərində legionerləşdirmə siyasəti aparılıb. Xaricdən idmançılar dəvət olunub, yerli idmançıların yetişdirilməsindən isə birmənalı olaraq imtina edilib.

Qurbanov o futbolçunu komandadan qovdurdu ki..." - İdman jurnalistindən  SENSASİON ETİRAF

Natiq Muxtarlı: “Biabırçılıqdan sonra məşqçilər korpusu yox, rəhbər şəxslər istefaya getməli idi”

Bu yanaşma da gec-tez öz təsirini göstərməli idi. Və Tokiodakı nəticələr göstərir ki, uzun illər ərzində səhv yolla getmişik. Cüdoda yaşanan fiasko da gözlənilən idi. Yığma komandanı heç bir məşqçi təcrübəsi olmayan əcnəbiyə tapşırmaq, yerli mütəxəssislərə güvənməmək ancaq və ancaq diletant idarəçilərin yanaşması ola bilərdi. Cüdo Federasiyasında da diletantlar, yalnız öz maraqlarını güdənlər oturublar. Tokiodakı biabırçılıqdan sonra məşqçilər korpusu yox, rəhbər şəxslər istefaya getməli idilər. O məşqçilər bu rəhbərlərin seçimi idi. Bunları göndərib yenə də onlara oxşarlarını gətirəcəklər. Bilirsiniz niyə? Çünki idman strategiyaları yoxdur, ümumiyyətlə, idmanın sfesifik xarakterlərindən xəbərsizdirlər. Onlar ancaq pul xərcləməyi bacarırlar. Xərclənən pul da Azərbaycan idmanının intibahına yox, tənəzzülünə gətirib çıxardıb. Təkcə Cüdo Federasiyasında yox, digər idman növlərində də durum belədir. Ümumiyyətlə, Gənclər və İdman Nazirliyi də eyni tendensiya ilə işləyib. Sanki federasiyaları da nazirlik yönləndirib. Legionerləşmə siyasəti nazirliyin prioritet hədəfi olub. Amma hədəf bu olmalı idi: Azərbaycan üçün ənənəvi olan idman növlərinin infrastrukturu ölkənin qəsəbə və kəndlərində yaradılsın. İnfrastruktur qurulandan sonra isə minlərlə uşaq və yeniyetmə o məktəblərə cəlb olunacaqdı. Beləcə, həm peşəkar idmançı, həm də cəmiyyət üçün sağlam, pis vərdişlərdən uzaq vətəndaş yetişəcəkdi.

Əgər bu sadə həqiqətən qəbul edilsəydi, həyata keçirilsəydi, bu gün Azərbaycan idmanı xaricdən legioner gətirməzdi, özü idmançı ixrac edərdi. Artıq səhvə yol verdiyimizi anlamalı, idmanımızı bu duruma salanlardan qurtulmalı və bəlli strategiya müəyyənləşdirməliyik. O strategiyanı həyata keçirə bilsək, Qarabağda qazandığımız qələbələr olimpiya meydanlarında da reallaşacaq. O strategiya idmanımızın sabahkı qələbələrinin təməli olmalıdır. Əks təqdirdə, sabah bu günümüzə də şükür edəcəyik".

Nişan və toy mərasimlərinə futbol oyunlarından daha çox adam gəlir"

Kənan Məstəliyev: “Dövlət başçımız Olimpiadadan sonra bu məsələyə lazımi diqqəti yetirəcək və...”

İdman yazarı Kənan Məstəliyev uğursuzluğun səbəblərini bu cür sadaladı: “Qarşıda hələ bir neçə idmançımızın çıxışı qalsa da və onların medal qazanma imkanları olsa da, budəfəki Olimpiadada çıxışımızı uğursuz adlandırmaq olar. Çünki bu günə medal sayımız azı iki dəfə çox ola bilərdi. Məsələn, cüdoda. Tarixdə ilk dəfə bütün çəkilərdə lisenziya qazanmışdıq. Medalı isə yalnız Kindzerska qazandı. Buna əsas səbəb məşqçilər heyətinin zəif işidir. Maşurenko Azərbaycana gələnə qədər heç bir yerdə məşqçi işləməmişdi. Bu işdə təcrübəsi olmayan adama bu qədər məsul vəzifəni tapşırmaq böyük səhv idi. Düzdü, artıq o, başda olmaqla, bütün heyət istefaya göndərilib. Ancaq bu, arxadan atılan daşdır, heç bir əhəmiyyəti qalmayan, postfaktum addımdır. Bunu vaxtında düşünmək lazım idi.

Məsələyə ümumi baxanda isə ölkə idmanı böhrandadır, böyük islahatlara ehtiyac var. Sistem işləmir, çürüyüb. Sovet beyni ilə düşünən, hərəkət edən, yenilikləri qəbul etməyən, işi-gücü ancaq özünü ön plana çıxarıb pul qazanmaq, inkişafa ayaq uydura bilmədiyindən onun qarşısını almağa çalışan yüzlərlə, minlərlə insan var. Struktur yoxdur, yalnız kağız üzərindədir, boş, yalançı, pafos dolu sözlər əsl işi üstələyir. İdmanda yeni səhifə açılmalıdır. Ümid edirəm ki, dövlət başçımız Olimpiadadan sonra bu məsələyə lazımi diqqəti yetirəcək və ciddi addımların atılması üçün “düyməyə” basacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR