Bu gün ermənilərin işğal olunmuş Azərbaycan ərazilərini tərk edərkən timsah göz yaşları axıtdıqları xristian məbədlərinin ermənilərə aidiyyatı yoxdur. Bu abidələrin xüsusən qədim tarixə malik olanları Qafqaz Albaniyası dövlətinin tarixi irsidir.
Azərbaycan hökumətinin rəsmi məlumatına əsasən, ölkəmizin işğal altında olmuş torpaqlarımızda qalan tarixi-dini abidələrin sayı 403-dür. Bunlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahlardır.
Məscidlərin taleyi hər kəsə məlumdur. Şuşadakı Yuxarı Gövhər Ağa məscidi ötən il xarici şirkət tərəfindən təmir olunana qədər dağıdılmış vəziyyətdə idi. Ağdam, Zəngilan və Qubadlıda içərisində donuz saxlanan tarixi məscidlərimizin kadrlarını bütün dünya izlədi. Yeri gəlmişkən, Xocavənd rayonu ərazisində 1894-cü ildə tikilmiş Rus Pravoslav Kilsəsi də məscidlərin acı taleyini yaşayıb. Dağlıq Qarabağ ərazisindəki yeganə rus pravoslav kilsəsi işğaldan sonra xaraba qalıb.
Tarixi-dini ədalətsizlik

Lakin indi ermənilər tərk etməyə məcbur qaldıqları Kəlbəcər və Laçındakı xristian abidələri üçün saxta göz yaşı tökürlər. Halbuki bu abidlər ermənilərə məxsus deyil, qədim Alban abidələridir. Çünki bu abidələri ermənilər 200 ilə yaxındır ki, özününküləşdirib.
1828-ci ildə Cənubi Qafqazı işğal edən Rusiya İmperiyası bu ərazilərə ermənilərin kütləvi köçünü təşkil edib. 1836-cı ildə isə Çar hakimiyyəti ermənilərin müraciəti əsasında tarixi cinayətə yol verərək Alban Həvvari Kilsəsi və ya Alban Katolikosluğunu erməni-qriqorian kilsəsinə birləşdirməklə bağlı qərar verib. Bununla da Qafqazın əsas sahibi olan alban xristian kilsəsi erməni kilsəsinə tabe etdirilərək tarixdən silinir - Qafqazda alban izi silinir.
Azərbaycan hökuməti Şəkidə və Qəbələdə alban kilsələrini bərpa etsə də, Alban dini mərkəzi hələ də Rusiya qərarına əsasən, erməni kilsəsinə tabedir. Bu tarixi ədalətsizliyi aradan qaldırmaq üçün Azərbaycanın müvafiq qurumları Rusiya kilsəsinə müraciət edərək Alban kilsəsinin müstəqil kilsə olaraq tanınmasına nail olmalıdır. Alban irsini erməni işğalından azad etmək lazımdr.
Erməniləşdirilən tarixi Alban məbədləri

Hazırda Dağlıq Qarabağ və ətraf rayonlarda 100-dən çox qədim Alban dini abidəsi var. Onların çoxu hazırda ibadət mərkəzi kimi fəaliyyətini davam etdirir. Təbii ki, 1836-cı il tarixi yanlışlıq səbəbindən erməni dini mərkəzi kimi. Amma ermənilər bu bölgədə olduqları müddətdə tarixi Alban kilsələrini və monastırlarını ermənilərşçidməyə, “qədim erməni abidəsi” kimi təqdim etməyə çalışırlar. Bunun üçün Qarabağdakı Alban kilsə və monastırlarında “erməniləşdirmə” işləri aparılır.
Hazırda Qarabağ ərazisində bir neçə qədim tarixi kilsə və monastırlar var ki, ermənilər bunların erməni abidəsi olduğunu təbliğ edirlər. Bunlar Laçın ərazisində yerləşən Ağoğlan, Kəlbəcər rayonu ərazisində yerləşən Xudavəng və Gəncəsər, Xocavənd rayonu ərazisində yerləşən Amaras, Ağdərə rayonu ərazisində yerləşən Müqəddəs Yelisey monastır kompleksləridir.
Bunlardan 3-ü digərləri ilə müqayisədə daha məşhur və böyük məbədlər hesab olunur.
Laçın rayonu ərazisində Ağoğlan çayının sahilində yerləşən Ağoğlan monastırı 5-6-cı əsrlərə aid qədim məbəddir.

İlkin olaraq qəsr kimi, (Qaranquş qəsri adı ilə) inşa olunduğu deyilən bu tikilinin sonradan məbədə çevrildiyi ehtimal olunur. Tikili daha sonra dini ibadətgha çevrilib. 1613-cü ildə monastırı əhatə edən qala divarları tikilib və tağlı əsas giriş qapısı inşa edilib.
Qədim Alban dilində “Tanrı məbədi” mənasını verən Xudavəng monastırı Kəlbəcər rayonu ərazisində, Tərtər çayının sol sahilində yerləşir.

Monastırın əsası 6-7-ci əsrlərdə qoyulub. Bu barədə monastırın ərazisində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxan məlumatlar var. Ancaq bugünkü monastır kompleksi 13-cü əsrdə, Mehranilər sülaləsindən olan Xaçın knyazı Həsən Cəlalın oğlu Vaxtanqın zamanında inşa olunub. Vaxtanqın xanımı Arzu Xatun 1214-cü ildə ərinin və iki oğlunun xatirəsinə kompleksdə kilsə tikdirib. Kilsənin şərq fasadındakı daş üzərində knyaz Vaxtanqın, cənub fasadında isə Arzu xatunun iki oğlunun təsvirləri həkk olunub.
Ümumilikdə kompleksə doqquz tikili daxildir: Qədim kilsə; Kiçik birnefli Müqəddəs Məryəm ana bazilikası; Arzu Xatun məbədi; Həsən Cəlal məbədi; Müqəddəs Qriqoris məbədi; Arzu Xatun məbədinə əlavə edilmiş zal; Zəng qülləsi; Məktəb binası; Qalereya.
1993-cü ildə Kəlbəcərin işğalından sonra ermənilər Xudavəng məbədini erməniləşdirməyə çalışıb, abidədəki Alban kilsəsinə aid xaç və yazıları balta ilə çaparaq yox ediblər.
Bu monastır erməni abidəsi sayıla bilməz.
Birincisi, bu abidə memarlıq xüsusiyyətlərinə görə erməni və gürcü kilsəsindən fərqlənir.
Digər tərəfdən, Xudavəng monastır kompleksində tapılan inşaat kitabələri və yazılarda qeyd olunan Arzu xatun, Tursun, Seyti, Hasan, Avaq, Şəms, Altun, Ağbux, Qaragöz və s. kimi adlar bu abidənin sahiblərinin erməni olmadığını təsdiqləyir.
Daha bir qədim alban məbədi Gəncəsər (Qandzasar) monastırıdır ki, ermənilər bu abidəni də özününküləşdirməyə çalışırlar.

Bu monastır Kəlbəcər rayonunun Vəngli kəndində yerləşir. Gəncədağda tikildiyi üçün Gəncəsar adlanan abidə Alban katolikosu Nersesin xahişi ilə 1216-1238-ci illərdə Alban-Xaçın knyazı Həsən Cəlal tərəfindən inşa olunub. Monastır 13-19-cu əsrlərdə Alban katolikosluğunun mərkəzi iqamətgahı olub.
Həsən Cəlalın qəbrinin üstündəki yazıda “Ulu knyaz Cəlal öz valideyninin vəsiyyətini yerinə yetirərək 665-ci ildə (1216-cı ildə) bu gözəl və daş (kapital) kilsəni tikdi, onu bütün mümkün şəkillərlə (bəzəklərlə) dövrələyərək 687-ci ildə (1238-ci il) özünün və arvadı Məmkanın iradəsi ilə onu bitirdi”, – deyə, qeyd olunub.
Qəbirüstü abidələrin üzərindəki bəzi yazılar: “Bu, (1102-ci (1653) il Alban katalikosu Qriqorinin qəbridir”. “Bu Cəlal Dolanın nəslindən olan (1149-cu il (1700) alban katalikosu Yereminin qəbridir”. “Bu alban katalikosu Yesaynın qəbridir... (1177-ci il (1728)”.
Göründüyü kimi, bu abidə Alban tarixi ilə əlaqədardır. Burada hər hansı ermənilikdən söhbət getmir. Azərbaycan ərazilərinin Çar Rusiyası tərəfindən işğalından sonra bu torpaqlara köçürülən ermənilər Alban dini irsinə sahib çıxaraq onu özününküləşdirməyə çalışırlar. Halbuki tarixi faktlar bu abidələrin ermənilərlə əlaqəsinin olmadığını isbat edir.
Kənan Rövşənoğlu






