İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda tədqiqat işlərinə ayrılan 10 milyonlarla pul hara gedib - Ramiz Mehdiyevin adının hallandığı MƏHKƏMƏ İŞİ

2343 15.03.2023 18:06 Kriminal A A

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə Qarabağ bölgəsində tədqiqat aparılması üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları, tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 Musavat.com xəbər verir ki, prosesdə prokuror Fariz İsayev ittiham aktını elan edib.

İttihama görə, Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva Qarabağ bölgəsində tədqiqat aparılması üçün ayrılmış vəsaitin 92 min 700 manatını mənimsəməkdə təqsirləndirilir.

Prokuror qeyd edib ki, Səbuhi Hüseynov və Gülüstan Əliyeva barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Hakim deyib ki, Cinayət Məcəlləsinin 179.3.2- ci maddəsi ilə 5 ilə, 308.2-ci maddəsi ilə 7 ilə, 313-cü maddəsi ilə isə 2 ilə qədər cəza nəzərdə tutulub.

Hakim hər 2 təqsirləndirilən şəxsdən ittihama münasibətlərini öyrənib. Səbuhi Hüseynov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Deyib ki, vətənə xidmət edib. Digər təqsirləndirilən Gülüstan Əliyeva da özünü təqsirli bilməyib.

Daha sonra prokuror bildirib ki, hazırkı mərhələdə təqsirləndirilən şəxslər özlərini təqsirli bilmir: "Belə olan halda zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin dindirilməsi ilə məhkəmə iclasının davam etdirilməsini, sonda təqsirləndirilən şəxsləri dinləməklə, sənədlərin tədqiq olunmasını təklif edirəm".

Amma hakim bununla razılaşmayıb. Hakimlər məhkəmə iclasının əvvəlində təqsirləndirilən şəxslərin dindirilməsi, daha sonra zərərçəkmiş şəxsin və şahidlərin dindirilməsi, sonda isə sənədlərin tədqiq olunması barədə qərar qəbul ediblər.

Daha sonra Səbuhi Hüseynov sərbəst ifadə verib. O bildirib ki, 2011-ci ildən arxeoloji qazıntıların kəşfiyyatı işləri ilə məşğul olub: "Həmin vaxtdan əvvəl də Tarix İnstitutunda işləmişəm. Ekspedisiya işlərinin aparılmasında iştirak etmişəm. Bununla da təcrübə toplamışam. 2019-cu ildən dissertasiyaya uyğun olaraq ekspedisiya işlərinə təcrübəli işçi kimi qoşulmuşam. Mətbuatda yazırlar ki, mən işğaldan azad olunmuş ərazilərə getmişəm, orada işlər görmüşəm. Mən işğaldan azad olunmuş ərazilərə cəmi bir dəfə getmişəm. Bu səfərə görə Mədəniyyət Nazirliyi Daxili İşlər Nazirliyindən icazə alıb. Bu icazə əsasında həmin ərazilərə getmişəm. 10 gün orada işlər görmüşəm. Mənim işim qazıntı aparmaq yox, kəşfiyyat aparmaq olub".

Təqsirləndirilən şəxsin sözlərinə görə,  ilk dəfə ekspedisiya işləri ilə bağlı onun bank kartına 2019-cu ildə pul köçüb: "Həmin pul ekspedisiya rəhbərinə və 15 nəfər işçiyə əmək haqqı kimi verilməli idi. Bu pul köçəndən sonra Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq direktoru olmuş Maisə Rəhimova onlara faiz verməyi tələb etdi. Dedi ki, bu işlərin görülməsi üçün faiz verilməlidir. Maisə Rəhimova bildirdi ki, pulun 30 faizini bizə, 20 faizini isə mühasibatlığa verməlisən. Mən isə buna etiraz etdim. Bildirdim ki, köçürülən pul işçilərə çatmalıdır. Hər ekspedisiya gedəndə mənə 1200 manat verilirdi. Bir də ki, benzin pulu verilirdi".

Təqsirləndirilən şəxs deyib ki, gördüyü işlərlə bağlı hesabat verib: "Amma Maisə Rəhimova  deyib ki, guya mən hesabat verməmişəm. Amma mən hər işimlə bağlı hesabat vermişəm. Maisə Rəhimova bunları gizlədib. Mən onun dediyini etmədiyim üçün, onun korrupsiya əməllərinə etiraz etdiyim üçün mənim barədə mənfi rəylər verməyə başladı. Bununla bağlı bizim məhkəmə çəkişmələrimiz də oldu. Məhkəmədə biz qalib gəldik. Bundan sonra işə bərpa olundu. Direktor və müavini bizdən üzr istədi".

Səbuhi Hüseynov deyib ki, həyat yoldaşı Gülüstan Əliyevin bu işlərlə bağlı heç bir əlaqəsi olmayıb. Onun sözlərinə görə, Maisə Rəhimova və digər şəxslərin qanunsuz əməllərindən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevə müraciət ediblər: "Bundan sonra şikayət etdiyim üçün məndən heyf çıxırlar, mənim əleyhimə ifadə veriblər".

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxsin sözlərinə görə, il ərzində 60 ekspedisiya keçirilir, bu da 10 milyondan çox pulun ortada olması deməkdir: "Burada milyonların mənimsənilməsindən söhbət gedir. 6 ildir ki, buna qarşı mübarizə aparmışam. Bu görə də məhkəmələrə çəkilmişəm. Ramiz Mehdiyevə dedim ki, bu işlərə bir əncam çək. O da belə əncam çəkdi".

Daha sonra hakim deyib ki, Dövlət Sərhəd Xidmətindən daxil olan sorğuya görə, adı ekspedisiya işlərinin aparılmasında olan şəxslər  Almaniyada və İtaliyada istirahətdə olublar: "Amma sənədlərdən görünür ki, həmin şəxslər eyni vaxtda ekspedisiya işlərində iştirak ediblər. Bütün bu məsələlər araşdırılmalıdır".

Təqsirləndirilən şəxsin vəkili də deyib ki, bu məsələnin araşdırılması üçün işin istintaqa qaytarılması barədə vəsatət versələr də, bu, qəbul edilməyib. Hakim isə deyib ki, bəlkə də  prokurorun Cinayət Prosessual Məcəlləsinin 318-ci maddəsi ilə işi istintaqa qaytarılması barədə çıxış edəcək.

Növbəti proses martın 29-da davam edəcək.

Cinayət işi üzrə zərərçəkmiş qismində Azərbaycan Milli Elmlər Akademiyasının Arxelogiya, Etnoqrasiya və Antropoligiya İnstitutu tanınıb.

 

E.Məmmədəliyev,
Musavat.com  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR