“Miatsum” və müstəqilik nağılları ilə yedizdirilən qonşu xalq əsrin ən böyük məyusluğunu və blokadasını yaşayır – səbəb; Ermənistanın yeni prezidentinin andiçməsinə heç kim gəlməyəcək, çünki...
Dağlıq Qarabağda dağıdıcı separatçı hərəkatın 30-cu ildönümü də bədxah qonşularımızı əsas hədəfinə qovuşdurmadı. “Miatsum” (“ana Ermənistana birləşmə”) adı ilə başlayan separatçı hərəkat “birləşmənin” qeyri-mümkün olduğu üzə çıxanda “öz müqəddəratı təyin etmə” tezisi altına yönəldildi.
Son illər işğalçı tərəf bütün beynəlxalq təşkilatlarda məhz bu iddianı ortaya ataraq əsaslandırmağa çalışır. Bu, həm də Ermənistanı işğalçı kimi oyundan çıxarıb sığortalamaq niyyəti güdür. Yəni məntiqlə, konflikt Dağlıq Qarabağdakı bir ovuc erməninin öz taleyini sərbəst müəyyən eləməsi ilə bağlı yaranıbsa, o zaman Ermənistanın Azərbaycana ərazi iddiası məsələsi avtomatik gündəmdən qalxmış olur.
Di gəl, erməni tərəfi 30 ildir buna sanballı əsas tapa bilmir. Çünki erməni xalqı öz müqəddəratını artıq müəyyən edib. Üstəgəl, Dağlıq Qarabağda köklü azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Belə əraziyə isə ümumiyyətlə, öz müqəddəratı təyinetmə haqqı tanınmır. Bundan əlavə, beynəlxalq hüquqa, BMT Nizamnaməsinə görə, adı çəkilən hüquq müstəmləkə zülmü altında olan xalqlara verilə bilər ki, bunun da Qarabağ ermənilərinə dəxli yoxdur. Əksinə, vurğulandığı kimi, Dağlıq Qarabağda zülmə, haqsızlığa məruz qalan yerli azərbaycanlı əhalidir.
İşğal altındakı ərazilərdə Ermənistan vətəndaşlarının illərdir hərbi xidmət keçməsi, burada vaxtaşırı Ermənistan silahlı qüvvələrinin hərbi təlimlər keçirməsi, bölgənin birbaşa İrəvandan iqtisadi-maliyyə və siyasi-hərbi asılılığında olması Dağlıq Qarabağda ermənilərin iddia elədiyi kimi, heç bir “müstəqil” qurumun və “xalqın” mövcud olmadığının əlavə bariz sübutlarıdır – Bako Saakyanın Amerikanı gəzməsi ilə deyil ki.

20 ildir Ermənistanı məhz Serj Sərkisyan başda olmaqla, “Qarabağ klanını”nın fasiləsiz idarə eləməsi də az şey demir və öz müqəddəratı təyinetmə iddiasının, “ikinci erməni dövləti” mifinin puçluğunu başqa yandan, çılpaqlığı ilə ortaya qoyur.
*****
Təbii ki, bu reallığı dünya da yaxşı bilir. Həmçinin, işğal altındakı bölgədə seçki və referendum tamaşalarından dünya birliyi çox yaxşı xəbərdardır və o üzdən Dağlıq Qarabağdakı qondarma qurumu ciddi saymır. Heç Ermənistan da onu dövlət hesab eləmir və tanımağa cürəti çatmır. Biz hələ onu demirik ki, ermənilərin formal, yuridik dövləti sayılan Ermənistan Respublikasının özü indinin özündə müstəqil deyil – Rusiyanın marioneti və vassalıdır.

Zatən, reallığı ermənilərin özləri də bilir və etiraf edirlər. “Yeni Müsavat” bu xüsusda Armenianreport-da dünən getmiş məqalədən aşağıdakı sitatı diqqətə çatdırmağı gərəkli hesab edir.
Məqalədə deyilir: “Biz uzun illərdir beynəlxalq səviyyədə “Arsaxın” (dırnaqlar bizimdir – “YM”) tanınması uğrunda mübarizə aparırıq. Sübut eləməyə çalışırıq ki, ikinci erməni “dövləti”nin müstəqil mövcud olmağa tam haqqı çatır, isbat eləməyə çalışırıq ki, “Arsax”da hüquqi-demokratik dövlət qurulur. Amma gerçəkdə nə alınır? Dünya nə görür? Onu görür ki, İrəvan və Qarabağ ermənilər arasında nəinki güclü bölünmə var, həm də “Arsax”da demokratiya və insan haqlarının heç qoxusu da gəlmir – madam ki, Stepanakertdə (Xankəndi – “YM”.) İrəvandan gəlmiş gənc qızı günün günorta çağı saçının rənginə və əlindəki siqaretə görə qaba şəkildə tutub polis bölməsinə sürüyür, orada döyür və təhqirlərə məruz qoyurlarsa”.
Əlbəttə ki, kriminal rejimin hökm sürdüyü Dağlıq Qarabağ bölgəsində bu, yalnız bir epizoddur. Gör indi neçə ildir orada qondarma məhkəmə hökmü əsasında girov saxlanılan azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevin başına nə gətirirlər...
*****
Qayıdaq mövzuya. Məsələ də ondadır ki, heç Ermənistanın özü beynəlxalq miqyasda müstəqil dövlət kimi yox, Rusiyanın hərbi poliqonu və ucqar quberniyası, ən yaxşı halda “izqoy dövlət” kimi qəbul olunur, o ki ola hansıss “DQR” adında uydurma erməni respublikası. Təsadüfi deyil ki, Ermənistanın yeni marionet prezidenti Armen Sərkisyanın aprelin 8-dakı inauqurasiya mərasiminə heç bir xarici dövlət başçısı dəvət edilməyib.
Bunu “Azadlıq” radiosunun Ermənistan bölməsinə açıqlamasında Sərkisyanın rəsmi nümayəndəsi Asmik Petrosyan deyib. O, inauqurasiya mərasimində xarici qonaqların olacağını, amma onların adlarının ictimaiyyətə təqdim edilməyəcəyini bildirib. Petrosyan həmçinin, Britaniya şahzadəsi Çarlzın da dəvət edilənlər siyahısında olmayacağını deyib.
Məntiqlidir. Faktiki olmayan bir dövlətin prezidentinin and içməsi kimin üçün maraq kəsb edə bilər ki? O “dövlət” ki, 30 il öncə Kremlin “dobrosu” ilə başladığı Qarabağ avantürası bumeranq effekti kimi indi onun özünə qayıdır. Erməni xalqının bu avantüradan əldə elədikləri və itirdikləri ortada. Təkcə bunu qeyd eləmək kifayətdir ki, “Miatsum” və müstəqilik nağılları ilə yedizdirilən erməni xalqı əsrin ən böyük blokadasını və məyusluğunu yaşayır...
“Yeni Müsavat”ın analitik xidməti






