İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağa Böyük Qayıdış: proses necə gedir - açıqlama

1426 09.09.2021 09:50 KİVDF layihələri A A

Politoloq: “Qarabağımız hər gün həm özünə qayıdır, həm də...”

“Qarabağa böyük qayıdış” planı Azərbaycan hökumətinin xüsusi diqqət yetirdiyi prosesdir. 44 günlük II Qarabağ savaşındakı parlaq qələbəmizdən sonra bu plan ətrafında gedən işlər sürətlənib. İşğaldan azad edilmiş ərazilərimizdə təmir-bərpa işlərinin sürətlə getməsi bunu deməyə əsas verir.

Məcburi köçkünlər də öz doğma dədə-baba torpaqlarına getməyi həsrətlə gözləyirlər. Sosial Tədqiqatlar Mərkəzinin ötən ilin dekabrında keçirdiyi sorğu bunu sübut etmiş, yaranan bəzi şübhələri darmadağın etmişdi. Həmin sorğunun bəzi hissələrinə istinad etməyi vacib saydıq.

“Qarabağa böyük qayıdış” adlanan sorğuya əsasən, ölkə əhalisi arasında məcburi köçkün statusuna malik ailələrin aid olduğu rayona qayıtması ilə bağlı müxtəlif fikirlər olsa da, məcburi köçkünlərin verdikləri cavab birmənalı idi. Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti, başqa sözlə, 98%-i yaxın gələcəkdə azad edilmiş rayonlarına qayıtmağı seçimlərində ifadə etmişdilər. Diqqət çəkən məqamlardan biri budur ki, sorğuda gənc respondentlərin 96%-i işğaldan azad olunan ərazilərə qayıtmağı arzulamışdı. Nəticələr əksər məcburi köçkün ailələrində qayıdış planının olduğunu göstərmişdi. Respondentlərin böyük əksəriyyəti, yəni 83.2%-i bütün ailə üzvləri ilə birgə qayıtmağı, 15.7% yalnız özünün, 10.2% yalnız həyat yoldaşının və 7.2% yalnız övladı, yaxud övladlarının geri qayıdacağını bildirmişdi. Ötən il sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən Böyük Vətən müharibəsində Ordumuzun uğurlu əməliyyatları sayəsində torpaqlarımızın işğaldan azad edilməsinin nəticəsidir ki, bütün ölkə əhalisində yüksək qələbə sevinci bu gün də hiss olunur. Bu qələbələrin məcburi köçkünlərdə yaşatdığı hiss isə daha fərqlidir. Onlar sevinməklə yanaşı, evlərinə qayıtmağa tələsir.

STM-in sorğusunda respondentlərin demək olar ki, hamısı (99%) bildirmişdi ki, torpaqların azad olunması onlarda evə qayıtmaq əhval-ruhiyyəsi yaradıb. Respondentlərin evlərinə qayıtmaqla bağlı ümidinin itməməsinin digər bir sübutu isə onların evlərinə aid açarları, sənədləri 30 ilə yaxın müddətdə saxlaması idi. Sevindirici məqamlardan biri də bu idi ki, sorğu zamanı respondentlərin yarısı (51.1%) işğal altında olan ərazilərdəki evinin açarlarını/sənədlərini saxlaması məlum olmuşdu.

“Qarabağa böyük qayıdış” planında əsas suallardan biri də işğaldan azad olunan torpaqlarda ermənilərlə birgəyaşayışa münasibətdir. Burada da STM-in sorğusundan irəli gələn nəticə diqqətləri xüsusilə çəkir. Sorğudan aydın olur ki, məcburi köçkün statusuna malik ailələrin əsaslı hissəsi (72%) digər etnik azlıqlar kimi, Qarabağda erməni əhalisi ilə birgəyaşayışın qeyri-mümkün olduğunu düşünsə də, 14% bu halın yalnız uzun müddətdən sonra mümkün olacağı qənaətindədir. Gənclər birmənalı olaraq ermənilərlə birgəyaşayışın mümkün olmayacağı qənaətindədir (80%). Ermənilərlə birgəyaşayışın mümkün olacağı fikri kişilər (16.6%) arasında qadınlarla (9.5%) müqayisədə daha çox yayılıb. Hər 20 respondentdən biri (5.2%) əvvəllər də o torpaqlarda ermənilərlə birgəyaşayış olduğuna görə gələcəkdə də ola biləcəyi fikrindədir. 90.3% respondent bildirib ki, şəxsən özü gələcəkdə o torpaqlarda ermənilərlə birlikdə yaşamazdı. Buna baxmayaraq, təxminən 8% respondent bunu edə biləcəyini bildirib. İstər erməni xalqına, istərsə də erməni dövlətinə münasibət birmənalı olaraq pis olsa da (müvafiq olaraq, 94.8% və 99.4%), 4.5% respondentin erməni xalqına neytral münasibətdə olması onu göstərir ki, bəzi şəxslər üçün düşmən cəbhəsində xalq və dövlətin Qarabağ problemindəki mövqeyi ayrıdır.

Elçin Mirzəbəyli: “Vətəndaşlar reketçiliyə qarşı mübarizədə fəal  olmalıdırlar”

Elçin Mirzəbəyli 

Günlər öncə Şuşada Vaqif Poeziya Günlərinin açılışında iştirak edən BAXCP sədrinin müavini, politoloq, əməkdar jurnalist, şair Elçin Mirzəbəyli Qarabağa Böyük Qayıdış prosesinin çox sürətlə getdiyini bildirdi: “İşğaldan azad edilmiş torpaqlarımıza qayıdış bu torpaqların işğalına son qoyulduğu gündən başlayıb. Azərbaycanlılar öz tarixi yurd yerlərinə şəhidlərinin qanı ilə, əsgərlər çəkmələrinin izləri ilə qayıdıblar. İndi isə bu proses vəhşi, qaniçən, vandal tayfanın viran qoyduğu yurd yerlərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri ilə davam etdirilir. Proses o qədər sürətlə və mükəmməl bir şəkildə, həm də strateji planlama ilə aparılır ki, qürur duymamaq mümkün deyil. Dövlətimizin idrakı da, yaradıcılıq potensialı da qolu qədər güclüdür. Məhz bu baxımdan infrastruktur layihələrinin tez bir zamanda həyata keçiriləcəyinə və Qarabağımızın hər köşəsində azərbaycanlıların isti, doğma nəfəsinin duyulacağına şübhə etmirəm. Bir neçə müddət öncə Ağdama, ötən ayın sonunda isə Şuşaya səfərim zamanı da işğaldan azad edilmiş torpaqlarımızın nəhəng bir tikinti meydanını xatırlatdığının şahidi oldum. Gördüklərim nağıl, əfsanə kimiydi. Dağlar belə Azərbaycan dövlətinin, xalqının iradəsi, yurd sevgisi qarşısında duruş gətirə bilmir. Əlçatmaz ucalıqlardan yollar, tunellər çəkilir. Qarabağımız hər gün həm özünə qayıdır, həm də bizimlə birlikdə gələcəyə doğru irəliləyir. Bütün bunlar heç tarixi faktlara istinad edilmədən də bu torpaqların kimə məxsus olduğunun sübutudur. 30 ilə yaxın müddət ərzində erməni vandalları bu torpaqları yalnız istismar etmişdilər, daşını daş üstə qoymamışdılar. Çünki onlara məxsus olmadığını çox yaxşı bilirdilər. Bu gün Ermənistan adlı forpost-dövlətin acınacaqlı durumunun səbəblərindən biri də erməni xalqının bu torpaqlara öz vətənləri kimi yanaşa bilməməsidir. Vətəni olmayanlara Azərbaycan torpaqlarında biçilən vətən də onlarda yurd sevgisi oyada bilməyib”.

Yazı Medianın İnkişafı Agentliyinin maliyyəsi ilə hazırlanıb.

Cavanşir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR