İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ üçün uşaq kimi ağlayan mərhum şair Yetim Eyvaz haqda maraqlı məlumatlar...

6363 24.07.2017 18:27 Maraqlı A A

65 yaşlı Yetim Eyvazlının qəfil ölümü onu sevən hər kəsi sarsıtdı. Qeyd edək yaxınlarının dediyinə görə, şair hansısa xəstəlikdən əziyyət çəkməyib. Lakin iyulun 23-də, səhər saatlarında qəfildən halı pisləşib. Təcili olaraq Siyəzən Mərkəzi Xəstəxanasına aparılsa da, şair dünyasını dəyişib.

Musavat.com şair haqqında qısaca dosyeni təqdim edir.

El arasında Yetim Eyvaz kimi tanınan sair Eyvaz Qurbanov 26 fevral 1952-ci ildə Dəvəçi rayonunda anadan olub. Siyəzən rayonunda Cəfər Cabbarlı adına 1 saylı məktəbdə təhsil alıb. Çox gözəl səsi olduğu üçün Eyvaz Qurbanov bir müddət müğənnilik edib və bir çox ölkələrdə səfərlərdə olub. Lakin keçirdiyi əməliyyat onun səsini batırır və sənətçi sürücülük ilə məşğul olmağa başlayıb. O, 1996-ci ilə qədər yaxşı şəraitdə yaşaya bilib. Sonralar 10 il ərzində pul qazanmaq üçün bir çox əziyyətlərə qatlaşmalı olub, odun doğrayıb satır, sürücülük edib.

Şairliyə gəldikdə isə, Eyvaz Qurbanov özünün dediyinə görə 14 yaşından etibarən şeir yazmağa başlayıb. Onun 4 mindən çox şeirləri və qəzəlləri var. Lakin şair əsasən 2006-ci ildən şöhrət qazanmağa, həyatı gözləmədiyi halda birdən-birə dəyişməyə başlayır. Belə ki, həmin ildə yazdığı “Yaz yağışı” şeirini dostu tərəfindən internet resurslarında yerləşdirilib. Bununla da bir anda məşhurlaşmağa başlayan şair tez-tez məclislərə dəvətlər alıb. Şair məclislərdə daha çox bədahətən dediyi şeirləri yadda qalıb, sevilib.

Şairin məşhurluğunun əsas səbəbi isə cəmiyyətdə baş verən eybəcərlikləri dilə gətirməsi, çatışmamazlıqlara bədii don geyindirə bilməsidir. Onun “Nə oldu sənə, Azərbaycan”, “Nə gündəsən, ay Azərbaycan” şeirləri bu qəbildəndir. Şeirlərində cəsarətlə dilə gətirdiyi tənqidlərə görə Yetim Eyvaz kriminal aləmdə də çox sevilib. Hətta oğru aləminin başçılarının toylarına dəvətlər alıb, onlar tərəfindən daim böyük hörmətlə qarşılanıb. Bəzən bu səbəbdən şairin həbsxanada olduğu barədə şaiyələr də uyduranlar olur. Lakin Yetim Eyvazlı heç vaxt məhkumluq həyatı yaşamayıb.

“Şair desəz, ustadlardan ayıb olar” deyib özünü şair hesab etməyən Yetim Eyvazlı müsahibələrinin birində “nə isə bir şey görən kimi, qəlbinə bir şey toxunan kimi yazdığını”, düşündüklərini sıraladığını bildirib.

Bəziləri onun Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğunu düşünsələr də, şair özünü bu quruma layiq olmadığını deyib. Əsasən sosial şəbəkələrdə, internet resurslarında məşhur olan şair heç vaxt şöhrət düşkünü olmayıb. Yaxın dostlarının dediyinə görə Yetim Eyvazlı dəfələrlə televiziya kanallarına dəvətlər alsa da, şair ekranlarında görünməkdən imtina edib.

Mərhum şairin yaxın dostu, jurnalist Cəmil Məmmədli şair haqqında musavat.com-a deyib: “Yetim Eyvazlı xaraktercə səs-küyü sevməzdi. Çox ağır xasiyyəti var idi. Bircə kəlmə ilə bilmədən xətrinə dəyə bilərdin və bunu cavabsız qoymazdı. O saat hiss etdirərdi ki, inciyib. Tənqiddən də çəkinməzdi”.

Cəmil Məmmədli şair dostunun ən çox sevdiyi yazarlardan da söz açıb: “Ən çox sevdiyi şairlər Xaqani Şirvani, Ramiz Rövşən, Məmməd Araz idi. Siyasətə qarışmazdı. Ancaq real güzəranı tənqid edərdi”.

Qeyd edək ki, şairi yaxından tanıyanlar onu daha çox qara rəngli geyimdə görərdi. Bəziləri bunu avtoritet aləmlə bağlı olması ilə, bəziləri isə xarakterindən irəli gəldiyini iddia edir.

Cəmil Məmmədli şairin qara geyimə üstünlük verməsinə bu cür aydınıq gətirib: “Həmişə qara geyinərdi. Hətta qara maşında gəzərdi. Əslində qaranı öz həyatını əks etdirən bir rəng kimi sevib. Deyərdi ki, “qaradan başqa rəng yoxdur, ağ rəng deyil. Avtoritetlərin məsələsində həm şeirlərinə, həm də ağır xasiyyətli adam olduğuna görə Yetim Eyvazlının kriminal aləmdə yaxşı hörməti vardı. Çünki bu vaxta qədər nəyə söz veribsə, hamısına kəlmə-kəlmə əməl edib. Kriminal aləm də belə şeylərə rəğbət göstərir. Lakin şair heç vaxt kriminal həyat tərzi sürməyib”.

Cəmil Məmmədlinin sözlərinə görə, dostunun ən böyük arzusu vətənlə bağlı olub: “1992-ci ildən sonra kim ad gününün təbrik etsəydi, acığı tutardı, məlum 26 fevral Xocalı faciəsinə görə... Qarabağ üçün uşaq kimi ağlayan vaxtları olub. Təbrizin, Dərbəndin adı gələndə deyirdi ki, hamısı bizimdir. Ən böyük arzusu Qarabağı, Təbrizi, Dərbəndi Azərbaycanın tərkibində görmək idi. Yəni bu cür, başqa adam idi. Hərdən elə şeyləri dərd edirdi ki, baxıb təəccüblənərdin”.

Qeyd edək ki, mərhum doğulduğu Siyəzənin Qərəh kəndinə dəfn olunub. Mərhum şairin 5 övladı var. Onların arasında Akşin Eyvazoğlu müğənnilik sənəti ilə məşğuldur.

Sonda mərhum şairə Allahdan rəhmət diləyirik, məşhur şeirlərindən birini təqdim edirik:

Çalış layiqli ol bu təmiz ada,
Təmiz ol, həmişə düşəsən yada,
Onsuz yaşadığımız qoca dünyada
Hər bir kəndin namərdi var, mərdi var,
Bu dünyanın özü boyda dərdi var.

Ömür gedir, günlərini say, oğlum,
Dörd tərəfin dəniz, dərya, çay, oğlum,
Bir kişidən borc götürdün, ay oğlum,
Unutma ki, qaytardı var, verdi var,
Bu dünyanın özü boyda dərdi var.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR