İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına tarixi enişi etdi - FOTOLAR VİDEO

6835 05.09.2021 11:37 Ölkə A A

Bu gün Bakıdan Qarabağa ilk sınaq uçuşu baş tutub.

Bakıdan uçan "Azərbaycan Hava Yolları" na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanına enib.

Səfərdə "Yeni Müsavat" Media Qrupunun reportyorları da iştirak edir. Onlar daha geniş materiallar təqdim edəcəklər.

Uçuşu həyata keçirən təyyarə "Qarabağ" adını daşıyır.

Bu gün həmçinin Azərbaycanın "Silk way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də Füzuli hava limanına enib.

Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.

Təyyarə ilə səfərimizin müddəti təxminən 35 dəqiqə təşkil edir.

Qeyd edək ki, Füzuli beynəlxalq hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Uçuş-enmə zolağı, ICAO-nun bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün instrumental enmə və naviqasiya sistemləri, işıqtexniki, ilkin və ikincil radiolakasiya sistemləri ilə tam təchiz olunub. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verir. Perronun sahəsi 60 min kvadratmetr təşkil
edir.

Avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava hərəkətini İdarəetmə (HHİ) qülləsinin tikintisi başa çatıb. Bunun sayəsində Füzuli hava limanına ICAO və АТА standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaqdır. Aeronaviqasiya sisteminə və işğaldan azad edilmiş ərazilər üzərindən uçuşlara tam nəzarəti təmin etmək üçün yeni beynəlxalq hava yolları tətbiq olunur.

Gələcək aerovağzal kompleksinin elektrik enerjisi ilə təmin edilməsi üçün nəzərdə tutulan əsas transformator yarımstansiyaları və elektrik ötürücü xətləri də hazırdır. Qazanxana və digər köməkçi binaların tikintisi başa çatıb.

Sentyabrın sonunda istifadəyə verilməsi nəzərdə tutulan sərnişin terminalının qarşısında 150 avtomobil üçün nəzərdə tutulan dayanacaq inşa edilib. Həmçinin, Füzuli beynəlxalq hava limanını “Zəfər Yolu” və  Şuşa şəhərinə aparan magistral yolu ilə birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir. Bundan əlavə, hava limanının ərazisində yaşıllaşdırma işləri aparılır.

Qeyd edək ki, həmçinin dövlət başçısının tapşırığı ilə Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi davam edir.

Səfərlə bağlı geniş videoreportajı yaxın saatlarda Musavat.com saytından və "Musavat TV" youtube kanalından izləyə bilərsiniz.

İlkin Muradov,
Məhəmməd Türkmən,
Elçin Əkbərov
Füzuli aeroportu
Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR