İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ təşəbbüsləri Ermənistana ötürülən silahların nişangahında

940 02.03.2016 09:10 Siyasət A A
Xocalı soyqırımının 24-cü ildönümündə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çatdığını demişdi. Əfsus ki, onun bu fikri gəlişigözəl sözlər təəssüratı bağışladı. Ona görə ki, münaqişənin dinc həlli elə Uorlikin də həmsədrliyində təmsil olunduğu Minsk Qrupunun əsas vəzifəsidir və 22 ildir konfliktin həllində onlara heç kim mane olmur. Di gəl ki, “yük” hələ də köhnə yerindədir. 

Bu mənada C.Uorlik “Münaqişənin həllinin vaxtı çatıb” yox, “Minsk Qrupu problemi həll eləməkdə acizdir” deyib səbəbləri sadalasaydı, bu, daha səmimi və işin xeyrinə olardı. Nədən ki, ən azı məsələnin dinc nizamlanmasına kimin, necə əngəl yaratdığı bəlli olar, beynəlxalq birlik bundan hali olardı. Yoxsa ki, Azərbaycan xalqı Qarabağ mövzusunda səslənən şablon bəyanatlardan çoxdan bezib.   

“Avropa Birliyi Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq siyasi yolla həllinin tərəfdarıdır”. Belə bir şablon bəyanatı isə Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Ermənistan mediasına müsahibəsində deyib.

“Münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq siyasi həlli bu gün heç vaxt olmadığı qədər vacibdir”, - deyə o qeyd edib. Mogerininin fikrincə, Dağlıq Qarabağ münaqişəsi zonasında status-kvonun qeyri-sabit olduğu aydın məsələdir. “Ötən il biz təmas xəttində, eləcə də Ermənistan və Azərbaycan sərhədi boyunca zorakılığın artmasını müşahidə edirdik. Ağır silahlardan istifadə olunurdu, hədəfə isə mülki əhali düşürdü” - əlavə edib Avropa Birliyi rəsmisi.

Doğrudur, insaf naminə vurğulanmalıdır ki, Avropa Birliyinin əsas orqanı - Avropa Parlamenti bir neçə il öncə Ermənistanı işğalçı ölkə kimi tanıyan qətnamə qəbul edib. Fəqət, bundan uzağa gedilməyib - həm Minsk Qrupu həmsədrləri AB-nin, eləcə də AŞ PA-nın vasitəçilik təşəbbüslərinə qısqanc yanaşaraq buna mane olublar, həm də Rusiya amili buna imkan verməyib.

Federiko Mogerininin Bakıda, qaz sammiti çərçivəsində Qarabağa dair verdiyi açıqlama isə daha əhəmiyyətli sayıla bilər. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirdiyi mətbuat konfransında AB yetkilsi qurumun ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdığını bildirib, status-kvonun qalmasını qəbuledilməz sayıb. “Biz Dağlıq Qarabağın müstəqilliyini tanımırıq. Bu münaqişənin həlli bizim üçün prioritet olaraq qalır. Biz həmsədrlərə dəstək olmağa hazırıq. AB sülh danışıqlarının aparılmasına tərəfdardır və münaqişənin hərbi yolla həllini görmürük. Çalışmalıyıq ki, hər iki tərəfi sülh prosesinə mane olan çıxışlardan, hərəkətlərdən çəkindirək. AB sülhə yönəlmiş fəaliyyətlərə dəstək verəcək. Bu sahədə xüsusi elçimiz Helbert Salberlə işə təkan verəcəyik. Münaqişə tərəflərinin yaxınlaşması üçün əlimizdən gələni edəcəyik” - deyib Mogerini.

***
Ancaq yenə əfsuslar olsun ki, son zamanlar işğalçı Ermənistanın Rusiya tərəfindən sürətlə silahlandırılması bu kimi bütün pozitiv təşəbbüsləri, problemin dinc yolla həllinə bəslənən olan-qalan ümidləri də basdırır. Çünki bu addımlar bir yandan təcavüzkarın kompromissiz mövqe tutmasına yardımçı olursa, başqa yandan ötürülən silahların Dağlıq Qarabağ münaqişə zonasında yerləşdirilməsindən dolayı müharibə risklərini artırır. 

Xüsusən də şimal qonşumuzun işğalçı ölkəyə 200 milyon dollar dəyərində (əslində 1 milyardlıq silahdan söhbət gedir) yeni partiya müasir silah-sursat göndərməyə hazırlaşması ciddi narahatlıq doğurmaqdadır. Bəs Kreml vaxtaşırı həm Azərbaycana, həm də işğalçı Ermənistana silah verməklə daha hansı hədəflər güdür?

“Rusiyanın Qafqaz siyasətində, məxsusən də Dağlıq Qarabağla bağlı siyasətində yeni heç nə yoxdur. Moskva bu münaqişənin həll edilməmiş qalmasından həm Bakıya, həm də İrəvana təzyiq rıçaqlarına malik olması üçün, o cümlədən vaxtaşırı şəkildə Azərbaycana və Ermənistana silah satmaqla istifadə edir”. Bunu tanınmış rusiyalı siyasi xadim və ekspert, “Həmrəylik” hərəkatı Siyasi Şurası Federal Bürosunun sabiq üzvü, Rusiya müxalifəti Koordinasiya Şurasının keçmş üzvü Andrey Piontkovski vesti.az saytına müsahibəsində söyləyib. 

Onun sözlərinə görə, Rusiyanın ondan silah-sursat alması üçün Ermənistana kredit ayırmasında da yeni heç bir şey yoxdur - hansına ki, Bakı haqlı olaraq etiraz notası ilə cavab verib: “Rəsmi Bakının etiraz notası ilk növbədə onun nümayişidir ki, görünür Azərbaycan rəhbərliyində təkcə silah krediti ilə bağlı yox, həm də ağırlaşan Rusiya-Türkiyə münasibətlərinin yaradığı situasiyaya ölkənin düşməsindən dolayı narahatlıq artıb”.
Ermənistana verilən müasir silah-sursatın Dağlıq Qarabağa ötürülməsinin mümkünlüyünə gəlincə, Piontkovskiyə görə, “yəqin ki, bu da olacaq”. Analitik bu xüsusda Rusiya prezidenti Vladimir Putinin Bakıya son telefon zənglərinin Moskvanın Ermənistana 200 milyon dollarlıq silah ötürməyə başlaması ilə bağlı Azərbaycanın Rusiyaya nota verməsindən sonraya təsadüf etməsinə də diqqət çəkib.

“Ermənistanın aldığı silahların sonrakı hərəkət marşrutlarına heç kim nəzarət eləmir. Mən proqnoz eləməkdə çətinlik çəkirəm - Azərbaycan bundan sonra da Rusiyadan silah alacaq, ya yox, ancaq Bakının notası - onun nümayişidir ki, Azərbaycan daha özünü Moskvanın həqiqətən də onun strateji tərəfdaşı olması kimi aparmaq niyyətində deyil. Prinsipcə, Bakı Moskvadan yeni heç nə öyrənə bilməyib. Amma uzun müddət bu xoşagəlməz  gerçəkliklər strateji tərəfdaşlığın çuxası altında gizlədilib”, - deyə o , fikrini tamamlayıb.

***
Maraqlı məqamlardan biri də təcavüzkar Ermənistanın Rusiya tərəfindən sürətlə silahlanmasına digər iki həmsədr  dövlətin - ABŞ və Fransanın susqun reaksiya verməsidir. Demək, konfliktin dinc həllinə Qərbdə bir elə maraq yoxdur - əgər ümumiyyətlə, Qarabağ məsələsinə maraq varsa. Bu üzdən də yaxın perspektivdə münaqişənin nizamlanmasında təkcə Rusiya tərəfdən deyil, elə Avropa və ABŞ-dan da sanballı təşəbbüsün olacağını gözləməyə dəymir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR