"Qarabağ"- "Sent-Etyen" matçının biletləri “qara bazar”a necə yol tapıb? - FOTOLAR
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”- “Sent-Etyen” oyuna bilet almaq istəyən bəzi azarkeşlər problemlə üzləşiblər.
Bu barədə musavat.com-a azarkeşlər məlumat veriblər.
Azarkeşlərin musavat.com-a verdikləri məlumatda azarkeşlər oyunun biletlərinin “qara bazar”a ötürüldüyünü və kassada bilet tapılmadığını iddia ediblər. Matça bilet almaq istəyən vətəndaşlar mərkəzi sektorlara ümumiyyətlə, bilet tapa bilmədiklərini, “qara bazar”da isə bu biletlərin qiymətinin qat-qat baha olduğunu deyirlər.
İddiaları dəqiqləşdirmək üçün Tofiq Bəhramov adına Respublika Stadionunun önündə olan kassalara yollandıq. Kassalarda biletlər hələ satılırdı. Amma azarkeşləri bu biletlər cəlb etmir. Çünki biletlər matçı seyr etmək baxımından daha əlverişsiz sektorlara idi.
Ətrafda yüksək səslə “Bilet var, bilet... Ucuz bilet...” çağırışlarıyla qışqıran bir neçə şəxs vardı. Onlardan birinə alıcı kimi yaxınlaşdıq:
- Bilet neçəyədir?
- Müxtəlif qiymətlərə var.
- Hansı yerlərdir?
- Ən yaxşı yerlərə... 4 manata satıram. Çox alsan, 3 manata da verərəm.
- Biletin üstündə 2 manat yazılıb axı...
- Nə olsun? Mən də pul qazanmalıyam, ya yox..?
- Axı bu “qara bazar” sayılır. Buna da icazə yoxdur.
- Onu deyirlər. Nə olsun? Gizli satmırıq. Açıq-aşkar bilet satırıq. Bir söz deyən var? Əgər qanunsuz olsaydı, qoymazdılar.
Açığı deyək ki, bilet satıcısının dediklərində həqiqət var idi. Onlara heç kəs mane olmurdu. Rahat şəkildə kassalardan ən yaxşı sektorlara olan biletləri 2 manatdan alıb, 4-5 manata, bəzən də daha baha qiymətə satırdılar.
“Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Lent.az-a açıqlamasında məsələyə maraqlı münasibət ortaya qoyub.
Klub rəsmisi bildirib ki, şikayətçilərin çoxu elə “qara bazar”da bilet alış-verişi ilə məşğul olanlardır: “Onların çoxu biletləri əvvəlcədən alıb, “qara bazar”a çıxarmaq niyyətindədir. Elə ona görə də, biletlərin əvvəlcədən kütləvi şəkildə satılmamasından narazıdırlar. Biz bir neçə oyundur ki, biletləri hissə-hissə satmağa başlamışıq. Buna səbəb də elə ondan ibarətdir ki, futbol azarkeşləri “qara bazar”dan deyil, kassalardan bilet alsınlar. Müəyyən göstərişlərimiz olub. Kassalarda bir vətəndaş 5-dən artıq bilet ala bilməz. Biz “qara bazar”la mübarizə aparırıq, amma bizdən şikayət edirlər. Buradan da görünür ki, bizə olan təpkilərin əksəriyyəti elə “qara bazar” alverçilərinin özüdür. 30 min azarkeş tutumu olan Respublikası Stadionunu dolduracağımıza əminik”.
Klub rəsmisinin “Kassalarda bir vətəndaş 5-dən artıq bilet ala bilməz” sözləri görünür, söz olaraq da qalıb. Çünki bir nəfər “qara bazar”la məşğul olan şəxsin əlində 20-30 ədəd, hətta daha çox bilet var idi. Bir neçə il öncə AFFA stadionlarda azarkeş azlığından şikayətlənirdi. İndi vəziyyət dəyişib. Azarkeşlər matçlara gəlir, dəstək olurlar. Bilet alırlar.
Bu da o deməkdir ki, AFFA azarkeşlərin hüquqlarını qorumalıdır.
Məhəmməd TÜRKMƏN
Fotolar müəllifindir.






