Qarabağ qazisi yeni nazirə müraciət göndərdi
Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu yeni təyin olunmuş müdafiə naziri, general-polkovnik Zakir Həsənova müraciət edib. Ağır, məsuliyyətli və şərəfli vəzifəni yerinə yetirməkdə yeni nazirə uğurlar arzulayan R.Kərimoğlu yazır: “Biz sizə Qarabağda şəhid olmuş komandirlərimizin əvəzi kimi baxırıq. Elə bil ki, ən ağır döyüşlərdə son ümid yeri kimi inandığımız, arxalandığımız, güvəndiyimiz komandirimizi nazir qoyublar və o, bizi, ağrı-acılarımız başa düşəcək”.
R.Kərimoğlu Qarabağ müharibəsi döyüşçülərinin problemlərindən söz açıb: “Bu problemlərdən birincisi xeyli sayda əsgərlərimizin Qarabağ müharibəsində iştirak etməsinə baxmayaraq, hələ də veteran statusu ala bilməmələridir. Bu problem əsasən də 1991-1993-cü illərdə, ordumuz yenicə formalaşan zamanlarda yaranan problemdir. Həmin vaxt qeydiyyat və sənədləşdirmə işləri qeyr-dəqiq və pərakəndə aparıldığından və bir çox hallarda aparılan sənədləşdirmə işlərinin hamısı tam şəkildə Müdafiə Nazirliyinin Arxiv İdarəsinə təhvil verilməyib. Digər problem isə döyüşlərdə yaralanaraq əlil olmuş şəxslərin sonrakı sağlamlıq durumu ilə bağlıdır. Yaralandıqdan sonra müxtəlif əlillik dərəcəsi alan Qarabağ əlilləri, eləcə də veteranlar hərbi hospitala qəbul edilmirlər. Biz başa düşürük, ola bilsin ki, buna qanun yol vermir, amma axı nəysə eləmək olar ki, ölüm caynağında çabalayan ağır xəstələrimiz hospitalda müalicə alsınlar. Çünki onlar rüşvətin tüğyan elədiyi Səhiyyə Nazirliyinin tabeçiliyində olan xəstəxanalarda yetərincə müalicə ala bilmirlər, (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa və reabilitasiya mərkəzlərini çıxmaq şərti ilə.) oradakı tibbi personal da müharibə insanları ilə normal şəkildə davrana bilmirlər. Bu isə bir çox hallarda yaxşı nəticə vermir. Hətta keçmiş döyüşçülərdən bu qeyri-normal münasibət nəticəsində intihar edəni də var”. Döyüşçü-jurnalist Qarabağ müharibəsinin döyüş səhnələrinin arxivləşdirilməsinin zəruriliyindən də söz açıb: “Müharibənin ən maraqlı anlarını özündə əks etdirən xeyli unikal kadrlar hələ də şəxsi arxivlərdə saxlanılır. Onların gələcək taleyi qeyri-müəyyəndir. Bu kadrların tam şəkildə arxivləşməsinə və onların istifadəyə hazırlanmasına ciddi ehtiyac var”.
Azərbaycanın ilk hərbi və peşəkar diktoru, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının ordudan və efirdən uzaq düşməsini qeyd edərək Z.Həsənovun bu problemlərə diqqətlə yanaşacağını ümid etdiyini bildirib.






