Deputat Qarabağ mitinqinə qarşı çıxdı
Xəbər verildiyi kimi, Qarabağ Azadlıq Təşkilatı, həmçinin bir sıra ictimai xadimlər, Qarabağ döyüşçüləri Qarabağ mitinqi keçirmək üçün Bakı Şəhəri İcra Hakimiyyətinə müraciət göndərib. QAT Mətbuat xidmətindən “Yeni Müsavat”a verilən məlumata görə, müraciətdə mitinqin mayın 12-də “İnşaatçılar” metrostansiyası yaxınlığındakı “Məhsul” stadionunda keçirilməsinə şərait yaradılması meriyadan istənilir. Mitinqdə “Qarabağa azadlıq!”, “Ya Qarabağ, ya ölüm!”, “Ya Qarabağı azad et, ya kənara çəkil!”, “Qarabağda azadlıq müharibəsinin başlanmasını tələb edirik!”, “Beynəlxalq qurumların qərəzli vasitəçiliyini rədd edirik!” şüarların səsləndiriləcəyi bildirilib.
Mitinqlərdə adətən müxalifət partiyalarının üzvlərinin aktivlik və çoxluq təşkil etdiyi təcrübəsini nəzərə aldıqda müxalifət partiyalarının Qarabağ mitinqinə qatılıb-qatılmayacağı maraqlıdır. “Yeni Müsavat”ın ötən sayında bir sıra müxalifət partiyalarının rəhbərliyinə daxil olan şəxslər bu barədə mövqelərini bildiriblər. Onlar Qarabağla bağlı keçirilən mitinq və digər tədbirləri dəstəklədiklərini bəyan etsələr də konkret olaraq 12 maya təyin edilmiş mitinqlə bağlı Qarabağ Azadlıq Təşkilatından hələ müraciət almadıqlarını söyləyiblər.
Bəs, Qarabağ Azadlıq Təşkilatı partiyalara mitinqə qatılmaları üçün müraciət edəcək?
![]()
QAT sədri Akif Nağı bildirdi ki, gələn həftə ərzində mitinqin təşkilatçılarının geniş iclasını keçirməyi planlaşdırıblar, iclasda bu məsələ də müzakirə olunacaq. İlkin fikir belədir ki, mitinqdə iştirak üçün hər kəsə ümumi müraciət olunmalıdır: “Amma məncə xüsusi rəsmi müraciətə də ehtiyac yoxdur. Hər bir siyasi, ictimai qurum Qarabağ mitinqində iştirak etməlidir. İqtidar partiyasının və iqtidarı dəstəkləyən partiyaların da mitinqdə iştirakını arzu edirik. Qarabağ məsələsi hamının problemidir.
Mitinqimizin məqsədi kimlərisə ittiham etmək deyil, Qarabağın azadlığı işinə dəstəkdir. Hakimiyyət də, beynəlxalq təşkilatlar da bilməlidirlər ki, torpaqlarımızın işğalından çox vaxt keçib, daha gözləməyə yer yoxdur”.
![]()
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev isə Qarabağ Azadlıq Təşkilatının mayın 12-də Bakının “Məhsul” stadionunda təyin etdiyi mitinqə etiraz edib. R.Rzayev “ölkə.az”a açıqlamasında bildirib ki, bu cür hərəkətlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinə zərər vurur: “Mən bunu səhv addım hesab edirəm. Çünki Dağlıq Qarabağ münaqişəsi mitinqlə həll olunacaq məsələ deyil. Bu problemin yeganə həlli yolu ulu öndər Heydər Əliyev siyasətinin davamıdır. Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəcək yeganə yol məhz budur. Mitinq keçirtmək və digər bütün yollar münaqişənin həlli prosesinə problem yaradır. Əgər bu gün biz Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllini istəyiriksə, o zaman müəyyən qədər gözləməliyik”.
Deputat deyib ki, Azərbaycan hələlik sülh yolunu seçib: “Müharibə elə bir məsələdir ki, onu istənilən vaxt həll etmək çətindir.
İndiki dövrdə bu cür silahlarla müharibə etmək və hər hansı qərar qəbul etmək elə də asan məsələ deyil. Cənab prezidentin də mövqeyi odur ki, münaqişə danışıqlar yolu ilə həll edilsin”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”






