İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ Komitəsi BŞİH-dən məhkəməyə şikayət edir

654 12.12.2018 10:50 Ölkə A A

Tural Abbaslı: “Məhkəmə BŞİH-in məntiqsiz cavabını ləğv edərsə, dekabrın 15-də mitinq keçirəcəyik”

Dekabrın 10-da Qarabağ Komitəsinin bu ayın 15-nə planlaşdırdıqları mitinqə Bakı Şəhər İcra Hakimiyyəti icazə vermədi.

Mitinqin “Qarabağa azadlıq!”, “İşğala son!” şüarları ilə keçirilməsi qərara alınmışdı. Mitinqə hazırlıq işlərinə hələ bir neçə gün öncədən başlanılmışdı. Belə ki,  Qarabağ Komitəsinin İşçi qrupunun üzvü, AXP sədri Pənah Hüseyn sosial şəbəkə vasitəsilə 15 dekabr mitinqi ilə bağlı çağırış edib bildirmişdi ki,  Qarabağ Komitəsi 10 min adamın iştirakı ilə mitinq keçirmək barədə qərar verib və mitinqə hazırlıq başlanıb. Lakin rəsmi icazə verilmədi.

Məlumat üçün onu da qeyd edək ki,  Qarabağ Komitəsi ilk Qarabağ mitinqini sentyabrın 29-da Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə “Məhsul” stadionunda keçirib. İkinci mitinqini isə 24 noyabra eyni ünvana təyin etmişdi. Lakin Bakı Şəhər İcra Hakimiyyəti mitinqin keçirilməsini məqsədəuyğun hesab etmədi. Qarabağ Komitəsi qarşıdurma yaranmasını istəmədiyini əsas göstərərək razılaşdırılmamış mitinqə getmədi və yenidən mitinq  keçirməklə bağlı icazə müraciəti etdi.

Bəs bu dəfə necə, komitə yenidən mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəkmi?

Tural Abbaslı ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan Qarabağ Komitəsinin təsisçilərindən olan, AG Partiyanın lideri Tural Abbaslı bildirib ki, dekabrın 12-də komitənin iclası keçiriləcək: “Həmin iclasda bu məsələ daha geniş formada müzakirə ediləcək. Lakin bu gün koordinatorlar qrupunda belə qərar verildi ki, həmin qərardan məhkəməyə şikayət edək. Məhkəmədən tələb edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin qeyri-qanuni qadağasını ləğv edib, bizə dekabrın 15-də mitinq keçirməyimiz barədə razılıq versin. Həmçinin qərar qəbul edilsin ki, biz mitinqimizi keçirə bilək. Hazırda sənədlərin hazırlanması istiqamətində işlər aparılır. Çalışacağıq ki, bu günə həmin şikayəti təqdim edək. Növbəti mitinqin təyin olunub-olunmaması barəsində hələ ki konkret bir söz deyə bilmərəm. Çünki məsələ Qarabağ Komitəsinin geniş iclasında müzakirə edilməyib. Əgər məhkəmə qərarı dəyişəcəksə, dekabrın 15-də mitinqimizi keçirmək niyyətindəyik. Bu məsələ aydınlaşdıqdan sonra isə növbəti mitinqlər barəsində danışmaq olar. Hələ ki 15 dekabr mitinqinin keçirilməsi uğrunda bəzi hüquqi addımlar atırıq. Güman edirəm ki, məhkəmə Bakı Şəhər İcra Hakimiyyətinin məntiqsiz cavabını ləğv edib, bizə icazə verəcək. Digər bütün məsələlər isə təyin etdiyimiz iclasda müzakirə olunacaq və ictimaiyyətə yeni qərarlar barəsində məlumat verəcəyik”.

Əli RAİS,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR