İnsanlara hürriyət, millətlərə istiqlal!

“QARABAĞ”ın STADİON QALMAQALI BÖYÜYÜR

2058 31.08.2012 09:12 Ölkə A A
Qarabağlı deputat Aqil Abbas açıqlamasında bildirib ki, bu komanda Ağdamın deyil, “Azersun” şirkətinindir və komandanın harada oynatmaq onun öz hüququdur: “Bugünkü ”Qarabağ"ın Ağdama getməməyi o komandanın öz hüququdur. Sadəcə olaraq, oradan Ağdam sözünü çıxarmalıdırlar. Çünki bir komandanın ki, adında Ağdam sözü var, ora getməyə ərinirsə, o adı çıxarmalıdır. Guya yol uzaqdır, elə bil piyada gedirlər! Bu “Azersun”un öz komandasıdır. Ağdamlılar da gedib özünə komanda yaratsın! Ağdamda hər zaman futbol məktəbi olub. Müxtəlif klublarda Ağdamın yetişdirdiyi məşqçilər və futbolçular var. Artıq komanda qurmaq lazımdır. Daha bəsdi, Türkiyədən, Gürcüstandan və yaxud Afrikada çöldə qalmışı gətirib komandanı saxlamaq olmaz. Azərbaycan öz futbolçusunu yetişdirməlidir və Ağdam da buyurub komandasını yetişdirsin".
119 saylı Ağdam kənd seçki dairəsinin deputatı Bəxtiyar Sadıqov da “Qarabağ” futbol klubunun Ağdamda oynamaqdan imtina etməsini və Suraxanı qəsəbə stadionu ilə müqavilə bağlamasını çox böyük təəssüf və təəccüblə hissi ilə qarşıladığını deyib: “Ağdam düşmən işğalı altındadır. Ağdamda 17 köçkün şəhərciyi salınıb. Əvvəlcə həmin bölgədə 30 min insan yaşayırdı, sonradan müharibə dövründə daha 30 min köçkün ora pənah gətirdi. Onlar Ağdamın işğal edilmiş kəndlərindən gəldilər. Bu insanlar üçün dövlət başçısı İlham Əliyev Azərbaycanda ilk dəfə olaraq kənd yerində (o vaxtı Quzanlı kənd idi) olimpiya idman kompleksi tikdirdi. Bu, dövlət başçısının məcburi köçkünlərə və işğal rayonunda idmanın inkişafına qayğısıdır. Amma çox təəssüflər ki, komandaya sponsorluq edənlər müxtəlif bəhanələrlə və oyunbazlıqla çalışırlar ki, ”Qarabağ" məcburi köçkün rayonunda, Ağdamın bu gün paytaxtı funksiyasını yerinə yetirən Quzanlı qəsəbəsində, prezident İlham Əliyev tərəfindən tikilmiş olimpiya idman kompleksinin stadionunda oynamasın".
Məsələ ilə bağlı “Qarabağ” futbol klubunun direktoru Əmrah Çəlikəl “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, klub rəhbərliyi öz mövqeyini bildirib: “ ”Qarabağ" klubu məşq və oyunlarının harada keçirməyi ilə bağlı qərarı çoxdan verib və o qərar hələ də qüvvədədir".
“Qarabağ”ın yeni mövsümdə əsas meydançası Suraxanı qəsəbəsi stadionu, ehtiyat meydançası isə Tofiq Bəhramov adına stadionu olacağını deyən Çəlikəl Ağdam klubunun Quzanlı qəsəbəsi stadionunu ehtiyat meydança kimi sifariş verməməyinə belə aydınlıq gətirib: “Həmin arenanın rəhbərliyi Quzanlı stadionunun ehtiyat meydança olmasına razılıq vermədi. Ona görə də biz bu mövsüm Quzanlı stadionunda oyun keçirməyəcəyik”.
Məsələ ilə bağlı Peşəkar Futbol Liqasının rəhbərliyi də öz sərt mövqelərini ortaya qoyub. PFL-dən bildirilib ki, növbəti mövsümdən ev oyunları üçün əsas meydança kimi Bakıdakı Suraxanı stadionunu sifariş verən “Qarabağ”a heç bir güzəştə gedilməyəcək. Qurumun prezidenti Ramin Musayev bildirib ki, “Qarabağ”ın bəzi oyunlarını Ağdamın Quzanlı qəsəbəsində də keçirmək istəyi baş tutmayacaq.
““Qarabağ” Quzanlıda oynamaq istəyirsə, əsas meydança kimi məhz oranı göstərməlidir. Əks halda, Quzanlı ehtiyat stadion kimi qəbul olunmayacaq", - deyə o vurğulayıb.
PFL prezidenti bildirib ki, “Qarabağ” Quzanlıdakı azarkeşlərinə hörmət edərək yenidən Ağdama qayıtmalıdır: “Bir oyunu Bakıda, digərini isə Ağdamda keçirmək variantı alınmayacaq”.
“Əgər Suraxanı stadionunda problem yaranarsa, ”Qarabağ" ev oyununu harada keçirəcək" sualına cavab olaraq Ramin Musayev bunları deyib: “O zaman ”Qarabağ" başqa bir meydança seçməlidir. İstənilən halda, “Qarabağ” birinci meydança kimi məhz Quzanlını seçməlidir. PFL Ağdamdakı stadionu heç bir halda ehtiyat meydança kimi qəbul etməyəcək".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR