"Qarabağ"ın futbolçusu sabah Münhendə əməliyyat olunacaq
Azərbaycan milli komandasının və "Qarabağ" klubunun futbolçusu Namiq Ələsgərov tərcüməçi Aydın Rüstəmovla birgə Almaniyanın Münhen şəhərinə yollanıb.
"Report" informasiya agentliyinin yaydığı xəbərə görə, bu barədə AFFA-nın informasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.
Onun sözlərinə görə, N.Ələsgərov aprelin 8-də Münhendəki klinikalardan birində dizindən əməliyyat olunacaq. M.Nərimanoğlu gənc yarımmüdafiəçinin durumuna məhz əməliyyatdan sonra aydınlıq gələcəyini bildirib. Oyunçu Bakıya aprelin 12-də qayıdacaq.
Qeyd edək ki, Namiq Ələsgərov Azərbaycan yığmasının martın 28-də Malta ilə keçirdiyi AVRO-2016-nın seçmə qrup matçında zədələnib. Tibbi müayinə nəticəsində 20 yaşlı futbolçunun ön çarpaz bağlarının qırıldığı və 6 ayadək yaşıl meydanlardan uzaq qalacağı məlum olub.






