İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ ermənilərinin mübhəm danışıq təklifi - növbəti hiylə, yoxsa reallıqları dərk edirlər...

1000 13.04.2023 09:38 Siyasət A A

Qarabağdakı separatçılar Azərbaycan dövlətinin təmkinli mövqeyindən sui-istifadə edib yenə də ortamı qarışdırmağa cəhd göstərirlər. Bakının Qarabağ ermənilərinə danışıq təklifinə separatçıların “yox” cavabının ardınca, hiyləgər gediş etməyə cəhd göstərməsi də, heç şübhəsiz, gərginliyi tətikləməyə xidmət edir.

Elə 11 apreldə Gorus istiqamətində Ermənistanın təxribat törətdiyi saatlarda Qarabağdakı separatçıların da “qaşınması”, Rusiya hərbi kontingentinin müvəqqəti mövcud olduğu Xocavənd rayonu ərazisində silaha əl atmaları Xankəndidəki rejimin danışıq dili ilə başa düşmədiyini bir daha təsdiqləyir. Düzdür, Rusiya Müdafiə Nazirliyi, həmişəki kimi, bu dəfə də atəş açanları gizlətməyə, ümumi məlumat yaymağa çalışıb, ancaq bəllidir ki, Azərbaycan Ordusunun separatçılarla silah dili ilə danışmaq istəyi olsa, bu, iki atəşkəsin pozulması halı ilə bitməz, "Dəmir yumruq" separatizmin başını birdəfəlik əzər. Bundan əlavə, Qarabağdakı qondarma rejimin başçısı, terrorçu Araik Arutyunyan “sərəncam” imzalayıb.

Arutyunyan Qriqori Arkadyeviç Qabrielyants “xüsusi təyinatlı dövlət müşaviri-səfiri təyin edilib və dövlət müşaviri vəzifəsindən azad edilib”. Göründüyü kimi, separatçılar əl-qollarının bağlı olduğu durumda da hikkələrindən geri qalmırlar, gah Ruben Vardanyan ortaya çıxıb, sonadək mübarizə aparmağın zəruriliyi haqda zəvziyir, gah da Arutyunyan özünü adam yerinə qoyub, “sərəncam” imzalayır. Təbii ki, bunlarla hansı məkanda və yerdə olmasından asılı olmayaraq, aparılan danışıqların mənası qalmayacaq. Danışıqlar separatçılara özlərini “tərəf” olaraq sırımaq üçün lazımdır.

Xatırlatmaq yerinə düşər, İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan ən yüksək səviyyədə bəyan etdi ki, Qarabağ ermənilərinin - hansı ki, onlar Azərbaycan vətəndaşı hesab olunurlar - təhlükəsizliyinə təminat verməyə hazırdır. Bildirildi ki, erməni vətəndaşlar da digər azsaylı xalqlar kimi Azərbaycan ərazisində yaşamalıdır. Dövlət başçımız da bir neçə dəfə bəyan edib ki, Qarabağdakı ermənilərə, təbii ki, vətəndaş olmağa layiqli şəxslərə Azərbaycanın digər vətəndaşları kimi hüquqlar veriləcək, onlar dövlətimizin imkanlarından yararlanıb, normal yaşamaq hüququ əldə edəcəklər, amma onlara fövqəladə statusun tanınmasından söhbət gedə bilməz.

Bu həll yolunun alternativi əlbəttə ki, yoxdur. Lakin ötən müddət ərzində Qarabağdakı separatçı rejim xarici təsir dairələrinin təhriki ilə ermənilərin Azərbaycanın tabeliyində yaşamasına qarşı çıxır. Azərbaycan dəfələrlə bununla bağlı görüş təklifləri edib, nəhayət, martın əvvəlində Xocalıda sülhməramlıların iştirakı ilə Qarabağ ermənilərinin təmsilçiləri ilə Azərbaycan rəsmiləri arasında görüş keçirilmişdi. Bundan sonra Azərbaycan Prezident Administrasiyası ermənilərin nümayəndəsini müzakirələr üçün iki dəfə Bakıya dəvət etdi. Rəsmi məlumatda deyilirdi: “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir”. Lakin ermənilər bu formatda görüşdən imtina etdilər.

İndi isə maraqlı bir vəziyyət müşahidə olunur: Qarabağdakı qondarma rejim Azərbaycan dövlət təmsilçiliyi ilə görüşmək istəyir. Bununla bağlı separatçı rejim xəbər paylaşıb. Onlar Rusiya sülhməramlı missiyasının vasitəsilə Azərbaycan tərəfinə təcili humanitar məsələlərin müzakirəsi üçün görüşün keçirilməsi təklifi ilə çıxış ediblər. Lakin separatçıların burada hansısa bir hiyləsinin olması da elə görüşün keçirilməsi yeri ilə bağlı tələblərindən də sezilir. Ermənilərin təklifi bundan ibarətdir ki, görüş Rusiya sülhməramlı kontingentinin dislokasiya yerində keçirilsin.

Ortaya suallar çıxır: ermənilər gerçəkdənmi reallıqları dərk edir və birgəyaşayışa doğru addımlar atmaq istəyirlər? Əgər onlar səmimidirsə, niyə sülhməramlıların dislokasiya yerində və onların iştirakı ilə görüş istəyirlər? Bütün obyektiv rəylər bundan ibarətdir ki, birbaşa təmaslar daha effektiv ola bilər. Ermənilər belə bir təklifdə bulunmaqla növbəti hiylə işlədir, yoxsa onlar başqa çıxış yolunun olmaması qənaətinə gəliblər?

Fayl:Sahib Alıyev.jpg — Vikipediya

Sahib Alıyev: “Gördülər ki, rəsmi Bakının görüş istəklərinə müsbət cavab verməmələri Qərbdə elə də yaxşı qarşılanmır...”

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bunları söylədi: “Qarabağdakı hay dillilərin - onların arasında hay olmayıb öz dillərini unutmuşlar da az deyil, ona görə bu ifadəni işlədirəm - məhz Xocalıda, Rusiya hərbi kontingentinin oradakı qərargahında görüşmək istəkləri onların öz təşəbbüsləri deyil. Onlar separatçı rejimin başında duran Araik Arutyunyanı martın axırlarında yenidən Moskvaya çağırıb təlimatlandıranların tapşırığı ilə belə hərəkət edirlər”.

S.Aliyev digər səbəbi də əsaslı sayır: “Gördülər ki, rəsmi Bakının görüş istəklərinə müsbət cavab verməmələri Qərbdə elə də yaxşı qarşılanmır, ona görə də belə bir fırıldağa əl atırlar ki, baxın, biz də istəyirik, hətta təşəbbüs də irəli sürürük. Bilə-bilə ki, onların adından irəli sürülən bu "təşəbbüs" Qarabağdakı hay dillilərinin Rusiyanın tam təsiri altında olduqlarını və Moskva nə deyəcəksə, onunla da durub-oturacaqlarını sərgiləmkdən başqa bir şey deyil və fikirləşmirəm ki, rəsmi Bakı növbəti dəfə də nəticəsi öncədən bəlli olan bu cür görüşlərə vaxt sərf etmək istəsin".

Təqaüdlərin artımı ehtiyatda olan zabitlərə niyə şamil olunmadı? – Üzeyir  Cəfərov “Çətin sual"da - YouTube

Üzeyir Cəfərov: “Ambisiyalarından çəkilməyən qüvvələr maksimal dərəcədə vəziyyəti gərginləşdirmək üçün əllərindən gələni edirlər və bundan sonra da edəcəklər”

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərovun sözlərinə görə, aprelin 11-də Gorus istiqamətində baş verən qanlı toqquşma bir daha onu göstərdi ki, həm Ermənistanda, həm də Qarabağda çox başıpozuq dəstələr mövcuddur: “Onlar öz aralarında yekdil bir qərar verə bilmirlər deyə, biri digərinin nə təkliflərini, nə də reallığa söykənən istəklərini qəbul etmir və belə davam edəcəyi təqdirdə yaxın dönəmlərdə qəbul etməyəcəklər. Bölgədə öz ambisiyalarından əl çəkməyən qüvvələr maksimal dərəcədə vəziyyəti gərginləşdirmək üçün əllərindən gələni edirlər və bundan sonra da edəcəklər”.

Polkovnikin sözlərinə görə, bunun bir həlli var ki, tez bir zamanda separatçılar Qarabağ ərazisindən uzaqlaşdırılsınlar və orada qalmaq hüququ olan insanlar öz gələcəyi ilə bağlı qərarlarını verəcəklər: “Separatçıların da bəzi oyunbazlıqları - guya danışıq təklif etmələri - sadəcə, vaxtı uzatmaq və beynəlxalq aləmdə özlərinin varlığını bir daha yada salmaqdır. Şəxsən mən separatçıların nə Bakıya, nə Gəncəyə, nə də Qarabağdan kənarda hər hansı danışıqda iştirak edəcəklərinə indiki reallıqlar şəraitində inanmıram. Bunun da çoxlu obyektiv və subyektiv səbəbləri mövcuddur. Onlara lazım olan təlimatlar verilib ki, hansı çərçivələr içində hərəkət edib prosesi uzada bilərlər. Onlar da Moskvadan və İrəvandan verilən və gəlməkdə davam edən tapşırıqları üzərlərinə düşən işlərlə həyata keçirirlər. Vaxt ötdükcə separatçılara daha böyük iqtisadi və siyasi, həmçinin də hərbi dəstək verilir və veriləcək”.

Ü.Cəfərov hesab edir ki, bizi qarşıdakı dönəmlərdə çox mürəkkəb vəziyyətlər gözləyir: “Həm diplomatik sahədə, həm də hərbi güc müstəvisində bəzi təxirəsalınmaz işlər görülməlidir. Nə Ermənistan, nə də ona gizli və açıq havadarlıq edən güclər Qarabağda sülhün və əmin-amanlığın marağında deyillər”.

Akif Nağının partiyasının adı nə olacaq? - AÇIQLAMA

Akif Nağı: “Azərbaycan ”reinteqrasiya bayrağı”nı götürüb Xankəndinə doğru hərəkət etməlidir”

Azad Vətən Partiyasının sədri Akif Nağı bildirdi ki, Qarabağdakı ermənilər özlərini “tərəf” kimi təqdim etməyə, bununla da siyasi dividentlər qazanmağa çalışırlar: “Bu, onların istəyi, Rusiya və Ermənistanın isə siyasətinin tərkib hissəsidir. Azərbaycan isə bu məsələdə heç bir halda güzəştə getməməlidir! Oradakı ermənilərin digər vətəndaşlarımızdan fərqli statusuna imkan vermək olmaz! Onların son təşəbbüsünün Rusiya tərəfindən hazırlandığı da şübhə doğurmamalıdır. Azərbaycan bu planı pozmaq üçün adekvat addımlar atmalı, ermənilərin istənilən cəhdini rədd etməlidir”.

A.Nağı xüsusilə qeyd etdi ki, diqtə edən tərəf Azərbaycandır, onun təklifləri də əks tərəfdən birmənalı şəkildə qəbul edilməlidir: “Ümumiyyətlə, Qarabağ erməniləri ilə hər hansı dialoqun tərəfdarı deyiləm. Onlar dialoq təşəbbüsünü düzgün başa düşmür, ayaqları yer alır. Azərbaycan münasibətlərin nizama salınması, Qarabağ ermənilərinin yeni şəraitə uyğunlaşdırılması, reinteqrasiya təklifləri ilə bağlı onları məlumatlandırmalı, sonra da həmin təkliflərə uyğun addımlarını atmalıdır. Burada söhbət çoxunun cinayətlərdə iştirak etdiyi bir toplumla nəyisə müzakirə etməkdən deyil, məhz görüləcək tədbirlərlə bağlı məlumatlandırmadan gedə bilər. Ermənilərin təklif vermək "hüququ"nu tanımağa ehtiyac yoxdur. Üstəlik, onların bu gün verdikləri təklif əslində reinteqrasiya, regionda sülh proseslərinin pozulmasına yönəlib. Özləri də bilirlər ki, Azərbaycan onlarla “rus çətiri” altında dialoqa getməyəcək. Nəticəsi əvvəlcədən bilinən təklifin verilməsi elə pozuculuq deməkdir".

A.Nağı bir daha vurğuladı ki, Azərbaycan “reinteqrasiya bayrağı”nı götürüb, Xankəndinə doğru hərəkət etməlidir: “Burada məntiq, güc və digər amillər bizim tərəfimizdədir. Hərəkətə başlamaq lazımdır!”

Elşad PAŞASOY,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR