İnsanlara hürriyət, millətlərə istiqlal!

QARABAĞ ERMƏNİLƏRİ ARASINDA “SEÇKİ” ÇAXNAŞMALARI GÖZLƏNİLİR

2656 17.07.2012 09:25 KİVDF layihələri A A

İyulun 19-da işğal altındakı Azərbaycan ərazilərində qondarma “DQR prezidenti” postu uğrunda səsvermə olacaq, Robert Köçəryan KQB agenti Bako Saakyana zəng vurur, müharibə veteranları isə Serj Sərkisyana şikayətlənir
B.Saakyan Ermənistan prezidenti Serj Sərkisyanın adamı hesab edilir, işğal altındakı Azərbaycan ərazilərində baş verənlərə təsir imkanları olan Rusiyanın da onun namizədliyinə qarşı olmadığı məlumdur. Lakin bugünlərdə Ermənistanın eks-prezidenti Robert Köçəryanın B.Saakyana zəng etməsi intriqaları gücləndirib. Köçəryanın mətbuat katibi Viktor Soqomonyan bildirib ki, bu cür telefon danışıqları adi məsələdir. Ancaq erməni siyasi müşahidəçiləri Köçəryanla Sərkisyan arasında ciddi ziddiyyətlərin mövcud olduğunu, eks-prezidentin yenidən hakimiyyətə qayıtmaq planlarını, Sərkisyanın Qarabağ münaqişəsinə dair siyasətini keçmiş xarici işlər naziri Vardan Oskanyan vasitəsilə kəskin tənqid etdiyini nəzərə alaraq hesab edirlər ki, Qarabağdakı “seçkilərdə” də onların arasında müəyyən rəqabət yaşanır. Doğrudur, Köçəryanın Saakyanın əsas rəqibinə dəstək verdiyinə dair heç bir fakt yoxdur, ancaq hesab edilir ki, Ermənistanın əslən Qarabağdan olan keçmiş və indiki prezidentləri Saakyana daha çox təsir imkanları əldə etmək üçün mübarizə aparırlar. Qarabağdakı qanunsuz erməni rejimi Ermənistanda hakimiyyətdə olan “Qarabağ klanı” üçün ehtiyat bazadır. 2008-ci il seçkilərində müxalifət tərəfdarlarına divan tutmaq lazım gələndə Köçəryanla Sərkisyan məhz Qarabağdan xüsusi təyinatlı dəstələri İrəvana aparmışdı.
Bu arada Qarabağ müharibəsinin qarabağlı veteranları Ermənistan prezidentinə şikayət edərək onu “Dağlıq Qarabağda prezident seçkilərinin ədalətli şəraitdə keçirilməsinə” mane olmamağa çağırıblar. “Biz sizdən Artsax hakimiyyəti üzərinə olan təsirinizlə gözlənilən prezident seçkiləri zamanı inzibati resursların istifadə olunmasının və başqa qeyri-qanuni fəaliyyətin qarşısının alınacağını gözləyirik. Hakimiyyətin qeyri-qanuni hərəkətləri ölkənin daxili sabitliyini təhlükə altına qoyur” deyə, erməni veteranların Sərkisyana açıq məktubunda bildirilir. Məktubu Qarabağın müxtəlif bölgələrində yaşayan 100-dən çox müharibə iştirakçısı imzalayıb. İmza toplama prosesinin davam etdiyi bildirilir. Serj Sarkisyana “döyüş yoldaşı” kimi müraciət edən müharibə veteranları onun “prezident seçkilərinə təsiri həlledici rol” oynadığını və seçicilərin, ənənəvi olaraq, rəsmi İrəvanın mövqeyini nəzərə aldıqlarını bildirirlər. Məktub müəllifləri 2007-ci ildə “Bako Sahakyanın prezident seçilməsində Serj Sarkisyanın şəxsi dəstəyi mühüm rol” oynadığını qeyd edirlər. “Lakin ötən beş il Bako Saakyanın ümidlərimizi doğrultmadığı və seçkiqabağı vədlərini pozduğunu göstərdi. Nəticədə korrupsiyanın mərkəzləşməsi və daha da dərinləşməsi baş verdi, vergi təzyiqləri gücləndi, təhlükəsizlik orqanları xalqın gözünü qorxutmaq üçün istifadə olunur. Bu şərait bədbinlik və məyusluq doğurub ki, bu da cəmiyyətin daha fəal hissəsini, o cümlədən sahibkarları Qarabağı tərk etməyə vadar edib” deyə, qarabağlı müharibə veteranları Ermənistan prezidentinin də Qarabağda yaranmış vəziyyətə görə məsuliyyət daşıdığını vurğulayırlar.
Dağlıq Qarabağdan yayılan xəbərlərə əsasən, Balasanyan “seçkilərin” saxtalaşdırılacağı halda öz tərəfdarlarını küçələrə çıxara bilər. Onun silahlı tərəfdarlarının da olduğu bildirilir. Əvvəllər olduğu kimi bu dəfə də xarici ölkələrdəki erməni diasporu işğal altındakı Azərbaycan ərazilərində təşkil olunmuş qanunsuz “seçkilərə” “beynəlxalq müşahidəçilər” adı altında adamlar göndərilməsini təşkil etməyə çalışır. Yunan Kiprinin KİV-lərinin yaydığı xəbərə görə, Avropa Parlamentinin bu ölkədən olan üzvü Eleni Teoxarus da bu şəxslərin arasında yer alacaq. Azərbaycan XİN bildirib ki, Avropa Parlamentinin üzvü və “seçki müşahidəçiləri” adı altında işğal altındakı ərazilərə səfər edən digər xarici vətəndaşlarla bağlı vəziyyəti araşdırır. Azərbaycan XİN son illər bu ərazilərə Bakının icazəsi olmadan səfər edən əcnəbiləri “qara siyahı”ya daxil edir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR