Tanışını bıçaqlamaqda təqsirləndirilən Qarabağ döyüşçüsünün məhkəməsi davam etdirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1956-cı il təvəllüdlü Məhərrəmov Zahid Allahberdi oğlunun cinayət işi üzrə məhkəmə iclası baş tutub.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror Zahid Məhərrəmovun törətdiyi əmələ görə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Z.Məhərrəmov məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edib. Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Z.Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Məlum olub ki, 2011-ci ildə də qəsdən sağlamlığa zərər vurduğuna görə həbs edilən Z.Məhərrəmov 2014-cü ildə vaxtın əvvəl azadlığa buraxılıb.
Qeyd edək ki, Z.Məhərrəmov Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinib.
Məlum olub ki, o, mübahisə etdiyi Elmin Niftiyevi bıçaqlayıb. Belə ki, E.Niftiyevin Z.Məhərrəmovun dostuna pul borclu olub. Borc qaytarılmadığı üçün onlar mübahisə ediblər. Mübahisə zamanı Z.Məhərrəmov E.Niftiyevi bıçaqlayıb.
Bildirək ki, Z.Məhərəmov Qarabağ döyüşlərinin iştirakçısı olub.
İlkin Muradov,
Musavat.com






