İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ danışıqlarını nə gözləyir?

1883 12.12.2018 10:00 Qarabağ xəbərləri A A

Politoloqlar Ermənistandakı seçkilərdən sonra sülh və müharibə şanslarından danışdılar

Ermənistanda dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkiləri ilə  Nikol Paşinyanın “Mənim addımım” bloku 70%-dən çox səs qazanaraq qalib gəldi. Bu, o anlama gəlir ki, parlament hökumətə rəhbərlik etmək üçün inqilab yolu ilə hakimiyyətə gələn Nikola etimad göstərəcək. Bu, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan tərəfin bundan sonra Paşinyan hökuməti ilə necə danışıqlar aparmalı olduğu barədə suallar yaradır.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistandakı bu seçkilərin gözlənilən nəticələri verdiyini bildirdi: “Bu qələbə təsadüfi deyil. Paşinyan inqilab vaxtı çantasını belinə atıb xalqın içərisinə çıxdı və Sərkisyanı devirdi. O, risk nəticəsində inqilab etdi. İndiyə qədər Paşinyan zəif baş nazir idi. Çünki parlamentdə üstünlüyə malik deyildi. Əslində parlament seçkiləri gələn ilin may ayına təyin olunmuşdu. Amma sonradan Paşinyan düşündü ki, o vaxta qədər reytinqi düşə bilər. Çünki iqtisadi islahatları apara bilməyəcəyini yaxşı görürdü. Onun üçün də düşündü ki, reytinqi nə qədər yüksəkdir, seçkiləri keçirsin. Son 20 ildə ilk dəfə olaraq ”Qarabağ klanı" nəinki hökumətdən, hətta parlamentdən belə uzaqlaşdırıldı. Açığı, Azərbaycan da Paşinyana imkan tanıdı ki, seçkiləri rahat keçirsin. Çünki “Qarabağ klanı”nın hakimiyyətdə olduğu illər ərzində torpaqlarımızın işğaldan azad edilməsi üçün heç bir addım atmadığı göz önündə idi.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Düzdür, Paşinyan da inqilabdan sonra bir sıra təxribatlar etdi. O, Qarabağla bağlı ciddi addımlar atmasa, cəbhədə vəziyyət yenə də gərginləşəcək. Biz ondan iki girovumuzu azad etməyi tələb edirik. Erməni cəmiyyəti də girovlarının azad edilməsini istəyir. Paşinyan özü də etiraf edib ki, son beş ayda iqtisadi islahatlar apara bilməyib. Xarici siyasətdə Paşinyana “nə etməli” sualı ortada var. Bütün bunlara baxmayaraq, bizi ən çox Qarabağ maraqlandırır. Paşinyan 90-cı illərin ortalarında Ter-Petrosyanın tərəfdarlarından olub. Hətta məndə məlumat var ki, o zaman Paşinyan Qarabağla bağlı sülh danışıqlarından, Qarabağ ətrafındakı torpaqların boşaldılmasından danışırmış. Sadəcə, siyasətə aktiv atıldıqdan sonra bu fikirlərindən vaz keçib. Ermənistanda kim hakimiyyətə gəlirsə-gəlsin, həmin şəxs Qarabağ ətrafındakı rayonların boşaldılmasından danışa bilməz. Çünki onu ya devirərlər, ya da öldürərlər. Ortada Ter-Petrosyan nümunəsi var. Paşinyan bu taleyi yaşamaq istəmir. Biz onu məcburi sülhə sürükləməliyik".

Politoloq Əhəd Məmmədli ile ilgili görsel sonucu

Politoloq Əhəd Məmmədli bunları dedi: “Erməni xalqının əsas tələblərindən biri Rusiyadan getdikcə qopub Qərbə inteqrasiya etməkdir. Bunu Paşinyan edə biləcəkmi? Edə bilsə belə, hakimiyyətini qoruya biləcəkmi? Hakimiyyətini qoruya bilsə belə, ölkəsinin təhlükəsizliyi, ərazi bütövlüyünü qoruya biləcəkmi? İnqilab eyforiyası, seçki qələbəsi əhval-ruhiyyəsi bir azdan keçib gedəcək. Ondan sonra Paşinyan iqtidarı da, erməni xalqı da reallıqlarla üz-üzə qalacaq. Nə vaxta qədər xalq Paşinyanın arxasındadır, Nikol güclüdür. Xalq Paşinyanın arxasından çəkilsə, Nikolu çox acı aqibət gözləyə bilər. Qamsaxurdiya, Elçibəy, Yanukoviç nümunələri postsovet məkanı üçün yad deyil. Paşinyan Rusiya ilə razılaşıb daxildə islahatları davam etdirib Qərblə də sıx əlaqələr qura bilər.

Düşmən ölkədə vəziyyət müsbətə doğru getsə, Azərbaycana Qarabağı güc yolu ilə qaytarmaqdan başqa yol qalmır. Ermənistan Avrasiya İttifaqı, KTMT-də qala-qala Saakaşvilisayağı daxili islahatlar aparıb Qərblə də sıx münasibətlər qura bilsə, bu, Azərbaycan üçün ən pis ssenaridir. Rəsmi Bakı indidən Ermənistandakı vəziyyətlə bağlı özü üçün ən pis ssenariyə hazır olmalıdır ki, çətin məqamda torpaqları azad edə bilsin. Paşinyan düşünmürəm ki, əvvəlki ritorikasından əl çəksin. Ermənistanın Qarabağ ritorikasında dəyişiklik gözləmirəm. Paşinyan da Sərkisyan kimi Azərbaycanla güc dili ilə danışacaq. Paralel olaraq, çalışacaq ki, Dağlıq Qarabağda özünə loyal qüvvələri hakimiyyətə gətirsin. Bunu bacarsa, hakimiyyətini daha möhkəmləndirmiş olacaq. Köhnə, yeni fərq etməz, erməni iqtidarı ilə bütün danışıqlar dayandırıb Azərbaycan Qarabağda antiterror əməliyyatı başlamalıdır. Erməni güc görməyənə qədər ağıllanmayacaq. Həmçinin Ermənistana tam demokratiya gəlməmiş Azərbaycan Qarabağı qaytarmalıdır. Əks halda, Rusiya ilə bərabər Qərbi də qarşımıza almış olacağıq. Buna da imkan vermək olmaz”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR