İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ danışıqları “sıfır nöqtəsi”ndə - ilin gözlənilməz sonucu

1335 18.11.2019 09:50 KİVDF layihələri A A

İşğalçı Ermənistanın rəhbərliyi bölgədə böyük sülh anlaşmasını daha əlçatmaz edib; rusiyalı politoloqdan maraqlı iddia: “Sergey Lavrov Bakının borcunu qaytaracaq...”

2019-cu ilin başa çatmasına sayılı həftələr qaldı. Ancaq artıq indidən aydındır ki, bu il də Qarabağ məsələsində diplomatik sıçrayışla yadda qalmayacaq. Halbuki cari ilə əvvəlkilərdən daha böyük ümidlər bəslənilir, sülh danışıqlarında, nəhayət, mühüm irəliləyişin olacağına inam ifadə edilirdi. Bu da ən əvvəl onunla bağlı idi ki, Ermənistanda əli günahsız azərbaycanlıların qanına batan xunta rejimi, “Qarabağ klanı” hakimiyyətdən devrilmiş, onun yerinə Nikol Paşinyanın başçılıq elədiyi və hərbi cinayətlərdə iştirakçı olmayan qüvvə gəlmişdi.

Bu səbəbdən rəsmi Bakı Ermənistanın yeni iqtidarına bir neçə aylıq fürsət də tanıdı ki, o, parlament seçkilərini keçirib öz legitimliyini bərqərar eləsin və ardınca nizamlama prosesini dalandan çıxarmaq üçün xalqdan aldığı mandatdan yararlansın. Əfsuslar olsun ki, bu ümidlər doğrulmadı. Əksinə, baş nazir Nikol Paşinyan Bakının verdiyi şansdan kəmfürsətlik kimi istifadə elədi və sələfi Serj Sərkisyandan da radikal, absurd və bəzən hətta kövrək sülh prosesini tam mənasız edən mövqe sərgilədi. Serj Sərksiyanın, Robert Köçəryanın belə, dilə gətirmədiyi “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” sərsəmləməsini səsləndirdi.

Nəticə nə olacaqdısa, o da oldu. N. Paşinyan Bakıdan cavabını artıqlaması ilə aldı. Ancaq danışıqlar prosesi də faktiki, dayandı, daha dəqiqi, “sıfır nöqtəsi”nə qayıtdı. İndi il sonu əsas sual da “dinc nizamlama prosesini necə intensivlışdirmək” yox, onu necə bərpa eləməklə bağlıdır.

*****

Ötən həftə İrəvanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov da faktiki, etiraf elədi ki, danışıqlar getmir. Onu da dedi ki, Dağlıq Qarabağın yekun statusu çox qəliz məsələdir. Bundan əlavə, “Dağlıq Qarabağ əhalisinin razılığı olmadan hansısa anlaşmanın mümkün olmadığını” söyləməklə, o, dolayısıyla erməni dəyirmanına su tökdü, birbaşa danışıqlara separatçı rejimin də qoşulmasının vacibliyinə eyham vurdu. Guya bununla danışıqlar sürətlənə bilər. Hərçənd onu da qeyd elədi ki, buna Bakı da razılıq verməlidir.

Qarabağ danışıqları ile ilgili görsel sonucu

Bakı, sübhəsiz ki, buna getməyəcək. Çünki Azərbaycanın 20% torpaqlarını Dağlıq Qarabağdakı bir ovuc erməni separatçısı yox, özünü vasitəçi adlandıran Rusiyanın köməyi ilə Ermənistan işğal edib. Danışıqlar da, təbii ki, onunla və Moskva ilə aparılacaq. Hərçənd, işğalçı ilə danışıq aparılmır, o, sadəcə, zor gücünə öz gəldiyi yerə qədər qovulur. Təəssüf ki, Moskvanın bu variant üçün neytrallığını təmin eləmək hələ ki, Azərbaycana müyəssər olmur. 

Maraqlıdır ki, Sergey Lavrovun İrəvan danışıqlarından dərhal sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuata belə bir açıqlama verib: “Bütövlükdə onu deyə bilərəm ki, danışıqlar prosesində müəyyən inkişaf var. Amma daha çox söz səviyyəsində. Biz konkret məsələlərin müzakirə olunmasını istərdik. Tərəflərin konkret danışıqlar aparmaq haqda razılığı var. Ümid edirəm ki, dekabrda Bratislavada (ATƏT XİN başçılarının sammitinin keçiriləcəyi şəhər - ”YM".) bu məsələni dəqiqləşdirəcəyik. Onda aydın olacaq ki, Ermənistan mahiyyət üzrə danışıqlar aparmağa hazırdır, ya yox? Çünki sənədlər stol üstündədir".

Öz növbəsində Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bu açıqlamaya cavab olaraq demişdi ki, indiki mərhələdə Qarabağ nizamlanması üzrə tərəflər hansısa konkret sənəd ətrafında müzakirələr aparmır. Bunun ardınca Ermənistan baş naziri Nikol Paşinyan bəyan elədi ki, stol üzərində “Madrid prinsipləri” yoxdur, ya da bu prinsiplər tərəflərə tam aydın deyil.

*****

“Danışıqlar stolu üzərində ”Madrid prinsipləri"nin olmadığı hələ bir il öncə məlum idi. İndi isə o, rəsmən təsdiqlənir". “Yeni Müsavat”ın məlumatına görə, bunu 1in.am portalına müsahibəsində erməni politoloq Robert Gevondyan söyləyib.

Ermənistan xarici işlər nazirinə istinad edən politoloq daha sonra deyib: “Mnatsakanyan son müsahibələrindən birində dedi ki, hazırda humanitar proqramlar, qarşılıqlı etimad atmosferini gücləndirən addımlar haqda danışılır. Son bir il ərzində bu barədə Nikol Paşinyan da danışıb. Və mın düşünürəm ki, predmetli danışıqlar altında erməni tərəfi konkret bunu nəzərdə tutur. Bu - məhz humanitar proqramlara, müəyyən ikitərəfli addımların həyata keçirilməsinə aiddir”.

Dağlıq Qarabağın yekun statusuna və ya konfliktin həllinə gəlincə, erməni politoloq hesab edir ki, hazırkı məqamda münaqişənin həlli üzrə heç bir köklü danışıqlar mümkün deyil. “Yəni dediyim kimi, hazırda yalnız humanitar proqramlarla bağlı ikitərəfli inkişaf var. Bunun özü də müsbət haldır, çünki status-kvonu qoruyub saxlayır və müharibəni önləyir. Bizim üçün bu məqbuldur. Nizamlama üzrə danışıqların klassik nəzəriyyəsinə əsasən, vasitəçilər bacardıqca tərəflərin mövqeyinə yaxın hərəkət edirlər. İndi Rusiya bəyan edib ki, Paşinyanın mövqeyi məqbuldur (birbaşa danışıqlara separatçı rejimin üçüncü tərəf kimi qatılması nəzərdə tutulur - ”YM"). Ümid edirəm ki, ABŞ və Avropa Birliyi də yaxın zamanlarda bu barədə bəyanat verər və ya öz davranışı ilə bu mövqeyi qəbul etdiklərini göstərərlər", - deyə Gevondyan Əlavə edib.

Təbii ki, erməni ekspert blef yanılır. Çünki artıq qeyd olunduğu kimi, rəsmi Bakı heç vaxt Dağlıq Qarabağdakı kriminal rejimin birbaşa danışıqlara qatılmasına razılıq verməz. Elə Rusiya XİN başçısı S. Lavrov da İrəvanda bəyan elədi ki, danışıqların formatını dəyişmək üçün münaqişə tərəflərinin hər ikisinin, yəni Azərbaycanın da razılığı lazımdır. Bununla bağlı üç həmsədr ölkənin müvafiq bəyanatı da var.

Bununla belə, Rusiya baş diplomatı, erməni kökənli Sergey Lavrovun son İrəvan səfəri, orada işğalçı ölkə rəhbərliyi ilə görüşdən sonra verdiyi məlum açıqlamalar hələ də Azərbaycanda müzakirə predmetidir və işğalçı ölkəni şirnikləndirmək, işğala dəstək cəhdi kimi qiymətləndirilir.

“Lavrovun İrəvanda görüşü ilə bağlı Azərbaycan tərəfinə pərdəarxası izahatlar verilib”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri rusiyalı analitik “168 am” erməni resursuna açıqlamasında deyib.  Onun sözlərinə görə, Sergey Lavrov ermənilərin qonağı olub və bu səbəbdən orada nəzakətli olmalı idi. “Lavrov da o dərəcədə nəzakətli idi ki, dediyi sözlər onun əvvəlki bəyanatları ilə ziddiyyət təşkil eləmirdi. Bu mənada onun İrəvanda söylədiklərinə diplomatik etiket kontekstində yanaşmaq lazımdır”, - deyə ekspert vurğulayıb.

“Ev sahibləri” üçün xoşa gələcək sözlər bu idi ki, Dağlıq Qarabağ konfliktinin həlli Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır. Fikrimcə, bu bəyanatla bağlı artıq Azərbaycan tərəfinə pərdəarxası izahatlar verilib. Üstəgəl, qənaətimcə, yaxın zamanlarda Lavrovun Bakı səfəri də olacaq - hansı ki, İrəvan səfəri kimi eyni dərəcədə dostluq atmosferində keçəcək. Azərbaycan siyasəti üçün Rusiyanın lazımlılığı məsələsi qarşıdakı Bakı səfər zamanı qaytarılacaq. Yəni Lavrov Bakının borcunu qaytaracaq. Ona görə də biz ortada göründüyündən daha çox şey görməliyik", - deyə Dubnov əlavə edib.

*****

Rusiya XİN başçısı Bakıya yaxın zamanlarda gəlsə də, gəlməsə də, bir şey dəqiqdir ki, Azərbaycanın Qarabağ məsələsində mövqeyi dəyişməz qalır. Bu mövqeyi prezident İlham Əliyev ötən həftəsonu Bakıda keçirilmiş Dünya dini liderlərinin II Sammitində bir daha bəyan edib. Dövlət başçısı bildirib ki, münaqişənin ədalətli həlli üçün yeganə yol Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır.

Əlbəttə ki, bu, dinc yolla reellaşmasa, Azərbaycan öz ərazi bütövlüyünü gücə əl atmaqla bərpa edəcək. Bu, onun beynəlxalq hüquqdan qaynaqlanan təbii və müstəsna haqqıdır. Belə bir haqqı ona həm də BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 4 məlum qətnaməsi, BMT Nizamnaməsi, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, NATO Parlament Assambleyasının, habelə İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmamaq Hərəkatının Ermənistanı işğalçı kimi tanıyan qərar və bəyannamələri verir...  

Bu arada Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən əməliyyat təliminin nəticələrini təhlil edərək müdafiə naziri qarşıya qoyulan tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyini bildirib, komandir heyətinin qoşunları idarə etmək bacarığını, ümumilikdə hərbi qulluqçuların peşəkarlıq səviyyəsini yüksək qiymətləndirib. Z.Həsənov ön xətdə yerləşən bölmələrin döyüş hazırlığı, müdafiə sisteminin hərtərəfli təminatı, döyüş növbətçiliyinin və qoşunların döyüş qabiliyyətinin daha da təkmilləşdirilməsi ilə əlaqədar müvafiq göstəriş verib.

Siyasət şöbəsi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR