Bunu azı yüz dəfə yazmışıq: Qarabağ məsələsi bir siyasi düşərgənin (iqtidar və ya müxalifət), bir partiyanın, bir toplumun, bir mahalın, hətta bir millətin problemi deyil.
Qarabağ məsələsi Azərbaycan dövlətinin problemidir.
O deməkdir ki, heç bir siyasi təşkilat, qeyri-hökumət təşkilatı, yaxud bir mahalın adamları bu problemi həll etmək təşəbbüsünü öz inhisarına ala bilməz.
Bir şeyə şükür etmək gərəkdir ki, konfliktin başladığı ilk vaxtlardan fərqli olaraq, ölkədə heç kəs Qarabağ məsələsinə biganə yanaşmır. Münaqişənin hansı cür həll olunmasına dair kəskin fikir ayrılıqları yoxdur.
30 il əvvəlkindən fərqli olaraq, bu münaqişə artıq daxili siyasətdəki çalxalanmaların predmeti deyil. Heç kəs Qarabağ kartından sui-istifadə edib, özünə xal toplaya bilməz.
Artıq hər kəs məsuliyyətini başa düşür. Xüsusilə dövləti idarə edənlər yaxşı anlayırlar ki, Qarabağ məsələsində yol verəcəkləri həlledici səhv onların da taleyini həll edə bilər.
Ona görə də heç bir siyasi xadim ölkə üçün bu taleyüklü məsələdə bilərəkdən və ya bilməyərəkdən səhv buraxmaz, buraxa bilməz.
Bu münaqişə elə bir yaşa çatıb, elə bir boya yetişib ki, bunu emosional ovqatla (“səfərbərlik edək, basaq, gedək”; “ya torpağımızı alaq, ya da elliklə qırılaq”) həll etmək mümkün deyil.
O fürsət 1993-cü ildə qaçırılıb. O vaxt bu istiqamətdə müəyyən nailiyyətlər əldə etmək mümkün idi. Ancaq, göründüyü kimi, olmadı, qoymadılar, qarşı duran tərəflər təşkilatlandılar, aktivləşdilər və bizə konflikti silahlı yolla həll etmək imkanı vermədilər.
İndinin özündə bizim “basaq, gedək” təşəbbüsümüzün qarşısını almaq üçün böyük güclərin əlində hər cür rıçaq və imkan var.
Biz o rıçaqlara qarşı çıxa, o imkanlarla hesablaşmaya bilərik. Nəticəsi nə olar? Bunu ağıla gətirmək belə qorxuncdur.
Azərbaycan kiçik ölkədir. Hələ təkcə öz regionumuzda bir-birinə söykənən üç böyük dövlətin (Rusiya, İran, Türkiyə) arasındakı boşluqda olan 3 kiçik dövlətdən (o birilər Gürcüstan və Ermənistan) biriyik.
Taleyimizi o böyük dövlətlər, hələ onlardan da ötə superdövlətlər həll edir. İndilikdə onlar mövcud status-kvonun qorunub saxlanmasından yanadırlar.
Hazırda dövlət olaraq bizim Qarabağ münaqişəsinin həlli istiqamətində yeritdiyimiz siyasət düzgündür. Hətta bu saat hakimiyyətə bu xüsusda ən radikal baxışlara malik siyasi qüvvə gəlsəydi də, bənzər siyasət yeritməli olardı.
Bu siyasətin əksi avantüra, fiasko və revanşı mümkün olmayan məğlubiyyət deməkdir.
Bəs bu durum (Qarabağın işğal altında qalması) bizim üçün məqbuldurmu? Əsla! Qətiyyən! Biz cəmiyyət, millət olaraq mövcud durumla barışa bilmərik və belə görünür ki, ölkədə heç kəs o niyyətdə deyil.
Göründüyü kimi, elə bir gün olmaz ki, bu ölkədə Qarabağ söhbəti getməsin. Bütün Azərbaycan siyasiləri və diplomatları üçün bu konfliktin həlli prioritet məsələdir.
Ona görə də zaman-zaman qabaran “Qarabağı unutma!” tipli kampaniyalar ziyanlı olmasa da, faydalı da deyil. Məgər Qarabağı unudan varmı? Ölkənin bir şaqqası güdüldür. Bir orqanizm özünün bir hissəsinin olmamasını necə hər dəqiqə, hər hərəkətində hiss edirsə, Azərbaycan da Qarabağsız olduğunu elə hiss edir.
Bəs bu gedişlə necə olacaq? İrəvan yola gələcəkmi, güzəştə, kompromissə meyllənəcəkmi?
Ermənilərin başqa variant yoxdur. Onlar ya tezliklə Qarabağla bağlı güzəştlərə hazır olduqlarını bildirib, bizimlə dinc qonşuluğa, ticarətə başlayıb inkişaf edəcəklər, ya da lap axırda bu cür yaşamağın, inkişaf etməyin mümkün olmadığını görüb, yola gələcəklər. İkinci, üçüncü yolları yoxdur.
Yeni yaranan dövlətin əliyalınlığından, daxili təlatümlərindən, başıpozuqluğundan istifadə edərək, güclü müttəfiqin hərbi yardımından yararlanaraq hansısa bir mahalın bir yarısını işğal etmək hələ onu sənədləşdirib özününkü etməyə rəvac vermir.
Bundan ötrü aqressiyaya məruz qalan tərəfin təslim olması, taleyi ilə barışması, mübarizədən əl götürməsi lazımdır. Azərbaycan isə bu ovqatda deyil və məsələnin sonuna çıxmağa qərarlıdır.
Heç bir şübhə yoxdur ki, biz bu ovqatda qaldıqca, yaranan ilk tarixi fürsətdə ədaləti bərpa edə biləcəyik. Qarabağ sürətli müharibə nəticəsində olmasa da, uzun sürən üzücü siyasi xətt nəticəsində sonda Azərbaycanın olacaq.
Qarabağ davası bitməyib, sadəcə təmas xətlərində atəşkəs rejimi hökm sürür. O da hər gün 100 dəfədən artıq pozulan şərti atəşkəsdir. Savaş davam edir.






