İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ azaddır, Qüdsün azadlığı üçün də...

2713 22.10.2023 18:25 Yazarlar A A

Bəziləri  xəritədə İsrailin yerləşdiyi ərazini göstərə də bilməz, amma “müsəlman” deyib, hələ acığa İranın da bayğrağını qoyub,  kin-nifrət qusur; Qarşı tərəf də bu tip düşünənləri ya irançılıqda, ya da yalançı müsəlman təəssübkeşliyində günahlandırır-kimdir haqlı?

Yaxın Şərqdə Allah bilir, neçənci dəfə alovlanan İsrail-Fələstin münaqişəsinin dünyanın hər yerinə təsirlərinin hiss olunması təbiidir. SSRİ vaxtı bir “Vremya”(Zaman”) xəbər, bir də “Hadisələr-şərhələr” (hər iki dildə) proqramı vardı, orada bu cür hadisələri göstərirdilər, azsaylı dövlət qəzetləri yazardı. İndi isə dünya bir düyməyə bağlıdır, hamının əlində olan telefon 10-larla xəbər proqramını əvəzləyir, baş verənlərin videoları yayılır, insanlar təkcə xəbər almır, bu cür hadisələrin “içində” yaşayırlar. Bu bir tərəfdən yaxşıdır, insanlar dünyada baş verənlərdən məlumatlı olurlar. Amma təəssüf ki, insanların aldıqları xəbərlərin təsirləri altında refleksləri heç də adekvat olmur. 

 bbb.jpg (489 KB)

İndi İsrail-Fələstin münaqişəsi də Azərbaycan adamını “iki cəbhəyə” bölüb, sosial şəbəkələrdə “atışırlar”. Kim haqlıdır, kim-kimə daha çox zülm edib, Fələstin dövləti yaranarsa, doğurdanmı daha o bölgədə gül-gülü, bülbül-bülbülü çağıracaq, bunun cavabını heç dünyanın strateji təhlil mərkəzləri də dəqiq bilmir. Amma bizim sosial şəbəkəçilər iki cümlə ilə münaqişəni “həll edirlər”: “İsrail  o bölgədəki müsəlmanların düşmənidir, Fələstin dövlətinin yaranmasına imkan vermir”. Əksini düşünənlər  isə təxminən belə yazır: “Ərəblər o torpaqları İsrail oğullarına satıblar, ərəblər bizim məscidləri dağıdan ermənini dəstəkləyirsə, necə müsəlmandırlar?” Bəziləri bəlkə xəritədə İsrailin yerləşdiyi ərazini göstərə də bilməz, bu münaqişənin kökü nədir, niyə bu axan qan durmur onu da bilmir, amma “müsəlman” deyib, hələ acığa İranın da bayrağını qoyub, İsraili haqlı sayanlara kin-nifrət qusur. Qarşı tərəf də bu tip düşünənləri ya irançılıqda, ya da yalançı müsəlman təəssübkeşliyində günahlandırır. Başqa “qurşaqdan aşağı” reaksiyalar da çoxdur hər iki tərəfdən. Ayıb və mənasız bir iş... Sosial şəbəkələr “söz zibilxanasıdır” və oradakı müzakirələrin məncə, heç kimə faydası yoxdur. 

 fel.jpg (206 KB)

Türkiyədə hər gün bu mövzuda saatlarla aparılan müzakirələrə baxın. Çox maraqlı tarxi faktlardan danışılır, geniş və hərtərəfli təhlillər verilir. Amma Türkiyədə də söhbət mütləq o yerə gəlib çıxır ki, ekspertlər bir-birlərini ya İsrail, ya da fələstinlilərin tərəfini tutmaqda ittiham edirlər. Əgər bizim telekanallarda da   ağıllı adamların bu cür debatları olsa,  dinləmək də olar, hətta “mən bunları bilmirdim, deyib” mövqe dəyişmək də.  Türkiyə toplumunun, Prezident Ərdoğanın Qüds məsələsindəki mövqeyi  aydın və dəyişməzdir. Oraya hələ də Osmanlı torpaqları deyənlər də var. Türkiyə dünyada çəkili müsəlman, həm də yerləşdiyi coğrafiyada özünün siyasi düzəni olan dövlətdir. Yaxın Şərqdə baş verənlərin bu dövlətə ciddi təsirləri ola bilər, hətta belə ehtimallar da var ki, Türkiyə bu münaqişəyə cəlb edilə bilər.   Ərdoğan İsrail prezidenti ilə də, HƏMAS lideri ilə də telefonla danışa bilirsə, demək bu dövləti qəbul edirlər, ağırlığı var. Bizə isə bu münaqişənin təsiri o halda ola bilər ki, İran da İsraillə savaşa qoşulsun. Bu, bizim üçün ən pis variant ola bilər, onun üçün də bu münaqişə böyümədən atəşkəsin olması dövlət olaraq bizim marağımızdadır. 

 gee.jpg (184 KB)

İstər ölən müsəlman olsun, istər başqa bir millət, Adəm övladı heç birinə sevinməz. Xüsusilə, hər iki tərəfdən körpələrin ölməsi dəhşətdir. Ərəblərin oktyabrın 7-də “Allahu Əkbər” adı altında etdiklərini bütün dünya gördü, özləri istədilər ki, bunu hamı görsün. O səhnələrin nə qısasla, nə tarixi düşmənçiliklə, nə dinlə əlaqəsi var. Bu, İslamı aşkar terrorçu din kimi təqdim etmək, dünyada islamafobiyanı qızışdırmaq demək idi. İsrailin də “HƏMAS-ı məhv edəcəm” deyib, Qəzza xalqına qarşı etdiyi qırğınlara haqq qazandıranlar varsa, onlar da Allahdan qorxmayan adamlardır. Biz uşaqlarını kəfənə büküb gözyaşı tökənləri Xocalıda, 2020-ci ildə Gəncə və Bərdə raket atəşinə tutulanda yaşadıq. (Elə yazıdakı foto da o azərbaycanlı atanın faciəsini əks etdirir).

gence_hadise_181020_4-1.jpg (105 KB)

Yəni biz bu müharibəyə əlbəttə ki, biganə deyilik, ola bilmərik də. Baxmayaraq ki, o müsəlman Fələstin bizə indiyədək başımıza gələnlərdə başsağlığı da verməyib. Fələstin muxtariyyətinin lideri Mahmud Abbasın “biz də Ermənistan kimi işğala məruz qalmışıq” bəyanatı sarsaqlıq və tarixdən bixəbərlik idi, amma buna görə bütün fələstinlilərə kin saxlamayaq, sadəcə, unutmayaq da.

2020-ci ildə Fələstində küçələrdən birinin Ermənistanın şərəfinə adlandırılması və həmin təmtəraqlı mərasimdə gorbagor olmuş “dqr”in simvolu olan “bayrağın” dalğalandırılmasını  bəs hansı müsəlmanın vicdanına yazaq? Bizim də dindarımızın, Peyğəmbərini sevənlərin qibləsi həm də Qüdsdür axı... 

 _____________________________________9_.jpg (182 KB)

Yadınızdadır, çox da uzaq olmayan tarixdə Bakıda “Qarabağı və Qüdsü unutma” şüarları ilə aksiyalar da olardı. Bundan sui-istifadə etmək istəyənlər, Azərbaycanın dini kəsiminin yönünü başqa istiqamətlərə yönləndirmək istəyənlər də vardı. Hətta ermənilər Qarabağ savaşını dini savaş kimi təqdim etmək istəyirdilər. 

Azərbaycan öz torpaqlarını bəli, həm də inanclı şəhidlərinin, qazilərinin, Ali Baş Komandanın sayəsində işğaldan azad etdi. Allah qismət etsin ki, biz də günlərin birində azad Qüds üçün şükür edək... 

 

Nazim SABİROĞLU, 
Musavat. Com    

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR