İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ Atları" ilə, "Alman Maşını"nın 14 mart dueli: bizim 3 "İ" düsturumuz var...

1249 11.03.2024 21:19 Yazarlar A A

Qarabağ Azərbaycandır!

Bu şüarı, möhtəşəm zəfərimizlə nəticələnən 2-ci Qarabağ müharibəsi dövründə, cənab Ali Baş Komandanın dilindən dəfələrlə eşitmişik və qürurlanmışıq.

İşğal altındakı hər kənd, şəhər, rayon və qəsəbənin azad olunduğu elan edilən hər çıxışın sonu bu cümlə ilə bitirdi:

Qarabağ Azərbaycandır!

Müharibədən sonrakı 3 ildə, biz ərazi bütövlüyümüzü və həm də suverenliyimizi tam şəkildə bərpa edə bildik.

Ardıcıl xarici təzyiqlərə baxmayaraq, beynəlxalq arenada dövlət olaraq qətiyyətli duruş sərgiləməkdəyik və bizə aid olan və vətən adlandırdığımız 1 metr kvadrat ərazinin belə, yadların əlində qalmasına razı deyilik.

Müxtəlif beynəlxalq platformlarda, qarşı tərəfin cavabını verməklə qalmadıq, saxtakarlıqlarını ifşa etdik, yeri gələndə diplomatik və mədəni gücümüzü göstərdik.

Qarabağın Azərbaycana aid olmasını, tarixi Azərbaycan torpağı olmasını futbol meydançasında bütün Avropaya və dünyaya göstərən klubumuzun da eyni adı daşıması, ayrı bir xoşbəxtlikdir.

Digər məsələ, Qarabağ Futbol Klubunun, gələn il, bütün oyunlarını Ağdamda, öz stadionunda oynamasıyla bağlıdır.

Düzdür, artıq yeni stadionun tikintisinə başlanılıb, ancaq prosesi sürətləndirmək, bu ilin sonuna qədər stadionun tikintisini yekunlaşdırmaq lazımdır.

"Qarabağ"ın Avropadakı oyunlarını, elə Qarabağda, Ağdamda oynaması, güclü təbliğat vasitəsidir.

Nüfuzlu Avropa klublarının Qarabağa gəlməsi, Şuşada, Xankəndidə, Ağdamda yerləşməsi, mətbuat konfranslarının keçirilməsi, bu şəhərlərlə bağlı reportajlar və s. hazırlanması, Qarabağı beynəlxalq nəzərdə daha çox Azərbaycanlaşdıracaq.

Futbol, çox güclü təbliğat vasitələrindən biridir, biz bu vasitədən geniş istifadə etməliyik.

Cümə axşamı, ürəyimiz yenidən Qarabağ FK ilə döyünəcək. 14 martda "Qarabağ Atları" ilə, "Alman Maşını"nın növbəti dueli olacaq.

Alman maşınının neçə at gücü olmasından daha çox, bizim atlarımızın ortaya qoyacağı performans və əzm önəmlidir.

1/8 finala çıxmağın özü də Azərbaycan futbolu üçün böyük uğurdur, ancaq "Qarabağ"dan maksimum nəticə gözləntimiz var.

"Qarabağ", Bakıdakı oyunda 2-2-lik uğurlu nəticə əldə etməsi, Leverkuzendəki cavab görüşü üçün stadiona xeyli sayda azərbaycanlı azarkeşin gələcəyi böyük bir ehtimaldır.

“Qarabağ Azərbaycandır!” şüarını müharibə meydanından reallığa çevirən bir xalq olaraq, eyni dəstəyi bu gün stadionda doğma klubumuza göstərməliyik.

İnşallah, Leverkuzendəki oyunda da Azərbaycan bayraqlarıyla stadionda olacaq və "Qarabağ"ımızı səsimizlə və iştirakımızla dəstəkləyəcəyik.

Tək əksikliyimiz, Qarabağ FK-un formaları, şərfləri və digər atributlarıdır.

Mən inanıram ki, oyuna gələn xeyli azərbaycanlı azarkeş, bu forma və şərflərdən ala bilər və stadionda yaranacaq görüntünü gözəlləşdirəcək.

Ekranlarda sadəcə qara geyimli tərəfdarların deyil, "Qarabağ" formalı azarkeşlərin görünməsi, həm ruh yüksəkliyi yarada bilər, həm də azarkeşlərin yerini daha aydın şəkildə bəlli edər.

Braqada da, klub rəsmilərindən biriylə danışarkən, bu məsələni dedim, ancaq təəssüf ki, artıq şərf və forma olmadığını bildirdi.

Həmçinin, "Qarabağ" FK-nun vebsaytında onlayn forma satışı da, texniki xəta verdiyi üçün, alış qeyri-mümkündür.

Nəzərə alsaq ki, Leverkuzendəki oyunda, "Qarabağ"ı 5000-ə qədər türk və azərbaycanlı azarkeşin dəstəkləmə ehtimalı var, forma və şərf satışları, klub üçün kiçik də olsa, maddi dəstək olmuş olar.

Məhz buna görə də, Avropada yaşayan azərbaycanlılar üçün stadion önündə "Qarabağ" FK-un forma və şərflərinin satışını təşkilinin mümkünlüyü barədə "Qarabağ" FK-nun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə yazılı sual ünvanladım.

Anar bəy, cavabında bu məsələnin klub gündəmində olduğunu və forma satışının təşkilinin gözləndiyini və "Qarabağ" FK-nun rəsmi facebook hesabından bununla bağlı paylaşım olacağını bildirdi.

Bu çox gözəl xəbər oldu, odur ki, hazırlaşın, stadiona gələn hər tərəfdar bir biletlə yanaşı, bir forma alsa, Leverkuzen stadionunda möhtəşəm görüntü yaranacaq.

Matç ilə bağlı öz təxminimə gəlincə, olduqca nikbin və inamlıyam. Mən 3 "İ" (İstək, İnam və İradə) düsturuna inananlardanam.

Futbolçularımızda da bu düstur tam cəmləşsə, niyə bu turu da keçməyək ?!

"Qarabağ"ın bu oyunda da ən az 2 qol atacağına inanıram, əgər oyun bərabərliklə tamamlanaraq uzatma dəqiqələrinə getsə, 99-cu dəqiqədə qalibiyyət qolunu vuracağıq!

Matça 3 gündən az vaxt qalıb, dualarımız "Qarabağ"ladır.

Uğurlar "Qarabağ", zəfər sənə çox yaraşır, çünki sən Azərbaycansan! 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR