İnsanlara hürriyət, millətlərə istiqlal!

Qara yara təhlükəsi: yediyimiz ət yoxlanılırmı?

1163 02.08.2019 08:10 Gündəm A A

Eyyub Hüseynov: “Heyvanların identifikasiyası həyata keçirilməyincə problem qalacaq”; AQTA-dan da xəbərdarlıq gəldi...

Sabirabadda iki nəfərdə qara yara xəstəliyi aşkarlanıb, onlardan biri dünyasını dəyişib. Bu xəstəlik, xəstə heyvanın emalı zamanı yoluxan infeksiyadır. İnsandan insana keçmir. Bu xəstəlikdən 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə 7 nəfərdə qeydə alınıb. Onlardan heç biri dünyasını dəyişməyib.

Ekspertlər hesab edirlər xüsusilə ət kəsimi ilə məşğul olan insanlar, qəssabxanalar, dönərxanalar ciddi şəkildə yoxlanılmalı, onların lazımi qaydalara əməl edib-etməmələri araşdırılmalıdır.

Öncə qeyd edək ki, tibdə daha çox “Sibir xorası” adı ilə məşhur olan bu xəstəliyin mənşəyi lap uzaq əsrlərə gedib çıxır. Xəstəliyi “Bacillus antharis” adlı sporlu bakteriya yayır. Əsasən xəstə heyvanlarla təmas zamanı, eyni zamanda onların yarıbişmiş və ya çiy ətindən, südündən emal olunmuş süd və süd məhsullarından da yoluxur. 1945-ci ildə İranda bu xəstəlikdən 1 milyon qoyun, ABŞ-da isə 1944-1994-cü illərdə 224 insan ölümü qeydə alınıb. Ən böyük epidemiya isə 1979-1985-ci illərdə Zimbabvedə baş verib. Bu epidemiya 10.000-dən artıq insanın həyatına son qoyub. Xəstəliyin ən çox yayılmış forması dəri yarasıdır. Bu, 95 faiz təşkil edir.

“Sibir xorası” xəstəliyinin törədicisinin sporları ətraf mühitə qarşı çox davamlıdır. Xəstəliyin sporları on illər boyu öz yoluxdurma qabiliyyətini qoruya bilir. Sporlar 55 dərəcə temperaturda 40, 60 dərəcədə isə 14 dəqiqə qaynadıldıqda öz təsirini itirə bilir. Xəstəlik insana infeksiyalı heyvanlardan əksər hallarda dəridən, bəzi hallarda isə həzm sistemi və tənəffüs sistemindən keçir.

Ekspertlər bildirirlər ki, infeksiyanın insandan insana keçməsi normal şəraitdə mümkün deyil. Bunun üçün də xəstəlikdən qorunmağın ən yaxşı yolu xəstə heyvanların ətinə toxunmamaq, baytar nəzarəti olmayan yerlərdən ət almamaq, əti çiy yeməmək və yarıbişmiş yeməkdən qaçmaqdır. “Sibir xorası” xəstəliyindən ölən insanları və heyvanları uyğun bir şəkildə basdırmaq və ya yandırmaq yayılmanın qarşısını alır. Xəstəlikdən ölən heyvanların bütün təbii dəlikləri (ağız, burun, anus) tamponlanaraq, 2 metr dərinliyində çuxura atılır və üzərinə dezinfeksiyaedici maddə (əhəng və.s) tökülür, sonra torpaqlanır.

Bu gün bir sıra işbazlar ölmüş heyvanın ətini kolbasa sexinə, ət bazarına verib, pul qazanırlar. Eyni zamanda indiyə qədər dönərxanalara da bu cür ətlərin verilməsi faktı ortaya çıxıb. Ona görə də ekspertlər bu cür ət məhsullarını və eyni zamanda süd məhsullarını alan zaman əhalini diqqətli olmağa çağırır.

eyyub hüseynov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan ekspert Eyyub Hüseynov bildirib ki, heyvanların identifikasiyası həyata keçirilməyincə, bu problem yaşanacaq: “İdendifikasiya o deməkdir ki, heyvan doğulan kimi baytarlıq xidməti tərəfindən bütün məlumatlar hazırlanır. Yəni hansı xəstəliklər keçirib, doğulan zaman temperaturu nə qədər olub və digər bu kimi məsələlər heyvanın qulağına ”birka" şəklində vurulur. Həmin qeydlərin nömrəsi olur və kompüter sistemində yerləşdirilir. Heyvan kəsilənə qədər bu məlumatlar saxlanılır. Azərbaycanda isə bu cür işlər 1 faizdən yuxarı deyil. Belə vəziyyətdə heyvanların böyüdülməsi sonra xəstəliklərin yayılmasına gətirib çıxarır. Söhbət təkcə qara yaradan getmir. İnsanlar isə bu cür xəstəliklərin qurbanına çevrilir. Dünyada insan xəstəliklərinin təxminən 90 faizi heyvanlardan keçir. Ona görə də deyirlər ki, həkimlər insanları, baytarlar isə bəşəriyyəti müalicə edir. Baytarlar ciddi iş aparmalıdırlar ki, bu cür xəstəliklər ölkədə yox olsun".

qarayara təhlükəsi ile ilgili görsel sonucu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Yeni Müsavat”a bildirilib ki,  Azərbaycan Respublikası Prezidentinin “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” 11 iyun 2018-ci il tarixli 199 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən, Agentlik tərəfindən Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü və 8-ci maddələrinin tələblərindən irəli gələrək, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində tədbirlər görülür: “Qida Təhlükəsizliyi Agentliyi qanunsuz heyvan kəsimi və ət satışı fəaliyyətinin qarşısının alınması üçün qanunla müəyyən olunmuş qaydada ciddi tədbirlər həyata keçirir.  Bu istiqamətdə indiyədək respublika üzrə bir sıra qanunsuz heyvan kəsimi və satışı məntəqələrində yerli icra hakimiyyəti orqanları ilə birlikdə reydlər keçirilib. Bu zaman qanunsuz heyvan kəsimi və satışı məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb, bəzi kəsim məntəqələrinin fəaliyyəti məhdudlaşdırılıb”.

Bildirilib ki, agentlik bu sahədə yalnız nəzarət və tənzimləmə funksiyasını həyata keçirir: “Yerlərdə icranı isə digər yerli icra orqanları həyata keçirir. Eyni zamanda əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədilə həyata keçirilən monitorinqlərdə heyvan kəsimi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qanunvericiliyin tələbləri ilə yanaşı, mərkəzləşdirilmiş heyvan kəsimi məntəqələrinin fəaliyyəti ilə bağlı geniş məlumatlar verilib, maarifləndirici materiallar paylanılıb”.

Həmçinin agentlik heyvan kəsimi sahəsində mövcud tələblərə uyğun fəaliyyət göstərmək istəyən sahibkarları müasir ət kəsimi məntəqələrinin yaradılmasında işitirak etməyə dəvət edir. Agentlik onlara lazım olan köməkliklər göstərib, metodiki xarakterli peşəkar yardım edəcək: “Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması üçün bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır”.

Əli RAİS,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR