İnsanlara hürriyət, millətlərə istiqlal!

Qara paltarlı kişilər

1828 17.06.2014 14:13 Yazarlar A A
Bu yazını oxuyanda bəlkə də deyəcəksiniz: “Əşi, o qədər problemlərimiz var. Onlardan yazın. İşiniz-gücünüz yoxdur deyəsən. Amma məsələ heç də elə deyil. 

Uzun zamandır ki, bu mövzu beynimdə fırlanırdı. Mənim üçün çox maraqlı idi. İnsanlar nə üçün qara rəngə üstünlük verir? Bu fikrin məndə yaranma səbəbinə gəlim. Bir dəfə Rusiya kanallarından birində Bakı haqqında veriliş hazırlanmışdı. Bakının müxtəlif yerlərini gəzən müxbir, Bakı haqqındakı təəssüratlarını bölüşürdü. Sözlərindən birində deyirdi: “Anlamadığım bir şey var. İnsanların böyük hissəsi qara rəngdə geyinir. Fərqliliyi sevmirlər. Görünən odur ki, günü-gündən müasirləşən Bakının sakinləri, bu inkişafa ayaq uydura bilmirlər”. Bu söz mənim çox xətrimə dəymişdi. Necə yəni? Sən indi deyirsən ki, bizim camaat geridə qalıb? Utanmaz. Görmürsən bizim müasir gəncliyimizi? Saçlarını “çeçenka” edib, təsbehlə gəzən yaraşıqlı oğlanlarımızı, “FBİ” papaqları taxıb gəzən gözəl qızlarımızı, maşınlarında yüksək səslə musiqiyə qulaq asan gəncliyimizi, görmürsən? Əsl müasir gənclərimizi görməsi üçün həmin müxbiri “Malakan bağı”na aparmaq lazım idi. Bəlkə də gedib görüb. Amma paxıllığından elə deyir. Çünki həmin şəxs sarı qüvvələrin adamıdır. Bizi sarılayır. Ya da düz deyir. 

Düz və ya yalan olmasını öyrənmək üçün bir az araşdırdım. Daha doğrusu bir az dolaşıb, hava almaq üçün şəhərə çıxdım. Çünki bu belə hər şeyi görmək üçün kifayət edirdi. Ətrafa diqqətlə baxmağa başladım. İnsanların böyük hissəsi qara rəngli geyimlərə üstünlük verir. Əsasən də kişi cinsinin nümayəndələri. Xanımları bəlkə də anlamaq olar. Yedikləri yeməklərin artıqlarını gizlətmək üçün qara rəngli geyimlərə üstünlük verirlər. Çünki qara rəng insanı olduğundan daha incə göstərir. Həmin xanımlara məsləhət görərdim ki, qara rəngin altında gizlənmək əvəzinə bir az pəhriz saxlasınlar və istədikləri geyimləri rahat şəkildə geyinsinlər. Mən onları rəngli geyimlərdə görməyə üstünlük verərdim. Çünki bu onlara daha çox yaraşır.

Keçək kişi cinsinin nümayəndələrinə. Eyni səbəb onlar üçün keçərli deyil. Çünki kişilərimizin artıq ətlə bağlı problemləri yoxdur. Daha doğrusu artıq ətlərini gizlətmək problemləri yoxdur. Çünki nədənsə dar köynəklər geyinərək piyli bədənlərini daha da qabartmağı sevirlər. Mən də idmançı deyiləm. Mükəmməl bədən vücuduna malik də deyiləm. Amma məni heç bir qüvvə dar köynək geyindirə bilməz. 

Kişilərin qara rəngli geyimləri sevməsinin bir neçə səbəbi var.

İlk olaraq kir məsələsi. Daha dəqiq deyim. Əgər üzərimdə olan geyimin rəngi qaradırsa onun üzərinə düşən ləkəni, kiri daha yaxşı gizlətmək olur. Əsasən tərləmə zamanı yaranan köynəklərin boğaz kiri də hiss edilmir. 10-15 gün geyinə bilərsən. Əgər öz bədənindən və geyimindən gələn üfunət qoxusuna alışa bilsən...

İkinci psixoloji məsələdir. Öncə qara rəngdə geyinərək gizlənirlər. Fərqlənmək istəmirlər. Getdikcə isə o rəngə alışırlar. Və düşünürlər ki, başqa rənglər onlara yaraşmaz. Ya ağ rəngli paltarlar geyinirlər, ya da qara. Digər rənglərə düşmən gözü ilə baxırlar. 

Üçüncü məsələ ətraf mühitlə bağlıdır yəqin ki. Ətrafındakı insanların təsiri altına düşürlər. Onların təkidi ilə geyim seçirlər. Nə vaxtsa bunu dəyişmək qərarına da gəlirlər. Amma dostların, tanışların, qonşuların ona edəcəkləri təzyiqlərdən qorxurlar. Ona deyilən sözlər təxminən belə olur: “Ə, bu nədi geyinmisən? “Gey”sən? Kişi ol ala. Get əyninə kişi kimi paltar geyin”. Amma anlamırlar ki, dünyada tək rəng qara deyil. Fərqli bir rəngdə geyimdən istifadə edən şəxsin onlardan heç bir fərqi yoxdur. Hətta daha da üstündür. 

Dördüncü və əsas məsələ. Kişilik. Qara rəngdə geyimlərdən istifadə etməklə öz kişilik eqolarını təmin edir guya. Hətta “kişi qara rəngdə geyinər” kimi sözlər deyənlər də var. Sanki qara rəngdə geyinməyənlər kişi deyil. Bu kimi ifadələr eşidəndə gülməyim gəlir. Həmin insanlara həm də ürəyim ağrıyır. Yayın bu istisində qara rəngli köynəklər geyinirlər. İstidən nəfəsləri kəsilir. Tər içində boğulurlar az qala. Sonra da ictimai nəqliyyatdan istifadə edirlər. Bu zaman isə özümüzə acıyıram. 

Beşinci səbəb olaraq onu da göstərmək olar ki, bəlkə qara gündə yaşadığımız üçün belə geyinirlər. Demək istəyirlər ki: “Ey camaat. Halımız qaradır. Günümüz qaradır. Yaşam tərzimiz qaradır. Ölkəmizin başını qara buludlar alıb. Ruhumuz ölüb, özümüz sağıq. Biz də qara rəng geyinərək bunun yasını tuturuq”. 

Amma Azərbaycanda qara geyimin dəbə minməsində Türkiyə seriallarının böyük rolu oldu. Polat Alemdar, onun dostları, hətta düşmənləri əsasən qara paltar geyirdilər. Serialların, filmlərin real həyata təsiri həmişə böyük olub... 

Birdə ki, geyimimiz qara olsa da, günümüz ağ olsun. Əsas budur.  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR