İnsanlara hürriyət, millətlərə istiqlal!

Qanlı faciəni önləməyə çalışan rabitəçinin dəhşətli açıqlamaları: “Yalvardıq ki, Xankəndini vurun...” - VİDEO

4752 26.02.2017 16:17 Reportaj A A

Bu gün Azərbaycanın tarixi düşməni olan Ermənistan ordusunun Rusiyanın 366-cı motoatıcı alayı ilə birlikdə Xocalı şəhərinə hücum edib, dünyanın ən dəhşətli cinayəti biri törətməsindən 25 il keçir. Hər ilin bu gün Xocalı qurbanları, orada şəhid olan, həyatını itirən yüzlərlə insan kədərlə yad edilir. Ancaq yad edilməklərini gözləyən, diri olsalar da ruhlarını Xocalıda dəfn edən yüzlərlə Xocalı sakini var. O qara gecədən sağ çıxan insanlar...


Musavat.com-un müxbiri Novxanı qəsəbəsində, köhnə əlvan metallurgiya zavodunun binasında məskunlaşan bu insanların ağrı-acılı xatirələrini dinləyib. 


Soraqlaşıb, Xocalı qaçqınlarının yaşadıqları evləri tapır, onların 25 il öncəki, 26 fevral gecəsində yaşadıqları dəhşətləri dinlədik. Hiss-həyəcansız danışa bilməyən bu insanların gözündən axan yaşlar qəlbimizi göynətsə də, bu söhbətimiz onlara nə qədər çətin olsa da, tarix üçün bu xatirələri diktofonun yaddaşına köçürməyə çalışdıq.


Müsahiblərimizdən biri o zaman Xocalıda rabitəçi işləyən Asəf Fərzəliyevdir.


O bizə Xocalını necə xilas etmək cəhdlərindən danışır: “O vaxt mən rabitədə işləyirdim. Fevralın 25-də saat 11 radələrində işə gəldim. Rabitə qovşağının rəisi Cavid Əliyev də, digər işçilər də orada idi. Artıq nə baş verəcəyini hər kəs təxmin edirdi. Cavid Əliyev Şuşa ilə əlaqə saxladı, ratsiya vasitəsilə efirə girdi, onlardan yardım istədi. Daha sonra Ağdamla əlaqə saxlayıb, bu gün Xocalıya hərbi dəstək göndərmələrini xahiş etdi. Ancaq heç yerdən dəstək gəlmədi. O zaman heç yerdə işıq yox idi. Yeganə generator Rabitə qovşağında idi. Oradan da Xocalı aeroportuna işıq çəkmişdik. Nə qədər danışıqlar getsə də, heç bir yerdən müsbət cavab verilmədi. Bakı ilə əlaqə saxlaya bilmədik. Rəhim Qazıyevlə o zaman əlaqə saxladıq. Yalvardıq ki, heç olmasa Xankəndi aeroportunu vurun ki, buraya gələn qoşun geri qayıtsın. Lakin bunların heç birini etmədilər. Rəhim Qazıyev buna razı olmadı. Ondan sonra Cavid Əliyev rabitəni dayandırdı. Generatoru söndürdü, rabitədən çıxdı. Demək olar ki, son anda çıxdı. Qovşağın yaxınlığında dördyol var idi. O yolu keçəndən bir dəqiqə sonra ermənilər oranı atəşə tutdular, yol bağlandı.


Yeganə ümid hava limanına idi...


Asəf Fərzəliyev deyir ki, insanlar vertolyotlar vasitəsilə xilas olmağa çalışırdılar: “O zaman Milli Qəhrəman Əlif Hacıyev hava limanında çalışan qardaşım Canan Fərzəliyev öz canları bahasına insanları xilas etməyə çalışarkən şəhid oldular. Qardaşımla Əlif Hacıyev bir yerdə işləyirdilər. Əlif çox gözəl insan idi, əvvəlcə sahə müvəkkili işləyirdi. Sonradan Xocalı Hava Limanına rəis təyin etdilər. Çox cəsur insan idi. Xankəndində ermənilər mitinqlər keçirən vaxtı özünü rus jurnalist kimi təqdim edib onların içinə girirdi, müsahibələr alırdı. Xocalıda yeganə videokamera Əlifdə idi. Sonra gətirib Şuşa telestudiyasından yayımlayırdı. Ermənilər də məəttəl qalırdı ki, bunu kim çəkib. Ermənilər onun başına pul qoymuşdular. Əlif Hacıyev istəsə kənddən çıxa bilərdi, ancaq insanlara kömək etdi və bu uğurda həyatını itirdi. Onun bütün həyatı meşədə keçmişdi, yolu yaxşı tanıyırdı, insanları xilas etməyə çalışırdı. Qardaşım Canan Fərzəliyev də onunla birgə insanları xilas edərkən şəhid oldu. İnsanlara yardım edərkən ayağından yaralanmışdı, sonra da qaça bilməmişdi. Meşədə ermənilər yaxalayıb başından güllə ilə vurmuşdular. Bir aydan sonra, martın 20-də meyitini ala bildik. Bir gün sonra Əlibayramlıda dəfn etdik”.


Sağ qalmaq alın yazısı idi...


Müsahibimin sözlərinə görə, onların həmin qanlı gecədə sağ qalması sadəcə təsadüf və ya şans olub: “Biz də gecə ilə ailəmizi götürüb meşəyə tərəf qaçdıq. Meşədə sanki qiyamət mənzərəsi var idi. Ayağını haraya atırdınsa qan idi. Meyitlər hər addım başı ayağına toxunurdu, qız , gəlin, uşaq, qoca... Çoxu soyuqdan donmuşdu. Bir yanda balasını qucaqlamış vəziyyətdə donan ana, bir yanda körpə cəsədi... Dəhşətli gecə idi. Bizi yalnız Allah xilas etdi. Çünki güllə yağışı altında kiminsə sağ qalması yalnız şans idi. Bizi BTR-in qabağına qatıb qovurdular, insanları sanki biçirdilər. Orada sağ qalmaq bir qəhrəmanlıq deyildi, sadəcə alın yazısı idi”.


Asəf Fərzəliyev deyir ki, hətta o faciədən sonra da Xocalıya qayıtmaq ümidləri var imiş: “Ətraf rayonlar alındıqca hiss edirdik ki, bir gün növbə bizə də çatacaq. Ancaq inanmırdıq ki, belə bir hadisə ola bilər. Ümid edirdik ki, Bakıdan kömək gələcək. Hətta Ağdama gələndən sonra da inanırdıq ki, iki-üç gündən sonra geri qayıda biləcəyik. Ağdamlılar bizi yaxşı qarşıladı, çörək verdilər, paltar verdilər, evlərində qonaq etdilər. Məncə torpaqların alınmasını gözləmək lazım deyil. Bütün qaçqınları Qarabağ bölgəsinə, Ağdama , Quzanlıya köçürmək lazımdır. Gedək orada yaşayaq. Torpağımıza, düşmənin əlindəki yurdumuza bir addım yaxın olaq. O havanı udaq, suyundan içək ki, ürəyimiz toxtasın. Torpaq da nə vaxt alınsa , oradan- oyana keçərik. Torpaqlarımız hissə-hissə də olsa alınır. Insanlar torpağına köçür, ölənlərinin qəbrini ziyarət edir, təsəlli tapırlar”.


“Rəssam olsam evimizi elə gözəl çəkərdim...”


Növbəti müsahibimiz 6 yaşından Xocalıdan çıxan, uşaqlıq xatirələrindən qan daman Gülnar Mahmudovadır: “Mənim 6 yaşım var idi, hər şey yadımdadır. Evimiz iki otaq idi, qapımız da taxtadan idi yaşıl rəngdə... Həyətimizdə hovuz var idi, alma bağımız var idi. Hamısı yadımdadır. Rəssam olsam evimizi çox gözəl çəkərdim. Hər gün atışma olurdu. Ancaq inanmırdıq ki, evimizdən çıxarıq. Anam rayonun mərkəzində tankda gedib gəlirdi. Avtobusa minmək mümkün deyildi. Atam avtobusla gələrkən güllə-borana tutulmuşdular, əlindən və ayağından yaralanmışdı. İndi birinci qrup əlildir. Biz fevralın 24-də Xocalıdan çıxmışıq. Anam bizi lampa işığında geyindirirdi. Atam o zaman Bakıda müalicədə idi. Gülləni necə atdılarsa, gəlib lampanın şüşəsini sındırdı. Daha orada qala bilməzdik... Çıxıb Kosalar kəndinə, sonra da Şuşaya gəldik”.


Aytəkin Quliyeva isə danışır ki, Xocalının Meşəli kəndindəki atışmada 12 qohumunu itirib: “Əmimgilin evlərini mühasirəyə alıb yandırmışdılar, ailəsi də içəridə yazmışdılar. Onların külünü yığıb gətirdilər, dəfn etdilər. Çox zülmlər çəkmişik. O zülmü nəinki azərbaycanlılara, heç erməniyə də arzulamıram. Ağdama bir maşın meyit gətirmişdilər. Maşından qan axırdı... İndi yeyirik, içirik, yatırıq. Ancaq elə bilirik ki, göyün üzündəyik, ya dənizin ortasındayıq. Yer bizə yovuşmur. Elə bilirik ki, ruhumuz da orada qalıb. Burada mənə hər şey pis gəlir, deyirəm ki, yox mən burada yaşamamalıyam. Güllü meşələrimiz, sərin bulaqlarımız, yaşıl yaylaqlarımız ermənilərdə qaldı. O torpaqlar alınsa, dizin-dizin , sürünə-sürünə o torpaqlara qayıdarıq. O cığırlar yadıma düşür, ürəyim göynəyir”.

Nərgiz LİFTİYEVA, 

Musavat.com
Fotolar müəllifindir

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR