Qazaxıstanda baş verən son oylardan sonra bu hadisələrin Azərbaycanda da təkrarlanması arzusunda olan bəzi anti-qüvvələr meydana çıxıb. Onların sosial şəbəkələrdə apardıqları kampaniyalar ictimaiyyətin tam əksəriyyəti tərəfindən qəbul edilmir, bu cür olayların ölkəmizdə yaşanmasının mənfi təsirlərinin daha çox olacağını dilə gətirənlərin sayı çoxalmaqdadır.
Xüsusilə, Rusiya başda olmaqla KTMT qüvvələrinin Qazaxıstana daxil olması və qazax xalqına atəş açmasından sonra bunun yolverilməz olduğu barədə mövqelər artmaqdadır. Gedən müzakirələrdə tarixə ekskurs edilir, bu cür hadisələr, qanlı toqquşmalar üzərindən iqtidara gələnlərin az sonra inqilabın qurbanına çevrildiyi, hətta öldürüldüyü, qətlə yetirildiyi, iqtidardan devrildiyi, yaxşı halda həbsə düşdüyü, ən yaxşı halda isə ölkəsindən didərgin salındığı qeyd olunur.
Nümunə olaraq da, Gürcüstanın keçmiş prezidenti Zviad Qamsaxurdiya, mərhum dövlət başçımız Əbülfəz Elçibəy, Misirin sabiq prezidenti Məhəmməd Mursi, hazırda Gürcüstanda məhkəməsi gedən keçmiş rəhbər Mixail Saakaşvili, Ənvər Sadatın qətlindən sonra iqtidarı ələ keçirən misirli Hüsnü Mübarək, inqilab yolu ilə hakimiyyətə gəlib elə bu yolla da devrilərək öldürülən Liviyanın keçmiş rəhbəri Muəmmər Qəddafi, ölkəsini tərk etməyə məcbur qalan Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç, Qırğızıstanda iqtidarı təhvil verəndən sonra ən müxtəlif təzyiqlərə məruz qalan, həbs edilən, bir çox cinayətlərdə ittiham edilən Almazbek Atambayev və s. kimi isimlərin adı çəkilir.

Kənan Rövşənoğlu: “Ölkəsini sevən, onun xoşbəxtliyini istəyən heç kim inqilab arzulamır”
Siyasi yazar Kənan Rövşənoğlu heç bir inqilabın dərhal xoşbəxtlik gətirmədiyini söylədi: “İnqilab, belə demək mümkündürsə, bütün sivil vasitələrin işləmədiyi təqdirdə işə düşən sonuncu və qanlı vasitədir. Düzdür, bütün tarix boyu inqilablar qanlı olub, amma 21-ci əsrin son 10 ilində baş verən ərəb inqilabları daha dəhşətli nəticələr verdi. Böyük Fransa burjua inqilabı və ya bolşevik inqilabından bu yana böyük inqilabi hadisələr zamanı çox zaman qanlı hadisələr baş verib. Heç bir inqilab dərhal müsbət dəyişiklik, xoşbəxtlik gətirmir. Əlbəttə, ölkəsini sevən, onun xoşbəxtliyini istəyən heç kim inqilab arzulamır. Amma bütün digər vasitələr işləməyəndə sonuncu ”siyasi silah" olan inqilab işə düşür. Leninin nəzəriyyəsi ilə desək, “yuxarılar” əvvəlki kimi idarə edə bilməyəndə, “aşağılar” əvvəlki kimi yaşamaq istəməyəndə inqilab baş verir. Yuxarıda da qeyd etdiyim kimi, inqilab siyasi proseslərin son çarəsi və ya yoludur. Onun xaosa dönüşməsi isə an məsələsidir. Məsələn, düz bir il əvvəl dünyanın ən qüdrətli və oturuşmuş demokratiyası olan ABŞ-da bir qrup etirazçı Kapitoli binasını ələ keçirdi. Yəni istənilən an, istənilən yerdə etiraz aksiyasının kütləvi zorakılığa çevrilməsi an məsələsidir. Bütün bunları nəzərə alanda əlbəttə, inqilab və xaos arzuolunmaz yoldur, heç bir ağıllı insan ona getməz. Buna görə də siyasi qüvvələr, hakimiyyətlər siyasi proseslərdə şəffaflıq və çoxpartiyalılıq, parlament müxtəlifliyi kimi ənənəvi siyasi münasibətlərə üstünlük verməli, xaos və inqilab ssenarilərinə əsas verməməlidir. Çünki bu cür xaotik inqilablar dövlətləri içəridən laxladır, onları zəiflədir".
![]()
Azər Hüseynov: “Sivil müxalif düşüncə ölkəni bərbad etməz”
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Azərbaycanda iqtidar və müxalifətin üzərinə düşən vəzifələrdən söz açdı: “Birincisi, sivil aksiyalar artıq idarə edilən xaosa çevrilirsə, bu özü bir faciədir. Çünki sivil müxalif düşüncə ölkəni bərbad etməz. Təbii ki, bunun üçün problemlər üzərində manipulyasiya etməyən sağlam tənqid edən və işlək təklif verən milli müxalifətə şərait formalaşdırmaq lazımdır. Digər tərəfdən sağlam və şəffaf, hamının əlçatan olduğu iqtisadiyyat lazımdır. Sivil etirazın iğtişaşa çevrilməsi ancaq Vətənin əmin-aman olmasını istəməyənlərə lazımdır. Azərbaycanda bu təhlükənin qarşısının alınması üçün iqtidarın da, müxalifətin də üzərinə ciddi iş düşür. İqtidar köklü islahatlar etməli, plüralizm mühiti daha da inkişaf etməli, sosial durumu yaxşılaşdırmalıdır. Müxalifət də öz növbəsində sağlam tənqid etməli, işlək təklif verməli, kütləsinə ideoloji əxlaq vahidliyi verməli ki, xarici qüvvələr onlarla manipulyasiya etməsin”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”






