İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalmaqallı səfirin təmsil etdiyi İslam Əməkdaşlıq Təşkilatı haqqında nə bilirik...

6160 09.06.2015 08:45 Gündəm A A

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa Birliyindəki missiyasına rəhbərlik edən Arif Məmmədovun Bakıda baş verən yanğınla bağlı facebook statusu səfirin özü ilə yanaşı, XİN üçün böyük bir problemə çevrilib. Mətbuatda bir neçə XİN əməkdaşının məhz A.Məmmədovun statusunu “bəyəndiyi” üçün işdən qovulduğu bildirilir.

Arif Məmmədov isə hazırda Belçikada fəaliyyətini davam etdirir. Hətta özünün yazdığına görə, Belçika hökuməti ona mühafizə ayırıb. Ancaq maraqlıdır ki, A.Məmmədovun statusunu “bəyənənlərin” cəzalandırılması haqda xəbərlər yayılsa da, səfirin özünə qarşı hələlik hər hansı addım atılmayıb. Çünki məsələ burasındadır ki, uzun illər XİN-də çalışsa da və fövqəladə və səlahiyyətli səfir rütbəsinə malik olsa da, hazırda faktiki olaraq XİN ştatında deyil. Beynəlxalq təşkilatların strukturuna uyğun olaraq məhz Azərbaycan hökuməti tərəfindən İƏT-in AB-dəki səfiri vəzifəsinə göndərilib. Onu da əlavə edək ki, İƏT diplomatik korpusunda bir neçə azərbaycanlı diplomat fəaliyyət göstərir.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı (2011-ci il iyunun 28-dək İslam Konfransı Təşkilatı) 1969-cu il sentyabrın 22-dən 25-dək Mərakeşin paytaxtı Rabatda keçirilən müsəlman ölkələri dövlət və hökumət başçılarının konfransında təsis olunub. Təsis konfransında 25 ölkə və Fələstin Azadlıq Təşkilatı (FAT) iştirak edib. Ancaq sonradan qurum genişlənib və hazırda 57 üzv ölkəsi var. BMT-dən sonra ən çox dövlətin birləşdiyi böyük bir təşkilatdır. İslam Konfransı Təşkilatı BMT  ilə sıx əməkdaşlıq edir və təşkilat 1975-ci ildə BMT yanında müşahidəçi statusu alıb. 


Adından da göründüyü kimi, İƏT müsəlman ölkələrin birliyidir. Müsəlman dövlətləri bu təşkilatda dövlət və hökumət başçıları səviyyəsində təmsil olunurlar. İƏT əsas işçi orqanı olan Baş katiblik 1971-ci ildən fəaliyyət göstərir. İƏT Baş katibliyin iqamətgahı Qüds İsrail işğalından azad edilənədək müvəqqəti olaraq Ciddədə (Səudiyyə Ərəbistanı) yerləşir. İƏT-in (keçmiş İKT) nizamnaməsinə əsasən təşkilatın əsas funksiyaları aşağıdakılardır:

1) İslam ölkələri arasında birliyin gücləndirilməsi, çoxşaxəli əlaqələrin inkişafı, bütün islam xalqlarının azadlıq və milli hüquqlarının qorunmasını dəstəkləmək;

2) İslamda müqəddəs sayılan məkanların qorunmasının, eləcə də Fələstin xalqının öz hüquqları və işğal olunmuş torpaqlarının azad olunması uğrunda apardığı mübarizənin əlaqələndirilməsi;

3) müstəmləkəçiliyin bütün növlərinin və milli ayrı-seçkiliyin aradan qaldırılması, İKT üzvləri arasında və digər dövlətlərlə əməkdaşlıq üçün şərait yaradılması, beynəlxalq təhlükəsizliyin və sülhün qorunması istiqamətində iş aparmaq.

Nizamnaməyə əsasən üzv-dövlətlər bərabərhüquqlu olaraq başqa üzv-dövlətin müstəqilliyinə və ərazi toxunulmazlığına hörmət etməli, digər üzv-dövlətin daxili işlərinə qarışmamalı, üzv-dövlətlər arasında yaranan hər hansı bir mübahisənin sülh yolu, danışıqlarla nizama salınması, üzv-dövlətlərdən birinin ərazisinə, siyasi müstəqilliyinə və ya onların birliyinə qarşı yönələn hər hansı hərəkətdən çəkinməlidirlər.


İƏT-in 1972-ci ildə qəbul olunmuş əsasnaməsinə əsasən, onun strukturuna 3 mərkəzi orqan daxildir: dövlət və hökumət başçılarının konfransı, xarici işlər nazirlərinin konfransı, katiblik.

İƏT-in əsas orqanı dövlət və hökumət başçılarının üç ildən bır keçirilən konfransı hesab olunur. Bundan başqa, təşkilatın siyasi orqanı xarici işlər nazirlərinin konfransı hesab olunur. Əsas toplantılar arasındakı dövrdə xarici işlər nazirlərinin toplantıları keçirilir və bu zaman qərarların qəbulu, onların icrasına, həyata keçməsinə nəzarət, maliyyə komissiyasının hesabatını müzakirə etmək, baş katib və onun müavinlərinin təyin edilməsi həyata keçirilir.
İƏT bir sıra iri layihələrin, o cümlədən İslam İnkişaf Bankının yaradılmasını həyata keçirib. Bundan başqa, İƏT ümumi müsəlman bazarı ideyası və modelinin, “İslam iqtisadi üsulu” layihəsini irəli sürüb. İslam İnkişaf Bankı İƏT-in əsas maliyyə strukturu olaraq əsas vəzifəsi üzv-dövlətlər arasında sosial-iqtisadi əməkdaşlığı möhkəmləndirmək, üzv-dövlətlərin istehsal layihələrinin maliyyələşdirilməsi, xarici ticarətin inkişafına kömək göstərməkdir.

İƏT-in daha bir qurumu Beynəlxalq İslam Məhkəməsi Şəriət qaydaları və İKT nizamnaməsi əsasında fəaliyyət göstərir. Məhkəməyə 7 hakim daxildir. Onlar xarici işlər nazirlərinin konfransında üzv-dövlətlərin təklif etdikləri və tələblərə uyğun namizədlərdən 4 il müddətinə seçilirlər.


İƏT-ə üzv dövlətlər üçün bir sıra meyarlar var. Bunlardan ən mühüm 3 göstərici var. Ölkə əhalisinin əksəriyyəti müsəlman olmalıdır, konstitusiya dövləti islam dövləti kimi qiymətləndirilməlidir (bu bənd bir çox ölkələrə tətbiq olunmur), dövlət başçısı müsəlman olmalıdır.

Bu meyarlar 1982-ci ildə son dəfə təkmilləşdirilmişdir.  Üzv-dövlətlərin 2/3 - sinin razılığı olduğu andan həmin dövlətin təşkilatın üzvü olması barədə qərar qüvvəyə minir. Təşkilat həmin dövlət üçün illik xərci nəzərdən keçirir. Keçmiş sovet respublikalarından ilk olaraq Azərbaycan 1991-ci ildə İƏT-in üzvü olub. Hazırda İƏT-in baş katibi Səudiyyə Ərəbistanından olan İyad Mədənidir. 

İƏT dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat verib, Ermənistanın təcavüzünü pisləyən qətnamə qəbul edib. Hazırda təşkilat beynəlxalq toplantılarda Azərbaycana böyük dəstək verir.

Səfir Arif Məmmədovun “üsyançı” çıxışından sonra cəzalandırılması üçün yəqin ki, rəsmi Bakı İƏT katibliyi qarşısında məsələ qaldırıb diplomatın geri çağırılmasını tələb edəcək. Ancaq aydın məsələdir ki, bu uzun bir proses olduğu üçün müəyyən zaman tələb edəcək. 

KƏNAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR